Məhkəmə qərarları › İş №2-1(112)-1117/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1117/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1117/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə qarşı “əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə qarşı məhkəməyə müraciət edərək xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş İddiaçı xx.xx.1993 - xx.xx.1996-cı illər ərzində Milli Qvardiyada təqvimlə və xx.xx.1996 xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün hərbi xidmət stajını 3 qat hesablayaraq güzəştli 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajını nəzərə alaraq, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərclərin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə Qaydalarının “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqəsi” (1 nömrəli Əlavə) elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə AR ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ötürülməsi, həmin Məlumat vərəqəni (2 nömrəli əlavə) məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edilməsi öhdəliyinin icra edilməsini cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş və hazırda ailə üzvləri ilə birlikdə yaşayır, habelə yaşayış yeri üzrə pasport qeydiyyatındadır. O, xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixinə kimi Prezidentinin Təhlükəsizliyi Xidmətinin (keçmiş AR XDMX) sıralarında həqiqi hərbi xidmət keçmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2007-ci il tarixə kimi aşağıdakı illər üzrə ümumi sığorta stajı olmuşdur: Təqvim üzrə xidmət: 14 il 09 ay 21 dün, Güzəşt üzrə xidmət: 10 il 06 ay 08 gün, Ümumi sığorta stajı: 25 il 03 ay 29 gün. X1 Xidmətinin 444 saylı xx.xx.2007-ci il 11/1250 saylı xx.xx.2011-ci il tarixli məktubları və adına verilmiş ZE seriyalı ******* saylı xx.xx.2008-ci il tarixli hərbi biletlə təsdiqlənir. Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərclərin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə Qaydaları”nın 1 və 3-cü hissələrinə uyğun olaraq Prezidentinin Təhlükəsizlik Xidmətində həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçulara əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Adıçəkilən Qaydaların 7-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Yuxanda qeyd edilən faktları nəzərə alaraq, Xidmətin (keçmiş AR XDMXnin) sabiq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsinə görə, AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərclərin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə Qaydaları”nın “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqəsi” (1 nömrəli Əlavə) elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ötürülməsi, həmin Məlumat vərəqəni (2 nömrəli əlavə) məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edilməsi və bu barədə ona məlumat verilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə həmin idarəyə müraciət etmişdir. Xidmət xx.xx.2023-cü il tarixli 3- 42/2-54/609/2023 saylı məktubu ilə xahişini təmin etməmiş və müraciətimin təmin edilməməsinin səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra Qanun) 9.5-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə pensiya hüququnun yaranmaması göstərilmişdir. Məlumat üçün bildirir ki, adıçəkilən məktub məxfi poçt vasitəsi ilə ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Cavabdehin hərbi qulluqçu kimi yaşa görə ona əmək pensiyasının təyin edilməməsi barədə öhdəliyin icrası haqqında hərəkəti aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur: əvvəla, məlum məktubda qeyd edilir ki, Qanunun 9.5-ci maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə pensiya hüququ yaranmamışdır. Cavabdehin bu arqumenti ilə bağlı bildirmək istəyir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarına əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2007ci il tarixdən qüvvədən düşmüşdür) iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə iş stajına daxil edilirdi (xx.xx.2005-ci il tarixinə kimi qüvvədə olan Qanun ilə həmin tarixə kimi üçqat hesablanırdı). Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” (AR-nın 109 saylı xx.xx.1992-ci il tarixli Qanunu ilə qəbul edilmişdir) Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Bu faktları nəzərə alaraq, “Hərbi qulluqçuların pensiya təminatı haqqında və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumu qərara alır: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-1İQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun məlum qərarının tələbini nəzərə alaraq, onun xx.xx.1993-xx.xx.1996-cı illərdə Milli Qvardiyada təqvimlə və xx.xx.1996 - xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün , habelə bu staj 3 qat hesablanaraq güzəşlə 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajının olduğu müəyyən edilir. Bu faktlar onu deməyə əsas verir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək adıçəkilən Qanunun 12-ci maddəsinə əsasən 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) olmuş, bu isə onun hərbi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etməyini təsdiq edir. Cavabdeh Prezidentinin Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri hərbi xidmət illərinə görə ona güzəştli şərtlərlə ömürlük pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri aidiyyəti üzrə ötürülməsi barədə öhdəliyi icra etməməsi onun Konstitusiyası, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarını, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 109 saylı xx.xx.1992-ci il tarixli Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarını pozmuşdur.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı XDMX rəisinin xx.xx.2007-ci il tarixli 156 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdıqda) həqiqi hərbi xidmətdən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmışdır. İlk növbədə qeyd edirik ki, iddianın qaldırılmasının prosessual müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsində göstərilir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XDMX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İddiaçı barəsində aparılmış müvafiq araşdırmanın nəticəsinə görə hərbi xidmətdən ehtiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona bu barədə qeyd vərəqəsi təqdim olunmuşdur. Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Beləliklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, 03 noyabr 2007ci il tarixində İddiaçı elan olunmuşdur. Əmrin elan olunduğu vaxtdan hesab olunduqda isə iddianın qaldırılması müddəti buraxılmışdır. Əgər iddia müddətinin keçməsi faktını əmrin iddiaçıya elan olunduğu vaxtdan deyil, məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarının qəbul edildiyi vaxtdan hesablasaq, hər bir halda iddianın qaldırılması müddətinin buraxılmasını müşahidə etmək olar. Eyni zamanda, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi nə 2004-cü ildə, nə də ehtiyata buraxıldığı vaxt, yəni 2007-ci ildə xidmət illəri ona əmək pensiyası təyin olunmasına imkan verməmişdir. Çünki, o, 2004-cü il 13 sentyabr tarixinədək nə güzəştli şərtlərlə, nə də təqvim hesabı ilə xidmət illərinə görə pensiya hüququ əldə etməmişdir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərin qüvvəyə mindiyi günə iddiaçının təqvim illəri 11 il, 07 ay, 18 gün, güzəştli xidmət illəri isə 07 il, 04 ay, 06 gün olmaqla, cəmi 18 il, 11 ay, 24 gün təşkil etmişdir. İddiaçı isə xx.xx.2007-ci il tarixdə ehtiyata buraxıldığı günə təqvim illəri cəmi 14 il, 09 ay, 20 gün təşkil etmişdir. Beləliklə, 2004-cü il 13 sentyabr tarixinədək İddiaçı güzəştli şərtlərlə birlikdə xidmət illəri 18 il 11 ay 25 gün təşkil etdiyindən və hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq xidmət illərinin 20 təqvim ili olmaması səbəbindən ona əmək pensiyasının təyin olunması mümkün deyildir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

7. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

15. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər.

16. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı?

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.8-ci Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.

19. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən:

1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.

20. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (1 sentyabr 2004-cü il tarixli dəyişikliyə qədər olan redaksiya)

12. Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

21. İş materiallarına əlavə edilmiş iddiaçının təqvim və güzəştli xidmət illəri barədə arayışdan görünür ki, qeyd edilən Azərbaycan Respublikasının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununda edilən dəyişikliklərin qüvvəyə mindiyi günə iddiaçının təqvim illəri 11 il, 07 ay, 18 gün, güzəştli xidmət illəri isə 07 il, 04 ay, 06 gün olmaqla, cəmi 18 il, 11 ay, 24 gün təşkil etmişdir.

22. Bu baxımdan da məhkəmə iddiaçının təqvim və güzəştli xidmət illərinin cəmi pensiya təyin edilməsi üçün zəruri şərt olan 20 ildən az olduğu üçün onun 2004-cü il 01 sentyabr tarixinədək pensiya hüququ əldə etmədiyini müəyyən etmişdir.

23. Beləliklə, qeyd edilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu olmadığından, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində xidmət müddəti 20 ili tamam olmadığından cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar