Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1116/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı İddiaçı MMC-yə hesablanmış 2018-ci üzrə 79000 (yetmiş doqquz min) manat məbləğində, 2019-cu il üzrə 79000 (yetmiş doqquz min) manat məbləğində, 2020-ci il üzrə 79000 (yetmiş doqquz min) manat məbləğində torpaq vergisinin və həmin torpaq vergisinə görə hesablanmış 76186,82 (yetmiş altı min yüz səksən altı manat səkksən iki qəpik) manat məbləğində gecikmə faiz borcunun İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxsləri dövlət qeydiyyatı idarəsində 02.02.2010-cu il tarixində ********** (VÖEN) dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir (Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti əlavə olunur). Bakı şəhər icra Hakimiyyəti başçısının 76 saylı, 01.03.2010-cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzində gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarət kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir (Bakı şəhəri İcra Hakimiyyəti başçısının 76 saylı, 01.03.2010-cu il tarixli Sərəncamın surəti əlavə olunur). Sərəncam əsasında, İddiaçı MMC Bakı şəhəri İcra Hakimiyyəti ilə 0901 saylı, 30.04.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarəsi Müqaviləsi imzalanmışdır (0901 saylı, 30.04.2010-cu il tarixli torpaq icarəsi Müqaviləsinin təsdiq edilmiş surəti əlavə olunur). İddiaçı MMC-nin 03 saylı, 05.07.2012-ci il tarixli müraciətinə əsasən, 0901 saylı, 30.04.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarəsi Müqaviləsinə xitam verilmişdir. Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 7-3079/17 saylı, 06.07.2012-ci il tarixli “Ləğetməyə dair bildiriş” verilmişdir (Bakı şəhər İcra Hakimiyyəti başçısının 7-3079/17 saylı, 06.07.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”in təsdiq edilmiş surəti əlavə olunur). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********3 saylı, 28.04.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı MMC-nin adına hazırda Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququna əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********53 saylı, 28.04.2021-ci il tarixli məktubunun təsdiq edilmiş surəti əlavə olunur). Cavabdeh 18.03.2021-ci il tarixdən başlayaraq “analogiya üzrə” İddiaçı MMC-yə 40 ha torpaq sahəsinə görə 2018-2020-ci illər üçün hər ilə 79000 manat hesablamaqla ümumilikdə 237000 (iki yüz otuz yeddi min) manat məbləğində torpaq vergisi hesablamış və bu barədə borc bildirişləri göndərmişdir (Borc bildirişləri və digər borcla bağlı sənədlər əlavə olunur). Dəfələrlə cavabdeh inzibati orqana iddiaçının istifadəsinə verilmiş 40 ha torpaq sahəsinə dair 0901 saylı, 30.04.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarəsi müqaviləsinin ləğv olunması və iddiaçının hazırda icarəsində hər hansı torpaq sahəsinin olmaması barədə müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə iddiaı İddiaçı MMC cavabdehə 07.05.2021-ci il tarixli ərizə ilə müraciət etmiş və 2018-2020-ci illər üçün kameral qaydada hesablanmış 236610,77 manat torpaq vergisinin və onun nəticəsində yığılmış faiz məbləğinin silinməsini xahiş etmişdir (07.05.2021-ci il tarixli ərizənin surəti əlavə olunur). Lakin, digər müraciətlər kimi, bu müraciətin də, heç bir nəticəsi olmamışdır. Hazırda İddiaçı MMC-nin icarəsində omayan 40 ha torpaq sahsəinə görə cavabdeh vergi orqanı tərəfindən hesablanmış torpaq vergisinin məbləği 76186.82 (yetmiş altı min yüz səksən altı manat səksən iki qəpik) manat faiz olmaqla, 307731.44 (üç yüz yeddi min yeddi yüz otuz bir manat qırx dörd qəpik) manat təşkil edir (iddiaçının şəxsi hesab vərəqəsindən çıxarış əlavə olunur). Hesab edirlər ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış yuxarıda qeyd olunan torpaq vergisi əsassız olduğu üçün silinməlidir. Vergi orqanı torpaq vergisini yalnız torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirir. Lakin, iddiaçının mülkiyyətində və ya istifadəsində hər hansı torpaq olmadığı halda, cavabdeh vergi orqanı xitam verilmiş müqaviləyə əsaslanaraq, iddiaçıya əsassız torpaq vergisi və ona faizlər hesablamışdır. Bununla da, cavabdeh vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208 və 24-cü maddələrini pozmuşdur. Bundan başqa, cavabdeh vergi orqanı Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsini pozmuşdur. Belə ki, Konstitusiyanın 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Cəmiyyətin mülkiyyətində (və ya istifadəsində) 40000 kv.m torpaq sahəsinin olmasına, eyni zamanda həmin torpaq sahəsinin üzərində sahəsi 27800 kv.m təsərrüfat subyektinin vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, 2017-2020-ci illər üzrə əmlak vergisi bəyannamələri təqdim edilməmiş və bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 09.03.2021-ci il tarixli, **********116200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci, 2019-cu vöə 2020-ci illər üçün torpaq vergisi üzrə Cəmiyyətə illər üzrə 79000 manat olmaqla, ümumilikdə 237000,00 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 18.03.2021-ci il tarixli, **********061500 nömrəli, 18.03.2021-ci il tarixli **********063900 nömrəli, 18.03.2021-ci il tarixli, **********128300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı ərizəsində icarə müqaviləsinə xitam verildiyini və həmin torpaq sahəsini istifadə etmədiyinə görə torpaq vergisinin əsassız hesablandığını bildirmişdir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin nə istifadəsində, nə mülkiyyətində olduğunu bildirsə də, 09.03.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək, Qaradağ rayonu Lökbatan dairəsində yerləşən ərazinin əksər hissəsinin qrunt sularından yaranmış gölməçədən ibarət olduğundan onun bir hissəsinin qurudularaq üzərindəki tikinti işləri aparılmaqla müxtəlif ölçülərə malik tikililər inşa edildiyini, lakin tikinti işlərinin aparılması müvafiq sənədləşmələr aparılmadan həyata keçirildiyindən tikilmiş obyektlərdən təyinatı üzrə istifadə etmək, icarəyə vermək və ya digər fəaliyyətlər üzrə məşğul olmağın mümkün olmadığını bildirərək, müvafiq rəsmiləşmə aparılmadan tikilmiş obyektlərin vergi qeydiyyatından keçirilməsi və təyinatı üzrə istifadəsinin mümkün olmamasının təmin edilməsi məqsədilə göstərilən ünvan üzrə 10000 kv.m sahəyə malik təsərrüfat subyektinin (obyektinin) uçota alınması üçün əlavə obyekt kodu verilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı obyekti vergi uçotuna qoymaq üçün təqdim etdiyi sənədlərin siyahısına “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 01.03.2010-cu il tarixli Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamını da əlavə etmişdir. Nəticədə təsərrüfat subyekti uçota alınmış və 12.05.2020ci il tarixində vergi orqanı tərəfindən **********168900 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış təqdim olunmuşdur. Hazırda həmin obyektin müxtəlif sahələri İddiaçı MMC təərfindən bir neçə vergi ödəyicisi ilə icarə müqaviləsi bağlanaraq onlara icarəyə verilmişdir. Torpaq sahəsi vergi ödəyicisinin nə mülkiyyətində, nə icarəsində olduğu halda həmin torpaq üzərində obyekt tikməsi və daha sonra onu başqa şəxslərə icarəyə verməsi mümkünsüzdür. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin İddiaçı MMC barəsində 2018-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********061500 saylı, 2019-cu il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********63900 saylı və 2020-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********28300 saylı, 18.03.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və cavabdehin etirazına dair mülahizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, İddiaçı MMC 02.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alınaraq, ********** qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. Hüquqi ünvanı: AZ1102, ünvan 1 olan Bakı şəhər İcra Hakimiyyəti başısının 76 nömrəli, 01.03.2010-cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, sərəncamın 1-ci bəndinə əsasən İddiaçı MMC-nin 26.10.2010-cu il tarixli, A/02-01 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarət kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir. İşdə olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 aprel 2010-cu il tarixli, 0901 nömrəli müqavilənin surətindən görünür ki, həmin Müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başısının 76 saylı, 01.03.2010-cu il tarixli sərəncamı və 28.04.2010-cu il tarixli, 12394 saylı inşaat pasportu əsasında Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.09.2011-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 034050 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, torpaq sahəsinin mülkiyyət növü “dövlət”, sənəd üzrə sahəsi: 40 ha. Plan-ölçü sənədinin verilməsinə əsas olmuş sənədlər qismində – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi, 08.07.2011-ci il tarixli, AN 279570, 279571 nömrəli Torpaq sahəsinin təsdiq edilmiş plan-cizgisi; Bakı şəhər İcra Hakimiyyətinin 01.03.2010-cu il tarixli, 76 nömrəli Sərəncamı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsi 40.0 ha torpaq sahəsinə dair icarə hüquqları 49 (qırx doqquz) il müddətinə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 31038 nömrəli vərəqində, 03.09.2011-ci il qeydiyyat tarixi, **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7- 3079/17 nömrəli, 06.07.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”in surətindən görünür ki, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında” 26 oktyabr 2005-ci il tarixli, 1065 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı və İddiaçı MMC-nin 03 saylı, 05.07.2012-ci il tarixli müraciət məktubunu əsas tutaraq, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 76 saylı, 01.03.2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun şimal-şərq hissəsində, 400 000 kv.m torpaq sahəsinə bağlanmış 0901 saylı. 30.04.2010-cu il tarixli torpaq icarə müqaviləsinə 05.07.2012-ci il tarixində xitam verilir. İşdə olan İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 üzrə Baş İdarəsinə ərizə ilə müraciət edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun Şimal-Qərb hissəsində yerləşən qeyri-yaşayış obyektinin sənədləri tam olmadığından obyektin operativ qaydada uçota alınmasında köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan “İcarə müqavilələri”nə əsasən İddiaçı MMC ilə müxtəlif hüquqi şəxslər arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbar binaları icarəyə verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.03.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, İddiaçı MMC-yə bildirilmişdir ki, aparılan araşdırma zamanı tərəfindən 2018-ci il, 2019-cu il, 2020ci illər ərzində Cəmiyyətin mülkiyyətində (və ya istifadəsində), sahəsi 400000 kv.m olan torpaq sahəsinin olmasına baxmayaraq, müvafiq dövrlər üzrə torpaq vergisi bəyannamələrin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq hesabat dövrü üzrə cari torpaq vergisi bəyannamələri; qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlərin təqdim edilməsi tələb edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 18.03.2022-ci il tarixli, **********061500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2018-ci il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 18.03.2022-ci il tarixli, **********063900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2019-cu il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 18.03.2022-ci il tarixli, **********128300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2020-ci il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İşdə olan ərizələrdən görünür ki, iddiaçı mübahisəli qərarlarla razı olmaması ilə bağlı ərizə və məktublarla cavabdehə müraciət etmişdir. İddiaçının müraicətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində inzibati icraat başlanılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 iyul 2021-ci il tarixli, **********323000 nömrəli “İnzibati şikayət üzrə icraata xitam verilməsi haqqında” Qərarından görünür ki, aparılmış araşdırma zamanı Cəmiyyətin eyni predmet üzrə 27.05.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə (iş № 2-1(112)-6976/2021) müraciət etdiyi və halhazırda məhkəmə çəkişməsinin davam etdiyi müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsi rəhbər tutularaq, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə 29.04.2021-ci il tarixli inzibati şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-yə **********53 nömrəli, 28.04.2021-ci il tarixli məktubla verilmiş “Hüquqi şəxsin adına daşınmaz əmlakın olub-olmaması barədə” məlumatdan görünür ki, Azərbaycan Respublikası ərazisində İddiaçı MMC-nin mülkiyyətində daşınmaz əmlakın olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq bildirilmişdir ki, İddiaçı MMC-nin adına hazırda Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququna əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan məhkəmənin İddiaçı MMC-nin adına milli qeydiyat sistemində Azərbaycan Respublikası ərazisində əvvəllər və hazırda daşınmaz əmlakın qeydiyyatdan keçib-keçməməsi barədə” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********54 nömrəli, 09.12.2021-ci il tarixli məktubla verilmiş cavabdan müəyyən edilir ki, İddiaçı MMC-nin adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 02.02.2010-cu il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin 18.03.2022-ci il tarixli, **********061500 nömrəli, 18.03.2022-ci il tarixli, **********063900 nömrəli və 18.03.2022-ci il tarixli, **********128300 nömrəli qərarları ilə iddiaçıya 2018-ci, 2019-cu və 2020-ci illər üzrə hər il üçün 79000 manat olmaqla torpaq vergisi hesablanmışdır. Cavabdeh sözügedən qərarların qəbul edilməsini zəruri edən hal kimi, Cəmiyyətin mülkiyyətində 400000 kv.m torpaq sahəsinin olmasına, eyni zamanda həmin torpaq sahəsinin üzərində sahəsi 27800 kv.m olan təsərrüfat subyektinin vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, 2017-2020-ci illər üzrə əmlak vergisi bəyannamələrinin təqdim edilmədiyinə və bu halın vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaya səbəb olmasına istinad etmişdir. İddiaçı isə mülkiyyətində və ya istifadəsində heç bir daşınmaz əmlakın olmamasına istinad edərək sözügedən qərarların ləğv edilməsinə dair ilkin olaraq cavabdeh orqana müraciət etmiş, daha sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.07.2021-ci il tarixli, **********323000 nömrəli qərarı ilə inzibati şikayət üzrə icraata, iddiaçının eyni predmet üzrə iddiasına Bakı İnzibati Məhkəməsində baxılması əsası ilə xitam verilmişdir. Hazırki, iddiasında iddiaçı Bakı şəhəri X2 üzrə Baş İdarəsinin onun barəsində qəbul etdiyi 18.03.2022-ci il tarixli, **********061500 nömrəli, 18.03.2022-ci il tarixli, **********063900 nömrəli və 18.03.2022-ci il tarixli, **********128300 nömrəli qərarlarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 18.03.2021-ci il tarixli qərarlarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın icraatında şikayət baxıldığı müddətdə, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəmyə müraciət edildiyindən, inzibati şikayət üzrə icraata xitam verilməsi barədə 05.07.2021-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı inzibati aktdan şikayət vermə müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. İşin hallarından müəyyən olunur ki, Bakı şəhər icra Hakimiyyəti başçısının 76 nömrəli, 01.03.2010-cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncamına əsasən İddiaçı MMC-nin 26.02.2010-cu il tarixli, A/02-01 saylı müraciəti nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarə kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq 30.04.2010-cu il tarixli, 0901 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsi 40.0 ha torpaq sahəsinə dair icarə hüquqları 49 (qırx doqquz) il müddətinə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 31038 nömrəli vərəqində, 03.09.2011-ci il qeydiyyat tarixi, **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və torpaq sahəsinin plan-ölçü sənədi də, verilmişdir. Sonradan “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında” 26 oktyabr 2005-ci il tarixli, 1065 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı və İddiaçı MMC-nin 03 saylı, 05.07.2012-ci il tarixli müraciət məktubu əsas tutularaq, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7-3079/17 nömrəli, 06.07.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”-ə əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 76 saylı, 01.03.2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun şimal-şərq hissəsində, 400 000 kv.m torpaq sahəsinə bağlanmış 0901 saylı, 30.04.2010-cu il tarixli torpaq icarə müqaviləsinə 05.07.2012-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı MMC-nin adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Vergi orqanının mövqeyinə görə iddiaçı müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məkublarını, cari bəyannaməni və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədləri təqdim etmədiyindən, eyni zamanda torpaq sahəsinin üzərində inşa olunmuş tikilərə dair iddiaçı tərəfindən bir neçə vergi ödəyicisi ilə icarə müqaviləsi bağlanılaraq onlara icarəyə verildiyindən, torpaq sahəsi vergi ödəyicisinin nə mülkiyyətində, nə icarəsində olduğu halda üzərində obyekt tikilməsi və daha sonra digər şəxslərə icarəyə verilməsi mümkünsüz olduğundan, iddiaçıya Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci, 2019cu və 2020-ci illər üçün torpaq vergisi illər üzrə 79000 manat olmaqla ümumilikdə 237000 manat olmaqla əlavə vergi məbləği əsaslı hesablanmışdır. Məhkəmə hesab edir ki, vergi orqanının istinad etdiyi həmin hallar iddiaçıya torpaq vergisi üzrə mübahisəli məbləğin hesablanmasına əsas ola bilməz. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə dair icarə hüquqlarına 05.07.2012-ci il tarixdən etibarən xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq məktublara əsasən də, iddiaçının adına Azərbcayan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan halda, iddiaçının mülkiyyətində, icarəsində və istifadəsində olmayan daşınmaz əmlaka (torpaq sahəsin) görə vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır. Vergi orqanı, iddiaçı tərəfindən mülkiyyətində, istifadəsində və icarəsində olmayan torpaq sahəsində yerləşən bəzi tikinti obyektlərinin müxtəlif hüquqi şəxslərə icarəyə verilməsinin mümkünsüzlüyünə istinad etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlaka dair hüquqlar yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda, müvafiq icra hakimiyyəti orqanı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bu səbəbdən də, iddiaçıdan hüquqları daşınmaz əmlakın dövlət qeydiyyatında qeydiyyata alınmamış daşınmaz əmlaka (torpaq sahəsinə) görə vergi məbləğinin tələb edilməsi qanunsuz və əsassızdır. Məhkəmə eləcə də, qeyd edir ki, vergi qanunvericiliyi vergi orqanına vergi ödəyicisinin əldə etdiyi gəlirin məbləği, sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olubolmamasını, həmin gəlirin əldə olunmasına əsas verən əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri müəyyən etmək və əldə etmək üçün geniş hüquqi imkanlar nəzərdə tutmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.03.2022-ci il tarixli, **********061500 nömrəli, 18.03.2022-ci il tarixli, **********063900 nömrəli və 18.03.2022-ci il tarixli, **********128300 nömrəli Qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1116/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1116/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver