Məhkəmə qərarları › İş №2-1(112)-11141/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11141/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11141/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla ona münasibətdə pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı qəbul etdiyi qərarın ləğv edilməsi və ona ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-cü il təvəllüdlü olmaqla 1978- 1990-cı illərdə Azərbaycan ETMEK və KPİ-də mütəxəssis, ekspert, baş ekspert, kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, 1990-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuş, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsində Plenum katibliyinin müdiri, 2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində hakim, 2007-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışmış və xx.xx.2020-ci ildə pensiyaya çıxmışdır. 2018-ci il mayın 1-dən pensiyaya çıxdığı tarixədək onun vəzifə maaşı 1782 manat (2475 x 90% x 80% = 1782) məbləğində müəyyənləşdirilmiş, bu vəzifə maaşı və onun əsasında müvafiq əlavələr, müavinət, aylıq pul təminatı hesablanaraq aylıq əmək haqqı məbləği 4560,92 manat təşkil etmişdir və ona xx.xx.2020-ci il tarixindən 4061 manat məbləğində pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 maıt 2022-ci il tarixli Sərəncamına əsasən pensiya məbləğinə 10% aylıq maddi yardım əlavə olunaraq, 2022-ci il yanvarın 1-dən pensiyası 4465 manat məbləğində müəyyən edilmiş və o, həmin pensiya məbləğini 2022-ci ilin sentyabr ayınadək almışdır. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununda və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 iyun 2022-ci il tarixli Qanunlara əsasən 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat məbləğində müəyyənləşmiş, bu isə vəzifə maaşlarının 43%-dən çox artması deməkdir (2556 : 1782 = 1,4343). Qanunvericiliyin «Əmək haqqındakı sonrakı artımların da nəzərə alınması» normasına əsasən, ona təyin olunan 4.061 manat pensiya məbləği 43% artmaqla 5.807,2 manat məbləğində müəyyən olunmalı və Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10% aylıq maddi yardım nəzərə alınaraq pensiyası 6.387 manat məbləğini təşkil etməli idi. Lakin, əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyənləşən pensiyanı 01 iyul 2022-ci il tarixdən almalı olduğu halda, ona iyul, avqust, sentyabr aylarında 4.465 manat məbləğində pensiya verilmiş, xx.xx.2022-ci il tarixində isə pensiya kartına 5.511,86 manat pul köçürülmüşdür ki, bu məbləğin nəyi ifadə etdiyi ona aydın deyil. Belə ki, bu məbləğ həm 01 iyul 2022-ci il tarixdən almalı olduğu pensiya məbləğindən aşağıdır, həm də iyul, avqust, sentyabr ayları üzrə pensiya artımı hissəsinin ona verilmədiyini göstərir və bunun səbəbləri barədə ona hər-hansı məlumat verilməmişdir. O, bununla əlaqədar 03 noyabr 2022-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, bu məsələlərə aydınlıq gətirilməsini xahiş etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 24 noyabr 2022-ci il tarixli məktubu ilə ona bildirmişlər ki, müraciəti ilə əlaqədar müvafiq sorğu verilmişdir və sorğuya cavab verildikdən sonra onun göstərdiyi məsələyə baxılacaqdır. Lakin, müraciətindən sonra 3 ay müddət keçməsinə baxmayaraq ona cavab verilməmiş və eyni zamanda mütəmadi olaraq hər ay pensiya kartına azaldılmış hesab etdiyi 5.541,86 manat pul vəsaiti köçürülmüşdür. Bu isə onu göstərir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla ona münasibətdə qanunsuz qərar qəbul etmiş və qəbul etdiyi həmin qanunsuz qararla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı qanunsuz hərəkətlərə yol vermişdir. Məlum olduğu kimi, veriməli olan pensiya məbləğində hərhansısa dəyişiklik (pensiyanın azaldılması, pensiya məbləğindən tutulmalar və s.) edilməsi qaydaları «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi ilə müəyyən edilmişdir və həmin normaya əsasən «artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur». Qanunun sözügedən tələbinə baxmayaraq, ona pensiya məbləğinin azaldılması və pensiya məbləğindən tutulmalar barədə hər-hansı məlumatlar verilməmiş, bu barədə onun razılığı olmamış, bu məsələ ilə bağlı hər-hansı bir məhkəmə qərarı yoxdur. Ona görə də, hesab edir ki, onun xəbəri olmadan və bu məsələ ilə bağlı hərhansı bir məhkəmə qərarı olmadan pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı cavabdeh inzibati orqanın qərarı və etdiyi hərəkətlər qanuna ziddir. Yaranmış mübahisənin qanunamüvafıq həll olunması üçün isə hesab edir ki, bunun üçün tərəflər ilkin vəziyyətə gətirilməli, yəni ona ilkin təyin olunmuş pensiya məbləği bərpa olunmalı, bundan sonra ona müraciət olunmalı, razılığı olarsa artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulmalı, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulması üçün müvafiq iddia qaldırılmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya 20 iyul 2020-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi tarixdən nəzərə alınmaqla pensiya işinin araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, iddiaçının 20 iyul 2020-ci il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1781,00 manat, hakimlik stajına görə əlavəsi 801,45 manat, digər növ əlavəsi 1810,69 manat olmaqla orta aylıq əmək haqqı 4393,14 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4393,13 manat) 80 faizi-3514,51 manat məbləğində hesablanmalı olduğu halda, 4059,41 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 12743,62 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə əlavəsi 1150,20 manat, digər növ əlavəsi 2598,60 manat olmaqla orta aylıq əmək haqqı 6304,80 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6304,80 manat) 80 faizi- 5043,84 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin iyul, avqust və sentyabr aylarında ona hər ay 4059,41 manat pul vəsaiti ödənilib. Bu səbəbdən də, həmin aylar üzrə iddiaçıya ödənilməli olan 2953,29 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 5548,22 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 6363,81 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 815,58 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 8974,75 (12743,62- 2953,29-815,58) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində maddi yardım üzrə ona 31,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 31,61 manat vəsait 2022-ci ilin oktyabr ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Bildirirlər ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -"qanunsuzluğu bilməmə” və "dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma" isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. Bildirirlər ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında" Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir.Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “inzibati icraat haqqında” Qanunun 67.6cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. İddia tələbində qeyd olunan pensiya fərqinin ödənilməsi məsələsi haqqında bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməlidir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29 noyabr 2022-ci il tarixli **********5 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, müraciəti ilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilib. Sorğuya cavab verildikdən sonra müraciətdə göstərdiyi məsələyə baxılacaqdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid pensiya işinə aid sənədlərin təsdiq edilmiş surətlərinə əsasən: - İddiaçıya Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən 01 aprel 2010-cu il tarixli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdən ərizəsinə əsasən hakim kimi pensiyaya çıxması nəzərə alınaraq aldığı pensiyasının müvafiq pensiya növü ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq onun pensiyası 5043.84 manat müəyyən edilmiş, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə əvəzləşdirmə aparılması nəticəsində 8974.75 manat məbləğində artıq pul vəsaiti ödənilməsi müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində maddi yardım üzrə ona 31.61 manat artıq pul vəsaitinin də, ödənilməsi müəyyən edildiyi üçün əmək pensiyasından hər ay 31.61 manat məbləğində tutulma aparılmışdır. Artıq ödənilmiş pensiya məbləğinin tutulması və əvəzləşdirilmənin aparılmasına dair iddiaçının razılığının olması barədə pensiya işində hər hansı bir sübut aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının inzibati icraat zamanı maraqlı şəxs qismində iştirakı təmin edilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti ilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilməsi və sorğuya cavab verildikdən sonra müraciətində göstərilən məsələyə baxılacağı bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

15. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

16. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3- cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir.

17. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir.

18. Hazırkı halda iş materiallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, lakin buna baxmayaraq iddiaçıya ödənilməli olan 2839,95 manat vəsaiti artıq ödənilmiş məbləğlə əvəzləşdirmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan fərq məbləğinin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir.

20. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir.

21. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır.

22. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır.

23. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzrdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

24. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı nəticəsi olaraq iddiaçıya ödənilməli olan məbləğin əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi sonuncunun razılığı və ya müvafiq məhkəmə qərarı olmadan həyata keçirildiyindən ləğv edilməli, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir

25. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

27. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

28. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

29. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

31. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərar ləğv edilsin, iddiaçının əvvəlki pensiya məbləği bərpa edilməklə ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar