Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11168/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Əzizbəyov (hazırkı Pirallahı) rayonu Gürgən- Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarına əsasən İddiaçı daimi istifadəsinə Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində ümumilikdə 33,16 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsindən əvvəl Gürgən-Pirallahı Bələdiyyəsi Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) RİH ilə razılaşdırmışdır. İddiaçı MMC ona ayrılmış torpaq sahəsini tullantılardan təmizləmiş, orada abadlıq işləri aparmış, torpağın hamarlanması üçün külli miqdarda əmək və vəsait sərf etməklə, əraziyə 1.000-dən çox yük maşını ilə münbit torpaq gətirmiş, həmin ərazidə 1.000-dən artıq həmişəyaşıl və meyvə ağacları əkməklə ərazini standart mişar daşları ilə hasara aldırmışdır. Sonradan Gürgən-Pirallahı Bələdiyyəsi qanunsuz və əsassız olaraq iddiaçıya aid torpaqayırma qərarlarının ləğv edilməsi barədə yeni qərar qəbul etmişdir. Lakin İddiaçı MMC-nin Gürgən-Pirallahı Bələdiyyəsinin torpaqayırma qərarlarının ləğv edilməsi barədə verdiyi iddia 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü İl tarixli qərarı İlə təmin edilmiş və Bələdiyyənin həmin qərarı ləğv edilmişdir. Bundan sonra Bakı ŞİH-in apeliyasiya şikayətinə əsasən İddiaçı MMC-nin daimi istifadəsində olan 33,16 ha torpaq sahəsinin 5,93 ha hissəsi Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə həmin hissədə qərar ləğv edilmiş, qalan hissədə icraata xitam verilmişdir. Həmçinin Bakı ŞİH Bakı Apeliyasiya Məhkəməsinə iddia tələbindən hissəvi imtina barədə verdiyi ərizəsində göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus olan torpaq sahəsinin Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üst-üstə düşməyən, yəni 27,29 ha hissəsi üzərində hüququnun rəsmiləşdirilməsinə etiraz etmir və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət hüququ heç bir formada icra hakimiyyəti tərəfindən, məhdudlaşdırılmır. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Pirallahı rayon Gürgən-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarına əsasən Pirallahı qəsəbəsinin cənub-qərb hissəsindən onun daimi istifadəsinə ayrılmış ümumilikdə 33,16 ha torpaq sahəsinin 27,29 ha hissəsi üzərində istifadə hüququnun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, bütün sənədlər İdarəyə təqdim edilmişdir. Lakin sənədlərin qaydasında olsa da, 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək, İddiaçı MMCnin 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsindən 21 aprel 2020-ci il tarixli **********88 saylı məktubu ilə əsassız olaraq imtina etmişdir. İdarə imtinası həmin torpaq sahəsinin yerləşmə sxemində dəqiq istinad məsafələrinin göstərilməməsi, onun bələdiyyə mülkiyyətinə aid olmaması, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim edilməməsi, iddiaçıya daimi istifadə hüququ ilə ayrılmasının mümkün olmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, İddiaçı MMC-yə ayrılmış 27,29 ha torpaq sahəsi üç tərəfdən hasarlarla, dördüncü tərəfdən isə Xəzər dənizi ilə əhatə olunduğuna, yerləşmə sxemi isə bələdiyyə tərəfindən tərtib edildiyinə görə inzibati orqanın həmin torpaq sahəsinin dəqiq istinad məsafələrinin göstərilməməsi və ölçülərində fərqlərin mövcudluğu barədə mülahizəsi əsassızdır. Bundan başqa həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim edilməməsi barədə cavabdehin mülahizələri də əsassızdır. Belə ki, Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 833 saylı sərəncamına əsasən 1.755,4 ha torpaq sahəsi Pirallahı Bələdiyyəsinə təhvil verildiyinə və Bakı ŞİH-in Bakı Apellyasiya Məhkəməsinə iddia tələbindən hissəvi imtina barədə verdiyi ərizəsində İddiaçı MMC-yə məxsus olan torpaq sahəsinin Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi üst-üstə düşməyən, yəni 27,29 ha hissəsi üzərində hüququnun rəsmiləşdirilməsinə etiraz etmədiyi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət hüququ heç bir formada icra hakimiyyəti tərəfindən məhdudlaşdırılmadığı göstərildiyinə görə cavabdeh imtina üçün bu halları əsas gətirə bilməzdi. Həmçinin həmin torpaq sahəsinin İddiaçı MMC-yə daimi istifadə hüququ ilə ayrılmasının mümkün olmaması barədə gəldiyi nəticə də qanunla təkzib olunur. Belə ki, 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Torpaq Mcəlləsinin 50ci maddəsinə bələdiyyə torpaqlarının istifadə hüququ ilə bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilməsini nəzərdə tutan yeni məzmunda 4-1-ci bənd əlavə edilmişdir. İddiaçı MMC-nin daimi istifadəsinə 15 mart 2007-ci il tarixdə, yəni Torpaq Məcəlləsinin 50-ci maddəsində dəyişiklik olanadək torpaq sahəsi verilmişdir. Cavabdehin 21 aprel 2020-ci il tarixli **********88 saylı məktubunda İddiaçı MMC-nin 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtinaya əsas kimi göstərdiklərinin heç biri «Daşınmaz əmlakın dovlət reyestri haqqında» Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 45 – 47, 68 və 79-cu maddələrini rəhbər tutaraq İddiaçı MMC-nin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənubqərb hissəsində yerləşən 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı MMC-nin iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 26 fevral 2020-ci il və 3 mart 2022-ci il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən yerləşmə cizgisində torpaq sahəsinin dəqiq istinad və məsafələri göstərilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilən ərazi olmaqla, dövlət mülkiyyətində olan torpaqdır. Bundan başqa, qeyd edilən ərazinin bir hissəsi digər şəxsin (“İnnovasiyalar Agentliyi” publik hüquqi şəxsinin) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bundan başqa, qeyd edilən torpaq sahəsinə dair Bakı şəhəri Pirallahı RİH başçısının Aparatı tərəfindən İdarəyə ünvanlanmış 18 iyul 2013-cü il tarixli 245/BM-1 saylı məktuba əsasən Pirallahı qəsəbəsində yerləşən torpaq sahəsinin fiziki və hüquqi şəxslərin istifadə və ya icarəsinə verilməsinə dair müvafiq sənədlər (sərəncam, qərar, müqavilə və s.) torpaqdan məqsədli təyinatı üzrə, səmərəli və ayrılma şərtlərinə uyğun istifadə edilmədiyi üçün onları qəbul etmiş orqan tərəfindən ləğv edilmiş və həmin şəxlərin torpaq üzərində istifadəsinə xitam verilmişdir. Pirallahı qəsəbəsində yerləşən, torpaq sahəsi üzərində istifadəsinə xitam verilmiş fiziki və hüquqi şəxslər, həmçinin torpağın ayrılmasına dair ləğv olunmiş sənədlər barədə məlumatın 24-cü bəndində İddiaçı MMC-nin adı göstərilmiş, Xəzər rayon Gürgən-Pirallahı Bələdiyyəsinin 1 noyabr 2006-cı il tarixli 13 saylı protokolunun qərarı, 1 noyabr 2006-cı il tarixli müqavilə, 15 mart 2007-ci il tarixli 07 saylı-protokolunun qərarı və 15 mart 2007-ci il tarixli müqavilənin Xəzər rayon Gürgən-Pirallahı Bələdiyyəsinin 18 iyun 2013-cü il tarixli 07 saylı protokolunun qərarı ilə ləğv edildiyi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü il tarixli qərarı İdarəyə rəsmi qaydada daxil olmamış, İdarə tərəf qismində cəlb edilməmişdir. Həmçinin müvafiq qərarla İdarənin üzərinə öhdəlik qoyulmamışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvvədə olmuş «Torpaqların alqı-satqısı Qaydaları»na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1 və 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini tələblərini rəhbər tutaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Pirallahı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşdiyindən, işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunamüvafiqdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-nin müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək vurğulayır ki, hazırkı İddiaçı MMC-yə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Gürgən-Pirallahı Bələdiyyəsi müvafiq ərazidə 33,16 ha torpaq sahəsi ayrılan zaman keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Əzizbəyov RİH-in rəyləri alınmalı, bələdiyyə ilə iddiaçının arasında müqavilə bu barədə kollegial orqan kimi bələdiyyənin müvafiq qərarı qəbul olunduqdan sonra bağlanmalı idi. Məhkəmə diqqətə çəkir ki, İddiaçı MMC-yə ayrılan torpaq sahəsi ilə bağlı aidiyyəti qurumdan rəy alınmaması və “Torpaq sahəsinin alqı-satqı aktı”nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (yerli qurumu) tərəfindən təsdiqlənməməsi hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edirlər. Odur ki, məhkəmənin qənaətinə görə müvafiq “rəyin alınmaması” və “alqı-satqı aktının təsdiqlənməməsi” iddiaçının iradəsindən asılı olmayan hallar kimi onun torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina əsası olaraq çıxış edə bilməz. Bələdiyyənin müvafiq qərarında torpaq sahəsinin İddiaçı MMC-nin mülkiyyətinə deyil, istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan imtina üzrə dəlil kimi həm də mübahisənin obyekti olan müvafiq torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan əraziyə aid olmasını, bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olanm ərazi hüdudlarında yerləşməsini, habelə başqa şəxsin adına qeydiyyat alınmış sahə ilə üst-üstə düşməsini təqdim edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3.1.25-ci bəndinə görə qurumun vəzifələri sırasına dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq da daxildir. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-yə Xəzər rayonu Gürgən-Pirallahı Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin ayrılan zaman bələdiyyə mülkiyyətində olub-olmaması barədə məhkəmə icraatında yalnız cavabdeh inzibati orqandan məlumat (yazılı etiraz) daxil olsa da, işin bu xüsusatı ilə bağlı başqa mənbədən məlumat və ya əks arqument alınması mümkünsüzdür. Belə olan halda, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətindəki ərazilərə aid olması barədə imtinasının dəlili cavabdehin fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri çərçivəsində verdiyi rəy kimi qəbul olunmalıdır. Qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hazırkı icraatda tədqiq olunmuş sübutlara məcmu qaydada qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi 15 mart 2007-ci il tarixli 7 saylı qərarı Gürgən-Pirallahı Bələdiyyəsi müvafiq torpaq sahəsi üzərində səlahiyyəti olmayan qurum kimi qəbul etdiyindən, cavabdeh inzibati orqan iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən haqlı olmuşdur. Gürgən-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarı iddiaçının həmin qərarda nəzərdə tutulan torpaq sahəsi üzərində hüququnun qeydiyyat alınmasına əsas kimi çıxış edə bilməz. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11168/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11168/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver