Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11161/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Yeni suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 5, 1 №-li mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsinə cavabdeh məcbur edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvan üzrə mənzil kirayəçisi olan X4 (anasının atası-babası) 1953-cü ildə "AZNEFT" istehsalat birliyi tərəfindən verilmişdir. xx.xx.2010-cu il tarixdən "AZNEFT" İB "Qum Adası" NQÇİ " X12 Company Limited" şirkəti tərəfindən alınmış və "Qum Adası" NQÇİ-yə aid olan bütün sənədlər SOCAR-ın Arxiv idarəsinə təhvil verilmişdir. X9 Əhmədoviç xx.xx.1981-ci ildə vəfat etdikdən sonra onun anası X2 öhdəliklərini icra etmişdir. X3 xx.xx.2021-ci ildə vəfat etdikdən sonra kirayə öhdəliklərini iddiaçı icra edir. Bu mənzildə 1977-ci ildən doğulduğu gündən bu günə kimi qeydiyyatda olmaqla yaşayır. Mənzilə dair olan order neft şirkəti tərəfindən arxivə verilmədiyindən (neft şirkətin məktubuna əsasən verildiyindən, lakin arxivlərin cavablarına əsasən verilmədiyindən), və diqər arxivlərində (Bakı şəhəri və dövlət Arxivində) olmadığından (hətta Bakı ş. Suraxanı rayon icra hakimiyyətinin arxivində və 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyində və 139 saylı MKİS-də ..cavablar əlavə olunur) olmadığından iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlamasından imtina etmişdir. Beləliklə cavabdeh tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyində (Mənzil məcəlləsi və Az.R. mənzil fondunun Özəlləşməsi...) nəzərdə tutulmuş iddiaçını kirayə müqaviləsinin bağlanmasına və gələcəkdə mənzili özəlləşdirməyə hüquqları pozulur.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAR tərəfindən (Azneft) verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
4. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 1/1075 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı evin, 1 saylı mənzilinə dair 1952-ci ildən bu günədək olan sənədlərin, orderin, ümümi iclas protokolundan çıxarışın və qərarın surətinin verilməsi barədə ünvanladığı müraciətə Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan illərə dair sənədlər qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən müraciətinizin həlli imkanları xaricindədir. Həmçinin həmin ünvanda qeydlyyatda olan şəxslər barədə arayışın verilməsi üçün 3 saylı xüsusi təyinatlı MKTB-nin 139 saylı mənzil-kommunal istismar sahəsinə müraciət etmək tövsiyə olunur.
5. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAr-ın Baş Ofisinin Mərkəzi X1 verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı evin 1 saylı mənzilinə dair sənədlər saxlanılmadığından göstərilən ünvanla bağlı hər hansı bir sənədin verilməsi mümkün deyildir.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfstı Birliyinin 460 nömrəli xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş, 1952- ci ildə order əsasında X5 verilmiş, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi 5 saylı evin, 1 saylı mənzilinə dair arxivdə olan sənədlər təqdim olunması ilə əlaqədar sorğuya baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamlarına uyğun olaraq 2012-ci ildə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Təhvil-təslim zamanı həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd verilmədiyindən xahişi təmin etmək mümkün olmamışdır.
7. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanı Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olmadığından müraciəti təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir.
8. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-ci il tarixli məktubda qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə uyğun olaraq dövlət mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsi orderi əsasında bağlanır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı evin 1 saylı mənzilinin istifadəsinə verilməsi barədə order təqdim edilmədiyindən xahişi təmin etmək mümkün olmamışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) izahat verərkən bildirmişdir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməmiş və mənzil uçot siyahısına daxil edilməmişdir.
10. Məhkəmə iclasında cavadehin nümayəndəsi iştirak etmişdir.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
16. İddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməmiş və mənzil uçot siyahısına daxil edilməmişdir.
17. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva