Məhkəmə qərarları › İş №2-1(112)-11140/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11140/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11140/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Alekseyeviçin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Alekseyeviçin iştirakı ilə, İddiaçı Alekseyeviçin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Alekseyeviç cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınmaqla, şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 iyun 1987-ci il tarixdə anadan olmuşdur. ünvan 1. X5 Barışev, Azərbaycan vətəndaşı olaraq 19 avqust 1957-ci ildə anadan olmuşdur, Bakı şəhərində daimi yaşamışdır. Anası X4, Azərbaycan vətəndaşı xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Yeddi yaşında 2003-cü ildə bitirdiyi inkişaf qüsurlu uşaqlar üçün 68 nömrəli yardımçı korreksiya məktəbinə daxil olmuşdur. Həmin il bu məktəbin digər uşaqları ilə birlikdə 3 saylı Bakı Peşə Məktəbinə qəbul olunmuş və 2005-ci ildə dülgər - inşaatçı ixtisası alaraq təhsilini başa vurmuşdur. 2011-ci ildə atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Anası ruhi xəstəlikdən əziyyət çəkən xəstə əlil qadındır. O, hazırda ruhi xəstəxanadadır. Beləliklə, özü kiçik yaşlarından çörək pulu qazanmalı idi. Yuxarıda göstərilən hallar ona gətirib çıxarmışdır ki, şəxsiyyət vəsiqəsini vaxtında ala bilməmiş və bu, həyatına ağrılı təsir göstərir, xüsusən də pandemiya zamanı şəxsiyyət vəsiqəsinin olmaması peyvəndin qarşısını alır, onsuz isə bu mümkün deyil, iş tapmaq üçün və məhz buna görə əvvəllər "Covid-19" koronavirusuna yoluxmuş və kifayət qədər ağır xəstələnmişdir. Bundan əlavə, o başqa xəstəliklərdən də əziyyət çəkir ki, onların da müalicəsini şəxsiyyət vəsiqəsi olmadan aparmaq mümkün deyil. Ən əsası isə o, heç vaxt Azərbaycan Respublikasının sərhədlərini tərk etməmiş və belə bir şəraitdə sərhədi keçə bilməzdi. Buna görə də, ondan asılı olmayan şəraitə görə yaşayış icazəsiz və şəxsiyyət vəsiqəsiiz qalmışdır. Bu hal onun hüquqlarını bütün sonrakı hallarla pisləşdirir. Bununla əlaqədar ona şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyatının rəsmiləşdirilməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət təsdiqləmə şöbəsinə müraciət etmişdir. Lakin bu günə qədər xahişi təmin edilməmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab edir, çünki o da hər bir Azərbaycan Respublikası vətəndaşı kimi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə malik olmaq hüququ var. 30 sentyabr 1998-ci il tarixli «Azərbaycan Respublikasında vətəndaşlıq haqqında» Qanunun 5.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq, onun ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsini, həmçinin əsl olmayan cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11140/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11140/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi ilə əvəz edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli 3-13-46/2-30224/2023 nömrəli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinin təmin edilməsi xahiş etmişlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarının surətindən görünür ki, 11 iyun 1987-ci il təvəllüdlü İddiaçı Alekseyeviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alnmışdır; - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 059-53443B-3222 nömrəli məktubunda qeyd edilmişdir ki, onun Binəqədi RPİ-nə ünvanladığı müraciətinə QMB-də baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun qeydiyyata alınması üçün müvafiq sənədlər təqdim edilmədiyindən qeydiyyata alınması qanuna müvafiq deyildir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Paport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-27947/23 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Alekseyeviçin ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir; - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 245 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X3 öz ruhi xəstə həyat yoldaşı X1 üzərində qəyyum təyin edilmişdir; - xx.xx.1983-cü il tarixli 201620 nömrəli orderin təsdiq edilmiş surətinən görünür ki, ünvan 5 X1 adına qeydə alınmışdır; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-267xxxx/2023 nömrəli məktubu ilə xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Alekseyeviç barəsində qəbul edilmiş qərar və onun qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iddia ərizəsindən görünür ki, iddiaçı ünvan 5 ünvanında uzun müddətdir ki, qeydiyyatsız yaşayır və həmin ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun qeydiyyata alınması üçün müvafiq sənədlərin təqdim edilməməsi səbəbi ilə müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə həmin iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, ünvan 7 ünvanda yerləşən mənzilə dair X1 adına 201620 nömrəli xx.xx.19983-cü il tarixli Order verilmişdir. X3 öz ruhi xəstə həyat yoldaşı X1 üzərində qəyyum təyin edilmişdir. Xİİ-ЖГ 473500 nömrəli Doğum haqqında Şəhadətnamənin surətinə əsasən X3 İddiaçı Alekseyeviçin atası, X4 isə anasıdır. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair onun anası X1 adına order verilmişdir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... - 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün qanunverici “şəxsin yaşayış yeri” anlayışını həmin Qanunun özündə təsbit etmişdir. Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, qanunvericilik şəxsin “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ını nəzərdə tutduğundan, həmçinin iddiaçının qeyd edilən ünvan üzrə qeydiyyata alınmasına əsas verən sənəd (order) mövcud olduğundan, iddiaçının hal-hazırda faktiki qeydiyyatsız yaşadığı ünvana qeydiyyata alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2 ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar