Məhkəmə qərarları › İş №2-1(112)-11154/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11154/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11154/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbi üzrə iddiası ilə bağlı işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Lökbatan qəsəbəsi, Вilal Niftəliyev küçəsi, 1 saylı evin 71 saylı mənzilində 1995-ci ildən pasport qeydiyyatında olmaqla yaşayır. Yaşadığı bina Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı bir neçə dəfə bu quruma mənzilin sənədləşdirilməsi ilə bağlı şifahi müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. Binanın əksər sakinləri yaşadıqları mənzilləri kirayə müqaviləsi, əmr və ya order əsasında özəlləşdirmişlər. Nəhayət 2023-cü ildə iddiaçı adına mənzilə dair kirayə müqaviəsinin bağlanılması üçün Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Departamentin 26 aprel 2023-cü il tarixli 143 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 1 saylı evin 71 saylı mənzilinə köçməyə əsas verən hüquq müəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından, kirayə müqaviləsinin onun adına bağlanılması mümkün olmamışdır, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. İddiaçı hesab edir ki, Departamentin ona verilən cavabı tam əsassızdır. Belə ki, həmin mənzilə o, əsassız köçürülməmişdir. Artıq 27 ildir qeyd olunan mənzildə faktiki olaraq yaşayır və pasport qeydiyyatındadır. Müvafiq qanunvericiliyə uyğun olaraq mənzil kirayə müqaviləsi orada faktiki yaşayan sakinlə bağlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 33, 60-cı maddələrinə, İPM-in 2.2, 14, 33, 45, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 16-cı maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdrilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 1 saylı evin 71 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon MKTB-nin balansındadır. İddiaçı müraciəti Qaradağ rayon MKTB-də araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən ünvanda yerləşən dövlət mənzil fonduna aid binanın 71 saylı yaşayış sahəsinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim edilməmişdir. Ona görə də, Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 26 aprel 2023-cü il tarixli 143 saylı məktubu ilə İddiaçı bu barədə rəsmi cavab verilmişdir. Bundan əlavə qeyd olunur ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. İddiaçının ünvan 1 saylı binanın 71 saylı mənzilində uzun müddət yaşaması, mənzildən istifadəyə görə kommunal xidmət haqlarının ödənilməsi nəzərə alınaraq mənzilə kirayə müqaviləsinin onunla bağlanması barədə iddia ərizəsində iddiaçı tərəfindən göstərilən dəlillər tamamilə əsassız olmaqla mənzil qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, 1 oktyabr 2009-cu ıl tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla- mənzil istismar təşkilatı (belə təşkilat olmädıqda isə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarlaria yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Qeyd edilən Məcəllənin 50-ci maddəsində vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları müəyyən edilmişdir iddiaçıya həmin əsaslara uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilməz. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məıcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəcinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçı əvvəlki kirayəçinin ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, boş olan mənzildə faktiki olaraq yaşayan şəxsdir və onunla mənzil kirayə müqaviləsi bağlanmasa da, belə müqavilədən irəli gələn vəzifələr müəyyən həcmdə yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 1 saylı evin 71 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan şəxs kimi orada uzun müddət təsərrüfat apardığından, mənzilin balans saxlayıcısı olan orqan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentindən onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin “iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanması”ndan imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 1 saylı evin 71 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 1 saylı evin 71 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar