Məhkəmə qərarları › İş №2-1(112)-1118/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1118/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1118/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «iddiaçının vətəndaşlığı olmayan şəxs olması faktının və müvafiq dövrdən ölkədə yaşaması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı «iddiaçının vətəndaşlığı olmayan şəxs olması faktının və müvafiq dövrdən ölkədə yaşaması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı vətəndaşlığı olmyan şəxsdir. 1 fevral 1966-cı il tarixdən Ermənistan SSR Kalinin rayonunun Soyuqbulaq kəndində doğulmuşdur. 1973-cü ildə həmin kənddəki orta məktəbdə təhsilə başlamış və 11 il təhsil aldıqdan sonra məktəbi bitirmişdir. 1984-cü ildə Rusiya SFSR Çita şəhərinə hərbi xidmətə getmişdir, 1986-cı ildə hərbi xidmətini başa vurduqdan sonra Gürcüstan SSR Tbilisi şəhərinə getmiş və 1987-ci ildən həmin şəhərdə yerləşən Yol İdarəsində fəhlə kimi işləməyə başlamış və 1992-ci ilədək orada çalışmışdır. 1992-ci ildə X1 getmiş, 1994-cü ildə Bakı şəhərinə gəlmişdir. 6 may 1995-ci il tarixdə X2 ilə nikaha daxil olmuşdur. 1998-ci ildə yenidən RF Udmurtiya Vilayətinə qayıtmışdır. 1 il yenidən həmin Vilayətdə yerləşən tikintidə fəhlə işlədikdən sonra 1999-cu ildə yenidən Bakı şəhərinə gəlmişdir. İİ qrup əlildir və təqaüdçüdür. 23 ildir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün lazım olan sənədləri topladıqdan sonra AR Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə müraciət etmişdir. Lakin Baş İdarənin 20 aprel 2022ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» 30 sentyabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etmək də onun (iddiaçının) məqsədi vətəndaşlıq almaqla bağlıdır. «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmçinin həmin Qanunun 14-cü maddəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi «Dövlət rüsumu haqqında» Qanunu ilə tənzimlənir. Göstərilənlərə və «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Qanunun 14-cü maddəsinə, İPM-in 2.1, 14.1, 45 – 47-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 149 – 152-ci maddələrinə və İPM-nin 45-47-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının vətəndaşlığı olmayan şəxs olması faktının və 1999-cu ildən bu günə qədər Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli qərarı ilə təsfiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 39-ci bəndində inzibati orqan kimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Xidmtəin Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi və Xidmətin regional idarələri nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə iddia ərizəsində cavabdeh inzibati orqan olaraq “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi”nin göstərilməsini formal xəta qismində qiymətləndirmiş və cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini qəbul etmişdir. Cavabdeh nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı sorğuları (xx.xx.2022-ci il və xx.xx.2022-cı il tarixli) əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Xidmət tərəfindən araşdırılma aparılmış və onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı nəticəsinə gəlinmişdir. Şəxsə bu barədə 18 mart 2022-ci il tarixli ******* saylı arayış təqdim edilmişdir. Belə ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5.3-cü maddəsinə və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.7-ci bəndinə əsasən şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Sözügedən şəxsə ölkə ərazisində məskunlaşmış qaçqın olma barədə təsdiqedici sənəd olduğu təqdirdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırılma aparılacağı barədə xx.xx.2022-ci il tarixli məktub da göndərilmişdir. Qeyd olunmalıdır ki, şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilən məsələyə inzibati məhkəmələr deyil, rayon, şəhər məhkəmələri tərəfindən baxılır və bunun hüquqi əsası kimi qanunvericilik bir sıra prosedur qaydaları müəyyən edir. Mühüm məsələ qismində nəzərə alınmalıdır ki, maddi hüquq norması («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 14-ci maddəsi) heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsini qeyd edir. Hhəmin Qanuna görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir və məhkəmə qeyd olunan hallarla bağlı işlərə AR Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu, əvvəllər daimi yaşadığı ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (olduğu halda) əlavə edilməlidir. Göründüyü kimi, sözügedən şəxs müəyyən müddət təxminən Rusiya Federasiyasında yaşamış və həmin ölkədən Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. Sözügedən şəxs SSRİ vətəndaşı pasportu əsasında Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışdır. Bununla bağlı onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 2006-cı il yanvarın 1-dək daimi yaşama faktları məhkəmə qaydasında müəyyən edildikdən sonra o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər (bu barədə şəxsə müvafiq məktub göndərilmişdir. Eyni zamanda, məhkəmə qətnaməsi əldə edildikdən sonra bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov. az vebsaytından əldə edə bilər). Göstərilənlərə və İPM-in 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddələrinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - (307.2.10-1) «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında» Əsasnamənin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 9-cu bəndinə görə Dövlət Miqrasiya Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: (9.7) qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vermək, o cümlədən həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin etmək; (9.7-1) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq; (9.18) Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırma aparılmış və onun Azərbaycan Respublikasının vətndaşı olmadığı qənaətinə gəlinmişdir. Bundan sonra iddiaçı onun vətəndaşlığı olmayan şəxs olması faktının və 1999-cu ildən bu günə qədər Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə qarşı hazırkı iddianı qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddiaçının arzuladığı məqsədinə çatmaq üçün qaldıracağı iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıla bilər. İddianın dəyişdirilməsinin iddiaçıya tövsiyə olunmasına gəldikdə isə, o, cavabdehin hərəkətlərini, imtinasını və ya qərarını mübahisələndirmədiyindən, bu tövsiyəni məhkəmə məqsədəmüvafiq bilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar