Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11145/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MTK və "xxxx" MMC) “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M ünvanında yerləşən 30 saylı mənzil üzrərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MTK və "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 03 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M ünvanında yerləşən 30 saylı mənzil iddiaçıya məxsusdur. İddiaçı həmin mənzil üzrərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, binanın istismarına icazə sənədinin təqdim edilməməsi əsası ilə cavabdeh bundan imtina etmişdir. Lakin həmin yaşayış binasında digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin cavabdehə təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 30 saylı mənzilə dair xx.xx.2025-ci il tarixli protokoldan çıxarış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 112.8 kv.m təşkil edir. Üçüncü şəxs "xxxx" MTK tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kooperativin Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi 13 M saylı binanın 1-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, 125 kv.m, 30 saylı mənzilin 2-ci sahibi Anar Əsgərov xx.xx.2023-cü il tarixində mənzili almasına və xx.xx.2020-ci ildən qalmış kommunal xərclərin ödəyəcəyinə söz vediyi halda xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixinədək mənzilin kommunal xərclərini ödəməmişdir. xx.xx.2023-cü il tarixdə Anar Əsgərov 30 saylı mənzilini iddiaçının adına rəsmiləşdirmişdir. Lakin, hazırkı vaxtadək 30 saylı mənzildə Anar Əsgərov yaşayır. Beləliklə 30 saylı mənzilin xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək kooperativə kommunal borcu vardır. Məlum məhkəmə qərarı ilə 13 M saylı mənzilin istismarı (yəni kommnal yığımı və binaya xidmət) xx.xx.2023-cü il tarixindən "xxxx" MMCyə verilmişdir. 30 saylı mənzilin sənədlə sahibi İddiaçı kooperativə kommunal borcu olduğu üçün çıxarış alınması məqsədilə investor olması barədə protokoldan çıxarışı "xxxx" MTKdan deyil, qanunsuz olaraq istismarçı təşkilat "xxxx" MMC-dən alıb, məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim olunan sənədlərin qanunsuz olmasının və 30 saylı mənzilin "xxxx" MTK-ya borcu olmasının nəzərə alınması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı müqaviləyə əsasən MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasından, X3 adına olan 3 otaqlı, 125 kv.metr, 30 saylı mənzil onun ərizəsi əsasında iddiaçının adına keçirilmişdir. Mənzilin ümumi dəyəri 90000 AZN təşkil edir. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolundan xx.xx.2025-ci il tarixli çıxarışa əsasən iddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında yerləşən 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 125 kv.metr 3 otaqlı, 30 saylı mənzilin “Payçı”sı olması təsdiq edilmişdir. İddia ərizəsinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında yerləşən binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna 31 iyul 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) ləğv edilməsi və "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" MTK-nın hüquqi varisi olması barədə reyestrdə məlumat aşkar edilməmişdir. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi 13 M saylı binanın sakinlərinə "xxxx" MMC-nin rəhbərliyi çıxarışın alınması üçün protokoldan çıxarış verməyə ixtiyarı yoxdur. Ona görə ki, "xxxx" MMC-nin rəhbərliyinin 13 M saylı binanın sifarişçisi olmasına istinad etdiyi, Bakı İcra Hakimiyyətinin verdiyi 126 saylı sərəncam, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı sərəncamı ilə ləğv edilmişdir. Protokoldan çıxarışı o təşkilat verə bilər ki, alqı-satqı müqaviləsi o təşkilatla bağlansın və müqavilədə olan mənzilin dəyəri həmin təşkilatin xəzinəsinə ödənilsin. "xxxx" MMC yalnız 13 M saylı binanın istismar xidməti ilə məşğul olan bir təşkilatdır. "xxxx" MMCnin rəhbərliyi iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında MTK tərəfində inşa edilmiş yaşayış binasının məhkəmə yolu ilə istismarçısı olaraq qeyd edilən "xxxx" MTK-nın dəyişdirilərək, "xxxx" MMC ilə əvəz edilməsi və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində və Bakı şəhəri üzrə ASAN Xidmət mərkəzlərində sənədlərin qəbulu pəncərəsində xidmət göstərən əməkdaşlar, eləcə də aidiyyəti qurumlara məlumat verməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, iddiaşının hüquqi marağı ona yönəlmişdir ki, yaşayış binasında "xxxx" MTK- dən mənzil alan şəxslər, mənzilə mülkiyyət hüququnun qeydə alınması zamanı cavabdehə müraciət edən zaman vətəndaşlardan "xxxx" MTK-nə dair sənədlər, xüsusilə də ümumi yığıncağın qərarı tələb edilməsin. Bu iddia Bakı İnzibatı Məhkəməsinin xx.xx.2025 ci il tarixli 2- 1(112)-7609/2025 nömrəli qərardadı ilə mümkünsüz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(103)-2465/2025 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin məhkəmə soğrusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və icra vərəqəsi məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən sözügedən ünvandakı mənzilin yaşayış sahəsi və ümumi sahəsi faktiki (müvafiq olaraq) 72 kv.m və 112.8 kv.metr təşkil edir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanda yerləşən əmlakına həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqı və sənədləşdirilməsi "xxxx" MTK-ya qadağan edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, 09 yanvar 2015-ci il tarixli icra vərəqəsi icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın, texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Qanunvericiliyin tələblərinin işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1- 3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X1 Görülməsi və X4 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzilin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. İddiaçının iddianın əsaslandırması kimi istinad etdiyi dəlilə - istismara qəbul olunmamış həmin binada digər mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışlara münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsinə sözügedən yaşayış binasında qeydiyyatdan keçmiş bir neçə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surəti məhkəməyə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilə bilməz. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan həmin binada məhkəmənin gəldiyi nəticəni əsas götürüb həmin binada digər əmlaklara dair hüquqları qeydiyyata almamış, başqa sözlə, məhkəmənin gəldiyi nəticəni öz inzibati praktikasına çevirməmişdir. Məhkəmənin digər mənzillərlə bağlı gəldiyi nəticə yalnız həmin mənzillərlə bağlı olduğundan və cavabdeh inzibati orqan məhkəmə aktından sonra da digər əmlaklara dair hüquqları qeydiyyata alaraq öz inzibati praktikasına çevirmədiyindən, hazırkı halda mövcud olmayan inzibati praktikaya etimad və ya bərabər yanaşılma prinsipi qorunmur və tətbiq edilmir. Hazırkı halda istismara qəbul olunmamış çoxmərtəbəli yaşayış binasında yalnız bir neçə mənzilin qeydiyyata alınması Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tətbiqini əhəmiyyətsiz, istismara qəbulla bağlı başqa bir inzibati orqanın apara biləcəyi inzibati icraat (istismara qəbulla bağlı) mərhələsini adlamağa əsas verə bilər ki, bu hal da qanunvericiliyin məqsədinə uyğun hesab edilmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11145/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11145/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver