Məhkəmə qərarları › İş №2-1(112)-1118/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1118/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1118/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı “xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi düzgün təyin edilmədiyindən, həmin qərarın ləğv edilərək “Xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” formasında təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1973-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Keçmiş SSRİ Ordusunda N1-N3-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Lakin sonradan Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hərbi münaqişə yarandığı vaxt iddiaçı da həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi 03 aprel N4-cü il tarixində qulluqda oldduğundan 28 aprel N4-cü il tarixdən Füzuli rayonunun işgal edilmiş kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmişdir. Zəngilan rayon Polis şöbəsinin 21 may N4-cü il tarixli arayışından da görünür ki, iddiaçı həmin dövrdə erməni işğalçılarına qarşı döyüşmüş, 30 avqust N5-ci il tarixinədək polis nəfəri kimi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı iddiaçı aldığı xəsarətlər nəticəsində “Qapalı kələ-beyin travması, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə 3 №-li Şəhər Kliniki Xəstəxanasında xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək müayinə və müalicə olunmuşdur. Həmçinin polis orqanından işdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X3 “Keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. İnzibati orqanın, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Tibbi İdarəsinin xx.xx.2019-cu il tarixli aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina etməsi barədə məktubu qanunsuzdur. Hərbi-Həkim Komissiyasına travma haqqında arayış təqdim edilmədiyindən onun aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyil. Bu əsaslandırma isə qanunsuzdur. İddiaçı müddətli həqiqi hərbi xidmətini keçmiş SSRİ-nin Sovet Ordusu sıralarında çəkmişdir. Sonradan isə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəstəliyə düçar olmuşdur. Onun aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina edilməsi düzgün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına müraciət edərkən yaralanmanın döyüş bölgəsində xidməti vəzifəsinin icrası ilə bağlı olmasını təsdiq edən xidməti təhqiqat materiallarını (travma haqqında arayış, xidməti rəy, istintaq materialları və s.) təqdim etməmişdir. Eləcə də İddiaçı sorğu yolu ilə DİN-in arxivindən əldə edilən xidmətkeçmə siyahısında onun döyüş bölgəsinə ezam olunması barədə heç bir qeyd aşkar edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olubolmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı xəsarətinin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək hərbi xidmət dövründə aldığı xəsarətin səbəb əlaqəsi müəyyən etməklə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı almışdır” kimi yazılmaqla şəhadətləndirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Babayev X5 rayonu, Mincivan qəsəbəsi, M.Əsədov küçəsi 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.N9-cu il tarixli, 1/1211 nömrəli arayışında qeyd edilmişdir ki, verilir X4 ondan ötrü ki, o, həqiqətən ünvan 3 ünvanda müvəqqəti qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Polis şöbəsinin xx.xx.N7-ci il tarixli, 234 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Zəngilan rayon Polis şöbəsinin Post- Patrul Rotasının sabiq polis nəfəri, polis starşinası İddiaçı ondan ötəri ki, o, həqiqətən 03 aprel N4-cü il tarixdən 30 avqust N5-ci il tarixə kimi xidmət etmişdir. N4-cü ilin aprel-may aylarında Füzuli rayonunun işğal edilmiş kəndlərinin azad edilməsi uyğrunda gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2014-cü il tarixli, ***-*******-3214 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir ondan ötrü ki, həqiqətən 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N4-cü ildən xx.xx.N5-ci ilədək Zəngilan rayon polis şöbəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 nömrəli Şəhər Klinik Xəstəxanasının İddiaçı ərizəsinə cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli, 1078 nömrəli məktubda bildirilmişdir ki, 2788 nömrəli tibbi kartaya əsasən xx.xx.1973-cü il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.N4-cü il tarixdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, xx.xx.N4-cü il tarixdə evə yazılmışdır. İddiaçı adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyrimümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 nömrəli Şəhər Klinik Xəstəxanasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli, 1599 nömrəli məktubunda bildirilmişdir ki, 2788 nömrəli tibbi kartaya əsasən xx.xx.1973-cü il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.N4-cü il tarixdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, xx.xx.N4-cü il tarixdə evə yazılmışdır. İddiaçı adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 2260 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ona görə ki, həqiqətən o, Zabrat qəsəbəsi, Nizami küçəsi 7a ünvanda Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 145 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də starşina İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 124 №-li əmrilə Zəngilan rayonunun polis nəfəri kimi hospitala daxil edilərək xəstələrin siyahısına və qazan təminatına daxil edilmişdir. Daxili Qoşunlar üzrə barəsində yeganə məlumatdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 13-2/1378 nömrəli məktubu ilə göndərilmiş İddiaçı barəsində olan N saylı hərbi hissə komandirinin N iyun N4cü il tarixli 124 nömrəli əmrindən çıxarışdan görünür ki, starşina İddiaçı xx.xx.N4-cü ildə hospitalın müalicə şöbələrinin xəstələr siyahısına və əsgər norması üzrə qazan təminatına daxil edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 0xx/xx-1319-1222 nömrəli məktubu ilə göndərilmiş İddiaçı arxiv şəxsi işinin xidmət siyahısının surətindən görünur ki, o, xx.xx.N4-cü il tarixdə Zəngilan rayon Polis şöbəsinə polis nəfəri vəzifəsinə qəbul olunmuş, xx.xx.N5-ci il tarixdə 59 №-li əmrlə DİO-dan xaric edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 “X11” X9 xx.xx.2022ci il tarixli, 363 nömrəli məktubunda bildirilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı Tibb Mərkəzində xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixə kimi “qapalı kəllə beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 1296 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Daxili İşlər Nazirliyinin X1 xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək “Bel-oma radikuliti” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Əlavə olaraq bildirilir ki, N4-cü ilə aid xəstəlik tarixlərinin və digər tibbi sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021-ci il tarixli, 238-3019-1221 nömrəli məktubu ilə göndərilmiş İddiaçı 1956 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, xəstə İddiaçı 1973-cü il təvəllüdlü, baş ağrı, başda ağırlıq, zəiflik, əzginlik şikayətləri ilə 08.11-xx.xx.N4-cü il tarixinədək DİN RHnın nevrologiya şöbəsində olmuşdur. Anamnesis morbid: uzun illərdir ki, özünü xəstə hesab edir. Xəstəliyi bir neçə aydır ki, başlayıb. Ambulator və simptomatik müalicələr alıb. Son diaqnoz: “astenik nevroz NSD kardial tip”. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Zəngilan rayonu, Mincivan qəsəbəsində polis nəfəri kimi xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Qapalı kələ-beyin travması, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə müalicə və müayinədə olunduğunu, aldığı xəsarətin xidməti vəzifəsinin icrası ilə əlaqəli olduğunu əsas gətirərək cavabdeh orqana xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi üçün müraciət etmiş, cavabdeh travma barədə arayışın olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və onun xəsarətinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” qeyd edilməklə şəhadətləndirilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə görə Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -1.3-cü bəndinə görə Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. -1.7-ci bədinə əsasən Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. -7.3-cü bəndinə görə Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. -7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. -7.5-ci bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. İşin yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəsarətin səbəb əlaqəsi ilk növbədə travma haqqında arayış əsasında çıxarıla bilər. Travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Arayışda xəsarətin alınma şəraiti, xidmət vəzifələrinin icrası ilə bağlı olması göstərilir. Xəsarətin alınma şəraiti haqqında arayış olmadıqda xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Qeyd edilməlidir ki, qanunverici “xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər”in konkret olaraq hansı sənədlər olmasını sadalamasa da hesab olunur ki, bu sənədlər sırasında şəxsin xəsarəti, müalicə və müayinəsi ilə bağlı tibbi sənədlər, şəxsi işindəki materiallar, döyüş bölgəsinə ezam olunması və ya döyüş bölgəsində iştirak etməsinə dair, ümumən yaralanmanın döyüş bölgəsində xidməti vəzifəsinin icrası ilə bağlı olmasını təsdiq edən sənədlər və s. nəzərdə tutula bilər. Şahid ifadələri isə bu sənədlər sırasında köməkçi xarakter daşıyır. Belə ki, yalnız döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda, xəsarəti aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş azı 2 nəfər şahid ifadə verərsə və bu ifadələr bilavasitə hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunduğu halda səbəbli əlaqənin müəyyən edilməsində nəzərə alına biləcək əlavə sübut kimi qəbul edilə bilər. Qeyd edilən normaları hazırkı işin hallarına tətbiq etdikdə iddiaçının xəsarətinin səbəbli əlaqəsinin təyin edilməsinin əsasları müəyyən edilmir. Belə ki, işin hallarından müəyyəndir ki, iddiaçı xx.xx.N4-xx.xx.N5-ci ilərdə Zəngilan rayon Polis şöbəsinə polis nəfəri vəzifəsində xidmət etmişdir. İddiaçıya aid şəxsi işində onun döyüş bölgəsində xidməti vəzifələrinin icrası zamanı xəsarət almasını təsdiq edən travma haqqında arayış, xidməti rəy və s. sənədlər aşkar olunmamışdır. İddiaçının xidmət etdiyi dövrdə müayinə və müalicəsi ilə bağlı 3 ədəd tibbi sənəd təqdim edilmişdir:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların arxivində İddiaçı Zəngilan rayonunun polis nəfəri kimi hospitala daxil edilərək xəstələrin siyahısına və qazan təminatına daxil olması barədə N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 124 №-li əmri mövcuddur. Lakin məhkəmə sorğusu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalından əldə edilmiş məlumata əsasən İddiaçı Daxili İşlər Nazirliyinin X1 xx.xx.N4-xx.xx.N4-cü il tarixlərdə “Bel-oma radikuliti” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Başqa sözlə, iddiaçı xidmətinin xx.xx.N4-xx.xx.N4-cü il tarixlərarası dövründə travma alması göstərilməmiş, kəllə-beyin travması üzrə diaqnozla müalicədə olmamışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021-ci il tarixli, 238-3019-1221 nömrəli məktubu ilə göndərilmiş İddiaçı 1956 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən İddiaçı 08.11-xx.xx.N4-cü il tarixinədək DİN RH-nın nevrologiya şöbəsində müalicədə olmuş, bu zaman ona qoyulmuş diaqnoz “astenik nevroz NSD kardial tip” olmuşdur. Qeyd edilən diaqnozun özü, iddiaçının aldığı stasionar müalicə kəllə-beyin travması ilə bağlı olmamışdır.

3. Nəhayət, iddiaçının istinad etdiyi 3 №-li Şəhər Klinik Xəstəxanasının (hazırkı “X11” X9) təqdim etdiyi arayışa əsasən İddiaçı xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə beyin travması baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə müalicədə olmuşdur. Məhkəmə qeyd edilən arayışı aşağıdakılar əsasında iddiaçının xəsarət almasını təsdiq edən sənəd qismində qiymətləndirmir. Belə ki, əvvəla, qeyd edilən müəssisədə müalicə və müayinə olunması ilə bağlı iddiaçının xəstəlik tarixçəsi məhkəməyə təqdim edilməmişdir. Müəssisə bunu iddiaçının adına açılmış xəstəlik tarixinin saxlanılmaması ilə əsaslandırır. İkincisi, müəssisə qeyd edilən arayışı 2788 nömrəli tibbi kartadakı məlumatlara istinadən verir. Məhkəməyə təqdim edilmiş 1 səhifəlik tibbi kartanın üz qabığında İddiaçı diaqnozu “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya”, xx.xx.N4-cü ildə daxil olması, xx.xx.N4-cü ildə çıxması göstərilsə də qeyd edilən bu məlumatlar həkim komissiyasının imzası, möhürü ilə təsdiqlənməyən, kim tərəfindən tərtib edildiyi müəyyən olunmayan sənəd olduğundan həmin məlumatlara istinadən iddiaçının qeyd edilən travma alması nəticəsinə gəlməyə kifayət edən sübut qismində qəbul edilmir. Məhkəmə qeyd edilən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının arayışını iş üzrə əldə edilmiş digər sənədlərlə müqayisəli təhlil etdikdə də həmin sənədin iddia tələbinin təmin edilməsinə əsas verən sübut qismində çıxış edə bilmədiyi nəticəsinə gəlir. Belə ki, əvvəla, iddiaçının xx.xx.N4-xx.xx.N5-ci illərdə daxili işlər orqanının əməkdaşı kimi Zəngilan rayonu, Mincivan qəsəbəsində polis nəfəri işlədiyi nəzərə alındıqda onun həmin ərazidə travma aldığı təqdirdə ilkin olaraq Bakı ərazisində yerləşən hər hansı mülki xəstəxanaya, o cümlədən 3 nömrəli Şəhər Klinik Xəstəxanasına deyil, daha çox hərbi qulluqçular üçün nəzərdə tutulmuş hospitala yerləşdirilməsi məntiqli hesab olunur. Bu nəticəyə gələrkən məhkəmə o halı nəzərə alır ki, iddiaçı daxili işlər orqanı əməkdaşı olaraq xidmət etdiyi dövrdə 2 dəfə müalicə-müayinədə olmuş və bu zaman hər hansı mülki xəstəxanaya deyil, bilavasitə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalına, A.Heydərov adına Respublika Hospitalına yerləşdirilmişdir. İkincisi, iddiaçının travma alması ilə əlaqədar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilməsi barədə hərbi hissə, tabe olduğu xidmət rəhbərliyinin hər hansı əmri şəxsi işdə mövcud deyildir. Güman edilirsə ki, iddiaçı xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə almışdır, bu halda iddiaçı 1 ay sonra Daxili İşlər Nazirliyinin X1 xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilədək müalicədə olarkən ona 1 ay əvvəl aldığı travma ilə bağlı hər hansı müalicə təyin edilməmiş və yaxud onun müalicəsi barədə qeydlər edilməmiş, qoyulan diaqnoz isə “Bel-oma radikuliti” diaqnozu olmuşdur. Həmçinin iddiaçı daha sonra xx.xx.N4-xx.xx.N4-cü il tarixinədək DİN Respublika Hospitalının nevrologiya şöbəsində müalicədə olarkən barəsində tərtib edilmiş xəstəlik tarixçəsindən çıxarışda onun xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya alması” barədə qeydlər edilməmişdir. Təqdim edilmiş 1956 nömrəli xəstəlik tarixçəsindən görünür ki, İddiaçı həkimlərin müayinəsində olarkən özünün kəllə beyin travması alması ilə bağlı hər hansı məlumat bildirməmiş, həkimlərin suallarına cavab verərkən özünü uzun illərdir xəstə hesab etdiyini bildirməklə kifayətlənmiş, xəstəliyini travma, xəsarətlə əlaqələndirən hər hansı fikir səsləndirməmişdir. Ona həmin müəssisədə qoyulmuş diaqnoz da “astenik nevroz NSD kardial tip” olmaqla kəllə beyin travması, kontuziya diaqnozu ilə eyniyyət təşkil etməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsini zəruri edən şərtlər sübuta yetirilməmişdir. Bu əsasdan cavabdehin imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı “xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar