Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11148/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Musa Nejad Saeidin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Musa Nejad Saeid (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, İran İslam Respublikasının vətəndaşıdır. Ailəlidir və ünvan 1 ünvanında ailə üzvləri ilə yaşayır. 14 ildir ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi əsasında yaşayır. Lazımi bütün mərhələlərdən keçmişdir ki, ona daimi yaşayış icazəsi verilsin. Lakin cavabdeh ona 1 illik vəsiqə verir. Neçə dəfə imtahandan keçirməmişlər ki, o, yalan məlumat vermişdir. İmtahandan keçməsinə baxmayaraq, 1 illik vəsiqə verirlər. O, pandemiya vaxtı 2 il Azərbaycanda olmamış, lakin epidemiolojı vəziyyət bir qədər sabitləşəndən sonra Azərbaycana, ailə üzvlərinin yanına gəlmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı müsahibədə iştirak etməmiş, bununla da müsahibədən keçməmiş hesab olunmuşdur. İddianın mümkünlük məsələsinə münasibətdə qeyd olunmalıdır ki, DMX-nin daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə məktub vasitəsilə şəxsə göndərilmişdir. Sözügedən əcnəbi qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdə qohumluq münasibəti əsasında müvəqqəti yaşama icazəsinin əldə edilməsi ilə bağlı müraciət etmiş, nəticədə onun vəsatəti təmin edilmişdir. Bu da o deməkdir ki, sözügedən əcnəbi DYİ-dən imtina qərarı ilə razılaşmış və həmin qərarı mübahisələndirməmişdir. Ona görə də, iddia mümkün hesab edilməməlidir. Belə ki, iddia ərizəsi cari ilin avqust ayında şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir, iddiaçı DMX-ya qarşı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. İşdən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin verilməsi üçün ərizə-anketlə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı qərarla iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq komissiya tərəfindən yoxlanılması məqsədilə xx.xx.2019, xx.xx.2019-cu il tarixlərində təşkil olunmuş müsahibəyə dəvət olunsa da, iştirak etməməsi əsası ilə onun xx.xx.2019-cu il tarixli müraciətini təmin etməmiş və iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı hazırda ona Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi barədə qərar qəbul edilməsini, yəni onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, başqa sözlə özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edir ki, bu iddia məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. “İnzibati icraat haqqında” Azərbaycan Respubikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İşdə olan xx.xx.2019-cu il tarixli 04/1891 saylı məktubdan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsindən imtina edilməsi barədə qərarı iddiaçıya göndərmiş və iddiaçıya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi barədə ərizə-anketlə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı qərarla iddiaçının müraciətini təmin edərək onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddətini xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək uzatmış və müvafiq vəsiqə vermişdir. Beləliklə, istinad olunanlardan aydın olur ki, iddiaçı onun Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin verilməsi barədə müraciətinə imtina cavabının verilməsindən xəbərdar olmuş, həmin imtinanı aldıqdan sonra 30 gün müddətində məhkəməyə müraciət etməmiş, bununla da məcburetmə haqqında iddianın qaldırılması üçün tələb olunan mümkünlük şərtinə əməl etməmiş, yalnız 3 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, müəyyən olunmuş müddət ərzində iddia müddətinin ötürülməməsi, yaxud cavabdehə yenidən müraciəti təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı məsələ ilə bağlı hər hansı bir sübutu verməmişdir. İPM-in 24-cü maddəsinə əsasən: - həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). - Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). - Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). - Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı prosessual müddəti 1 ildən artıq ötürmüşdür və bu müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmamışdır. Belə olan halda hazırkı halda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsinə əsasən həmin Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. İddiaçının hazırkı iddiasının mümkün sayılmaması onun Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün cavabdeh orqana yenidən müraciət etməsinə və müraciəti təmin edilmədikdə imtina barədə qərarı aldıqdan sonra 30 gün müddətində inzibati məhkəmədə iddia qaldırmasına maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11148/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11148/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver