Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11144/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “şəhid ailəsi kimi mənzil uçotuna alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “şəhid ailəsi kimi mənzil uçotuna alınma” tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X5 ilə İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sədərək Rayon Xalq Məhkəməsinin 1994-cü il tarixli qətnaməsi ilə X3 şəhid hesab edilməsi faktı müəyyən edilmişdir. İddiaçıya Sədərək rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 001186 № li şəhid ailəsi statusunu təsdiq edən vəsiqə verilmişdir. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən şəhid ailəsi üzvü kimi 600 manat məbləğində Prezident təqüdü alır. İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə alınması ilə bağlı Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü və 4-cü abzaslarına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatla yaşayış müddəti olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. Müəyyən edilmişdir ki, X6 Respublikasında daimi qeydiyyatda olmusunuz və Bakı şəhəri Nizami rayonunda xx.xx.2023-cü il tarixdən daimi qeydiyyatdasınız. Qeyd olunan səbəbdən mənzil növbəsinə qəbul edilməyiniz üçün hüquqi əsas yoxdu”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şəhid ailəsi kimi mənzil uçotuna alınması barədə Sərəncam vermə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi Qaydaların 17-ci bəndinin 3-cü və 4-cü abzaslarında qeyd olunan “daimi qeydiyyat anlayışı” nə Azərbaycan Respublikası Mənzil Məcəlləsində, nə də qeydiyyat üzrə münasibətləri tənzimləyən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il 55-İQ №-li Qanununda nəzərdə tutulmamışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqavilələri üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və s. başa düşülür. X2 xx.xx.1990-cı ildə erməni işğalçılarına qarşı gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Həyat yoldaşı şəhid olduqdan sonra qardaşı onu öz evlərinə apardı. Uzun illər qardaşıgildə yaşadı və hər hansı bir mənzil problemi yox idi. Lakin qardaşı vəfat etdikdən sonra, onun ailəsi onu evdən çıxmağa məcbur etdilər. Məcbur qalıb 2008-ci ildən Bakı şəhərinə köçdü və qızı ilə birlikdə kirayələrdə yaşamağa başladı. Onun evi və ya mənzili yoxdur. Bir şəhid ailəsi kimi mənzil növbəsinə dayanmaq və mənzil almaq hüququna malikdir. Lakin cavabdeh yuxarıda göstərilən səbəblərdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinə etirazın əsasları: İddia tələbinə yazılı etiraz daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş materialları ilə müəyyən olunur ki, iddiaçı şəhid ailəsidir. O, şəhid ailəsi kimi mənzil növbəsinə alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının Bakı şəhərində xx.xx.2023-cü il tarixdə pasport qeydiyyatına alınmasını əsas gətirərək onun son 7 il ərzində Bakı şəhərində yaşamamasını qeyd edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir Cavabdeh də həmin əsaslara istinad edərək iddiaçının xx.xx.2023-cü il tarixdən Bakı şəhərində qeydiyyata yaşayış yeri üzrə alınmamasına istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir ki, məhkəmə cavabdehin mövqeyini aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Doğrudur ki, adıçəkilən Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də, təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin daimi yaşama müddətinin Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından öz əhəmiyyətini itirməsi və hazırkı işin faktiki hallarına münasibətdə tətbiq edilməməsi qənaətindədir. Belə ki, hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsindən də müəyyən edilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəyə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin bir yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı mütləq şərt nəzərdə tutulsa da, şəxsin bir-neçə yaşayış yerinin olması ilə bağlı da tənzimləmə həyata keçirilmiş və hər hansı şəxsin bir-neçə yaşayış sahəsinə malik olması hüququ tanınmışdır. Bu isə, o deməkdir ki, hazırkı mübahisənin həlli hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından iddiaçının Bakı şəhərində yaşamasını təkcə onun yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı yox, faktiki olaraq daimi Bakı şəhərində yaşamasının digər sübutlarla yoxlanılmasından asılı olacaqdır. Yəni cavabdehin qeyd etdiyi kimi şəxsin Bakı şəhərində son 5 il ərzində yaşaması yoxlanılmalıdır ki, bu zaman cavabdehin mövqeyindən fərqli olaraq şəxsin hansı tarixdən yaşayış yeri üzrə qeydiyyata alınması əhəmiyyət kəsb etmir. Ümumilikdə onun Bakı şəhərində faktiki olaraq daimi yaşaması da nəzərə alınmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi 120 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 452 № li arayışından müəyyən edilir ki, iddiaçı R.Rüstəmov küçəsi 25/63 saylı evin, 1 № li mənzilində 2015-ci ildən qeydiyyata düşənə qədər həmin ünvanda yaşayır. Göründüyü kimi, iddiaçı faktiki olaraq 2015-ci ildən (8 ilə yaxın) Bakı şəhərində yaşayır. Cavabdeh isə bu halı araşdırmadan, iddiaçının Bakı şəhərində uzun müddətdir ki, məskunlaşmasını nəzərə almadan təkcə yaşayış yeri üzrə qeydiyyata alınma barədə formal əsasa istinad etmişdir ki, həmin mövqe ilə çıxış etdikdə qeydiyyatını dəyişməyən Bakı şəhərində yalnız 2023-ci ildə rəsmi qeydiyyata alınan iddiaçının məskunlaşdığı yer üzrə mənzil növbəsinə götürülməsindən birmənalı imtina edilməlidir kimi mövqe müəyyən edilir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə isə hesab edir ki, şəhid ailəsi üzvlərinə münasibətdə hazırkı formal əsasa istinad edilməsi, onun daimi Bakı şəhərində yaşamasına baxmayaraq təkcə qeydiyyatının olmaması nəzərə alınması mənzil növbəsinə ehtiyacı olan şəxslərin hüquq və mənafelərinin təmini ilə bağlı dövlət dəstəyinin məqsədləri ilə uzlaşmır. Hər nə qədər imtina əsaslarında iddiaçının mənzilə ehtiyac zərurətinə münasibət bildirilməsə də, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı mənzilə ehtiyacı olan şəxsdir. Belə ki, iddiaçının adına daşınmaz əmlak mövcud deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İPM-in: 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəhid ailəsi kimi mənzil uçotuna alınması barədə Sərəncam vermə öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11144/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11144/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver