Məhkəmə qərarları › İş №2-1(112)-11170/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11170/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11170/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “qeydiyyat şəhadətnaməsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X3" markalı, ban nömrəsi WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə uçota alınması və ona bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Gürcüstan Respublikasına gedib oradan onun adına «Ford Transit» yük markalı, 03232JB tranzit qeydiyyat nişanlı, vaqon tipli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobil almış və həmin avtomobil 05 aprel 2022-ci ildə Gömrükdən keçərək ölkəyə daxil olmuşdur. Həmin avtomobilin onun adına qeydiyyata alınması üçün 20 aprel 2022-ci il tarixdə sənədləri BDYPİ-nə təqdim etmiş və orada avtomobilə baxış keçirilən zamanı avtomobilin İnterpol xətti ilə axtarışda olması məlum olmuşdur. Bu barədə araşdırma aparılması üçün sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılmış, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında «04» may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə təkrarən müraciət edərək, «Ford Transit» yük markalı, 03232JB tranzit qeydiyyat nişanlı, vaqon tipli avtomobilin onun adına qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdehin 04 iyun 2022-ci il tarixli məktubu ilə müraciətindən imtina edilərək, qeyd olunan "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi Almaniya Federativ Respublikasından oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2i İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququmun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilməsi göstərilmişdir. Cavabdehin bu imtinası ilə razı deyil və ona məxsus "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmalıdır. Belə ki, həmin avtomobilin dəyərini ödəyərək, həmin avtomobili qanuni yollarla öz sahibindən almış, həmin avtomobili mənə satan şəxsin həmin avtomobil üzərində sərəncam vermək hüququ olduğuna görə bu barədə Gürcüstan Respublikasında rəsmi sənədləşmə aparılmışdır. Həmin avtomobilin oğurluq avtomobil kimi interpol vasitəsi ilə axtarışda olması isə həmin avtomobilin onun mülkiyyətinə verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki Qanunvericiliyə əsasən "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsini əldə edərkən həmin əmlakın oğurluq olmasını bilməmiş, həmin əmlakı onun mülkiyyətçisindən əldə etmiş, bu səbəbdən həmin əmlaka dair vicdanlı əldə edən olduğuna görə həmin əşyanın mülkiyyətçisi hesab edilir. Belə ki, işi hallarından da görünür ki, qeyd edilən avtomobilin oğurluq olması barədə məlumat olsa da, həmin avtomobili satan şəxsin həmin avtomobilin mülkiyyətçisi olmaması barədə, həmin şəxsin sənədlərinin saxta olması barədə heç bir sübut yoxdur. İnzibati İcraat Haqqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin hallarından da görünür ki, cavabdeh həmin avtomobilin axtarışda olması barədə məlumat əldə etdikdən sonra bu barədə araşdırma aparılması üçün müvafiq orqanlara müraciət etmiş, araşdırmanın nəticəsi olaraq cinayət işinin başlıanması rədd edilmişdir. Həmin araşdırma nəticəsində də mənim qeyd olunan avtomobilə nisbətdə vicdanlı alıcı hesab edilməklə əməlində oğurluq və digər cinayətin tərkibi əlamətləri olmaması müəyyən edilmişdir. Beləliklə də "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsinə dair cavabdehə təqdim etdiyi sənədlərin saxta olmaması, həmin sənədlərin həqiqətə uyğun olmadığının sübuta yetirilməməsi, avtomobilin aldığı şəxsin həmin avtomobilin əsl mülkiyyətçisi olmamasının sübuta yetirilməməsi artıq həmin avtomobilin onun adına qeydiyyata alınması üçün mötəbər əsaslardır. Belə olduğu halda isə cavabdeh qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılmasından imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 016-68312-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi Almaniya Federativ Respublikasından oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2i İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 005-9023-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, «Ford Transit» markalı, üzərində 032322JB tranzit qeydiyyat nişanı olan, vaqon tipli, WFOXXXTTGXFJ60369 ban nömrəli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti göndərilməklə izah olunur ki, qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə şikayət vermək hüququ vardır. İddiaçı tərəfindən Levan Samxarauli Milli Məhkəmə Ekspertizası Bürosu ilə bağlanmış ********** saylı xx.xx.2021-ci il tarixli ekspert xidməti haqqında müqavilə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-25/2-9808/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İnterpolun Baş Katibliyindən alınan məlumata görə, VİN: WF0XXXTTGFXJ60369 olan, “FORD TRANZİT” markalı avtomobillin axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik-leytenant A.Q.Babayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı qeyd edilən fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın 4-cü bəndinə əsasən “FORD TRANSİT yük” markalı, üzərində 032322JB tranzit qeydiyyat nişanı olan, vaqon tipli, WF0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobillə bağlı mübahisəli məsələlər həll olunana qədər nəqliyyat vasitəsinin qeydiyyatının aparılmaması, həmçinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmaması barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 021-4726-1222 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: WF0XXXTTGFXJ60369 olan, DU-1S5014 qeydiyyat nişanlı, “FORD TRANSİT” markalı nəqliyyat vasitəsi 31 avqust 2020-ci il tarixdə Almaniyada oğurlanmış və 28 aprel 2021-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. **********0230 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 870421 9900, 31-ci qrafasında “yük avtomobili: ford transit (dizel) istehsal tarixi xx.xx.2015-ci il, mühərrik həcmi 2198 sm.kub, şasso ban nömrəsi WF0XXXTTGXFJ60369”, 22-ci qrafasında ümumi invoys dəyəri 2900,00 olmaqla “Azərterminalkompleks” Birliyi tərəfindən bəyan edilmişdir. Gürcüstan Rustavi Rayon Prokurorluğunun SR**********CR saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət qanunvericiliyində nəzərdə tutulmuş hər hansı tədbir olmadığı üçün Levan Xitarişvilinin avtomobilinin sənədlərinin və identifıkasiya nömrəsinin saxtalaşdırılması faktı üzrə **********04 saylı cinayət işinin istintaqı dayandırılsın. İşdə təqdim olunan İdentifıkasiya nömrəsi - WFOXXXTTGXFJ60369 olan FORD markalı avtomobil və müvafiq sənədlər qanuni sahibinə qaytarılmalıdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); Məhkəmə iddiaçının idxal etdiyi nəqliyyat vasitəsinə Azərbaycan Respublikası ərazisində hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər 1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

11. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə ki, həm məhkəməyəqədər inzibati araşdırma nəticəsində, həm də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki VİN: WF0XXXTTGFXJ60369 olan, DU-1S5014 qeydiyyat nişanlı, “FORD TRANSİT” markalı nəqliyyat vasitəsi 31 avqust 2020-ci il tarixdə Almaniyada oğurlanmış və 28 aprel 2021-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Məhkəmə nəzərə alır ki, işin materialları ilə açıq-aşkar müəyyən edilir ki, sözügedən nəqliyyat vasitəsi Almaniya Federativ Respublikasından 2020-ci il tarixdə oğurlanmışdır və iddiaçının cavabdehə müraciət ərizəsindən də məlum olur ki, o, hazırda qeyd edilən haldan xəbərdardır, lakin, vicdanlı əldə edən olduğunu iddia edərək nəqliyyat vasitəsinin adına qeydə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik-leytenant A.Q.Babayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı qeyd edilən fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın 4-cü bəndinə əsasən “FORD TRANSİT yük” markalı, üzərində 032322JB tranzit qeydiyyat nişanı olan, vaqon tipli, WF0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobillə bağlı mübahisəli məsələlər həll olunana qədər nəqliyyat vasitəsinin qeydiyyatının aparılmaması, həmçinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmaması barədə İddiaçı xəbərdarlıq edilmişdir. Qeyd edilən səbəblərdən, məhkəmə hesab edir ki, cavabdeh qurum nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasından imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar