Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11173/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından ona dəymiş maddi ziyana görə 60000 manat kompensasiyanın Kapital Bankdakı hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. 15.11.2021-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, daşınmaz əmlaka olan hüququna toxunulduğuna görə, keçmiş Dövlət Torpaq Komitəsi tərəfindən 12.01.2006-cı ildə ona verilmiş JN-244H (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qeydiyyatdan çıxarılmasına və ona dəymiş maddi ziyana görə Əmlak Məsələri Dövlət Xidməti hesabına 60000 manat, mənəvi ziyana görə isə 15000 manat kompensasiyanın Kapital Bankdakı hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Əmlak Məsələri Dövlət Xidmətinə dəfələrlə müraciət etməsinə baxmayaraq mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin “plan və ölçüsünün” elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstərişlərinə dair məlumatların verilməsinin vaxtı uzadılmış və son anda qanunsuz olaraq kadastr göstəriciləri verməkdən imtina edilmişdir.
4. Cavabdeh 02 noyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri ixtisaslaşdırılmış hüquqi şəxsdir və torpaq sahəsinə dair plan və ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi ilə əvəz edilməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq, iddiaya qarşı münasibətin bildirilməsi üçün iddia ərizəsinin həmin ərazi idarəsinə təqdim edilməsi xahiş olunmuşdur.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
7. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
8. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
10. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasından ibarətdir.
11. Bu iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir.
12. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
13. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçı özü də kompensasiya tələbi ilə bağlı məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət etmədiyini qəbul etmişdir.
14. Belə olan halda, müəyyən olunur ki, hazırkı iddia məhkəmədə mahiyyəti üzə baxılması üçün tələb olunan mümkünlük şərtlərinə cavab vermir.
15. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova