Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11150/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X8 prospekti, 3078 “A" məhəlləsində inşa edilmiş yaşayış binasında B korpusunun 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 115,57 kv.m olan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, qeyd olunan mənzilə dair ərizəyə əlavə olunmuş sənədlər X2 adına verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyi hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən, B korpusu, 5 ci mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 115.57 olan, yaşayış sahəsi 62.72 kv.m mənzil üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəllənin şimal hissəsində inşa edilən, B korpusu, 5 ci mərtəbə, faktiki sahəsi 103.9 kv.metr olan 2 otaqlı mənzil üzərində mükiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınaraq bu barədə dövlət çıxarışının və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında olan 23 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən, B korpusu, 5 ci mərtəbə, 2 otaqdan ümumi sahəsi 115.57 kv.metr, yaşayış sahəsi 62.72 kv.metr olan mənzili alıcı İddiaçı satmışdır. "xxxx" MMC tərəfindən verilən arayışdan da aydın olur ki, alıcı İddiaçı sözügedən mənzilin dəyərini tam ödəmişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin olunmasından əsassız yerə imtina edilmişdir. Hazırda iddiaçı sözügedən mənzilə sahiblik edir və həmin mənzilə dair heç bir borcu yoxdur. İddiaçı sözügedən mənzili öz şəxsi vəsaiti hesabına əldə etmişdir, həmçinin qanunvericiliyin norma və tələblərinə uyğun şəkildə sahib olmuşdur. İddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilin yerləşdiyi binra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair ərizəyə əlavə olunmuş sənədlər X2 adına verilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X8 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin iddiaçının İdarəyə müraciət ərizəsinə əlavə etdiyi sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 115.57 kv.m, faktiki sahəsi isə 103.9 kv.mdir. Bundan başqa mənzildə rekonstruksiya işləri aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2004-cü il tarixli, 313 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında B korpusunun 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 115.57 kv.m, yaşayış sahəsi 62.73 kv.metr olan mənzili alıcı X3 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.metrinin dəyəri 233,62 ABŞ dolları həcmində qiymətləndirilməklə 27000 ABŞ dolları təşkil edir. - X4 və X7 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2032-ci il tarixədək "xxxx" MMC tərəfindən 313 saylı xx.xx.2004-cü il tarixdə bağlanmış müqaviləyə əsasən satıcı X4 Bakı şəhəri, Atatürk pr., 3078A məhəlləsinin şimal hissəsində inşa edilən B korpusu, 5-ci mərtəbə, ümumi sahəsi 115.57 kv.metr, yaşayış sahəsi 62.73 kv.metr olan 2 otaqlı mənzili özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra alıcı 114000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. - X2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, "xxxx" MMC ilə bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr., 3078A məhəllənin şimal hissəsində V korpusu, 5-ci mərtəbə, ümumi sahəsi 115,57 kv.m olan 2 otaqlı mənzilindən imtina edir və həmin mənzilin İddiaçı adına keçirilməsinə və sənədləşdirilməsinə razılıq verir, gələcəkdə həmin mənzil ilə əlaqədar heç bir iddiası və tələbi olmayacaqdır. - xx.xx.2023-cü il tarixli, 11 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında B korpusunun 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 115,57 kv.m, yaşayış sahəsi 62,73 kv.metr olan mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.metrinin dəyəri 233.62 ABŞ dolları həcmində qiymətləndirilməklə 27000 ABŞ dolları təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı oğlu “Xudafərin MMC” tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində inşa edilən yeni yaşayış binasında B korpusunun 5-ci mərtəbəsində olan 2 otaqlı 115,57 kv.metr olan mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. - xx.xx.2020-ci il tarixli, 350 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş 8 girişli çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MMC göstərilmişdir. - 20.12.2022-ci il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsi, 17-19 mərtəbəli yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən (sol 2) 2 otaqlı mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 115,57 kv.metr, faktiki sahəsi 103,9 kv.metrdir (3 otaq 62.1 kv.mer). - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzildə daxili rekonstruksiya işləri aparılmışdır. Belə ki, bəzi arakəsmə divarların yerləri dəyişdirilmişdir. İddiaçı hazırda ona məxsus B korpusunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınıb çıxarışın və texniki pasporun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2004-cü il tarixdə "xxxx" MMC ilə İ.Bayramov arasında müqavilə bağlanmış, mənzilin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi tam şəkildə başa çatdırılmışdır. Bu da İ.Bayramovun kooperativ üzvü kimi hərəkət etdiyini, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Daha sonra isə İ.Bayramov həmin mənzilə hüquqlarından iddiaçının xeyrinə imtina etmiş, bununla da onun payı iddiaçıya keçmişdir. Binanın sifarişçisi bu halla razılaşmış, iddiaçı ilə yeni bir müqavilə də imzalamışdır. Buna görə də hazırkı iş üzrə "xxxx" MMC ilə İ.Bayramov və daha sonra iddiaçı arasında bağlanmış müqavilə şəxsin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin etirazda istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə ilə inşa etdiyi binadakı mənzili dəyərini almaqla satmışdır. Ona görə də həmin mənzilə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ müqaviləyə əsasən İ.Bayramova, daha sonra isə iddiaçıya keçmişdir. Belə ki, Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A" məhəlləsində inşa edilmiş yaşayış binasında B korpusunun 5-ci mərtəbəsində yerləşən 103.9 kv.metr sahəsi olan 2 otaqdan ibarət mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11150/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11150/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver