Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11164/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək inzibati orqanların hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddia ərizəsinin təmin olunması, ona Qarabağ müharibəsi veteranı adı və Qarabağ müharibasi veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1641/2024 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının daimi qeydiyat ünvanı Ağdam rayonu, Qurdlar kəndidir. Ağdam rayonundan məcburi köçkündür. Buna görə də ailəsi ilə birlikdə Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. 1-ci Qarabağ müharibəsi zamanı 1990-cı ildən 1992-ci ilin mart ayınadək əsası kənd sakinlərimizdən təşkil olunmuş özünümüdafiə dəstəsi ilə birgə Qurdlar kəndinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, sonuncu dəfə isə Xocalı faciəsi zamanı həmyerlilərimizin erməni quldur dəstələrinə əsir düşməməsi və mühasirədən azad olması üçün keçirdiyi Qaraqaya, Əsgəran rayonu istiqamətində etdikləri hücum əməliyyatında iştirak etmişdir. Ağdam rayonu İcra Hakimiyyəti Qasımlı ərazi dairəsi üzrə icra nümayəndəliyinin tərtib etdiyi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı üzrə adı 1-ci vərəq sıra nömrəsi 5-də olması barədə məlumat mövcuddur. Bu siyahıda adının olması ilə döyüş əməliyyatlarında iştirakı təsdiqlənir. Bundan sonra 1-ci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etməyi barədə Azərbaycan dövlət televiziyası və TRT televiziyası arxivində olan, ARB Azərbaycan Dövlət TV kanalında yayınlanmış 1992-ci ilə aid Xocalı qətli zamanı hücumla ələ keçirdikləri erməni Qaraqaya postundan döyüş əməliyyatlarında olmağı barədə video kadrlar mövcuddur. Bu video kadrlarda döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlənir. Həmçinin, Xocalı sakinlərinin mühasirədən azad olunması üçün 1992-ci ilin fevral ayının 26-da keçirdikləri hücum əməliyyatında gördüyü erməni vəhşilikləri və erməni quldur dəstələrinin Xocalı sakinlərinin cəsədləri üzərində etdikləri qeyri insani zorakılıqlardan sonra iddiaçıda əsəbilik gərginlik yuxusuzluq və yatarkən sayıqlamalar kimi psixoloji pozuntular yaranmışdır. İddiaçı bu səbəblə müalicələr almışdır. Bu barədə Ağdam ruhi xəstəxanasının 1992-ci il tarixli arayışında Xocalı soyqırımı zamanı döyüşlərdə iştitakı və psixoloji pozuntu travma almağı öz təsdiqini tapır. İddiaçı 04 dekabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir. Göründüyü kimi yerli icra hakimiyətinin təsdiq etdiyi döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısından əlavə, döyüş əməliyyatlarında iştirakını təsdiq edən 1992-ci ilə aid videosüjet, bundan sonra döyüşlərdə iştirakı və döyüşlərdə aldığı psixoloji pozuntu travma haqqında 1992-ci ilə aid xəstəxana arayışı mövcuddur. Hesab edir ki, təqdim etdiyi sübutlar qanunvericiliyin tələblərinə uyğun olduğu üçün iddia tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. İddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. İddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, həmçinin bildirdi ki, özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etmişdir. Bunu təsdiq edən müvafiq video və fotoşəkilləri var. Həmçinin, adı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş 1988-1991-ci il tarixdə Qarabağ hadisələri zamanı özünü müdafiə dəstələrində iştirak edənlərin siyahısına daxil edilmişdir. Həmçinin, döyüşdən sonra özünü xəstə hiss etdiyindən bir müddət Ağdam rayon Ruhi Xəstəxanasında yatmışdır. Bununla bağlı arayışı da mövcuddur. O ki qaldı onun N saylı hərbi hissənin tərkibində xidmətdə olması faktının təsdiq edilməsinə əslində o, həmin hərbi hissənin tərkibində xidmət etməmiş, sadəcə özünümüdafiə dəstəsinin tərkibində döyüşərkən həmin hərbi hissə ilə birlikdə döyüşmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraza uyğun çıxış edərək, həmçinin bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş siyahını mötəbər hesab etmir. Belə ki, həmin siyahı şahid ifadələri əsasında tərtib edilmişdir. İddiaçının döyüşdə iştirakını təsdiq edən digər hər hansı sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1968-ci il tarixdə Ağdam rayonu, Qurtlar kəndində anadan olmuş, ünvan 2i ünvanında qediyyatdadır. 99 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 545 nömrəli arayışına əsasən iddiaçı ünvan 3 ünvanında yaşayır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçıya “müharibə veteranı” vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi sənədlərə aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının xx.xx.2023-cü il tarixli iclasında baxılmışdır. İddiaçı sənədləri hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2023-cü il tarixli 4 nömrəli protokolundan çıxarışdan görünür ki, təqdim edilən sənədlər hüquqi əsas vermədiyi üçün iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməməsi qərara alınmışdır. Ağdam rayon İcra Hakimiyyətinin Başçısının 05 mart 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim edilmiş müvafiq siyahıya və rəsmi məlumata əsasən Ağdam rayonu Qurdlar kənd sakini Məmmədov X3 özünümüdafiə dəstəsinin tərkibində 1988-1991-ci illərdə Qarabağ hadisələri zamanı erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir.Lakin həmin dövrə dair hər hansı post kitabı Ağdam rayon İcra Hakimiyyətində və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə mövcud deyildir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Qurdlar kənd sakini İddiaçı 1988-1991-ci illərdə Şelli kəndinin özünümüdafiə dəstəsində iştirak etmişdir. Halhazırda özünümüdafiə dəstəsində iştirak edən mülki şəxslərin siyahısı olan post kitabı mövcud deyil, işğal zamanı postda qalmışdır. Ona görə də, özünümüdafiə dəstəsində iştirak edən şəxslər haqqında 27 mart 2021-ci ildə onların adlı siyahısı hazırlanmışdır. Həmin siyahıda Qurdlar kənd sakini İddiaçı Seymur oğlu 5-ci sırada göstərilmişdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd İ.Ə.D üzrə nümayəndəliyinin vətəndaşları 1988-1991-ci il tarixdə Qarabağ hadisələri zamanı özünü müdafiə dəstələrində iştirak edənlərin adlı Siyahısında iddiaçının adı 5-ci sırada qeyd edilmişdir. Ağdam 2 nömrəli Ruhi Xəstəxanası tərəfindən iddiaçıya verilmiş 28 mart 1992-ci il tarixli arayışdan görünür ki, Ağdam rayon Mərkəzi Xəstəxanasının qeydlərinə əsasən döyüşlər zamanı Xocalı sakinlərinin mühasirədən çıxarılması və cəsədlərinin Ağdama gətirilməsində iştirak etdikdən sonra İddiaçı özünü xəstə hesab etmişdir. Ağdam 2 nömrəli Ruhi Xəstəxanası daimi atəşə tutulduğuna və xəstədə hər hansı bir ağırlaşma olmadığına görə xəstə 15 günlük ambulator müalicəyə yönləndirilmişdir. Ağdam 2 nömrəli Ruhi Xəstəxanasının həkim komissiyasının rəyi: Qorxudan yaranmış yüngül dərəcəli psixolojı pozuntular (müvəqqəti xarakterli). Ağdam Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı oktyabr 1991-ci il tarixdən aprel 1992-ci il tarixə kimi döyüşən ordunun, N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi xidmətdə olması faktı təsdiq edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-811/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı” və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Qərarda qeyd edilmişdir ki, “Ağdam rayon məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının oktyabr 1991-ci il tarixdən aprel 1992-ci il tarixə kimi döyüşən ordunun, N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi xidmətdə olması faktı müəyyən olunsa belə, onun sonrakı xidməti, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat (hərbi hissə komandirinin müvafiq əmri) yoxdur”. Gəncə İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 592 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı” və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair 2-1(114)-811/2022 nömrəli inzibati iş üzrə iddia tələbi xx.xx.2022-ci il tarixdə təmin edilməmiş və qərar tərəflərə göndərilmişdir. Həmin inzibati işdən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 06 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il, N №-li hərbi hissə komandirinin martdekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirdi ki, iddiaçı ilə qonşu olmuş və müharibə başladığı dövrdə Sovet sədrinin təşəbbüsü ilə yaradılan özünümüdafiə dəstəsinin tərkibində bir yerdə döyüşlərdə iştirak etmiş, posta bir yerdə çıxmışlar. Özü 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayınadək döyüşlərdə iştirak etmişdir və ona məhkəmə qərarına əsasən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı ilə bir yerdə döyüş bölgəsindən foto və videogörüntüləri var. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 2-ci hissəsində həmçinin qeyd edilir ki, bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin yuxarıda qeyd edilən müddəalarından görünür ki, 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünün müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərə müharibə veteranı adı arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Öncə qeyd edilməlidir ki, iddiaçı bir dəfə cavabdeh kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyini göstərərək eyni tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt iddiaçı qeyd edilən dövrdə N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyini bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hazırda iddiaçı tələbinin əsasını dəyişərək özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adı verilməsini xahiş edir. İddiaçının tələblərinin bir-biri ilə ziddiyyət təşkil etməsi onun tələbinin əsaslılığına dair məhkəmədə daxili inamın azalmasına səbəb olur. Eyni zamanda göründüyü kimi iddiaçı Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1988-1991-ci illərdə Qarabağ hadisələri zamanı özünü müdafiə dəstələrində iştirak edənlərin adlı siyahısında adının qeyd edilməsinə əsaslanmışdır. Lakin yuxarıda qeyd edilən əsasnamənin müddəalarından görünür ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda şəxsə müharibə veteranı adı verilməsi üçün əsas təşkil edə bilər. Lakin, iddiaçının döyüşlərdə özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsi halı hər hansı əmr, hərbi bilet, xəsarət haqqında arayış və sair sübutlarla təsdiq edilmir. Bu səbəbdən məhkəmə həmin sübutu mötəbər hesab etmir. İddiaçı eyni zamanda foto və video sənədlərə, həmçinin şahid ifadəsinə əsaslanmışdır ki, həmin sübutlarla iddiaçının məhz qeyd edilən dövrlərdə döyüşlərdə iştirakı təsdiq edilə və iddianın təmini üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi" tələbinə dair iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11164/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11164/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver