Məhkəmə qərarları › İş №2-1(112)-11184/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11184/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11184/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ali təhsil haqqında diplomun tanınması barədə "Tanınma Şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qeyd olunması formal xəta hesab olunmuş, cavabdeh qismində “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsi nəzərə alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Cənab Emin Əmrullayevə müraciət olunaraq göstərilmişdir ki, İddiaçı 2017-ci ildə Türkiyə Respublikasının ali təhsil müəssisəsi olan Ankara Universitetinin hüquq fakültəsinə qəbul olmuş və 2023-cü ilin iyun ayında müvəffəqiyyətlə təhsil müəssisəsindən bakalavr dərəcəsi alaraq məzun olmuşdur. Eyni zamanda da təhsilin artırılması məqsədi ilə, magistr dərəcəsinə yiyələnmək üçün 2023-cü ildə, Türkiyə Respublikasının Marmara Universitetinə qəbul olmuşdur və 2025-ci ilin fevral ayında magistr dərəcəsini alacaqdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş, "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 6-cı bəndinə əsasən, eyni zamanda hüquq ixtisasları üzrə də, ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması tələb olunur və bunun əsasında "Tanınma Şəhadətnaməsi" verilir. İddiaçı ali təhsil müəssisəsinə qəbul olduğu 2017-ci ildə və məzun olduğu 2023-cü ilin iyun ayında bu cür qaydalarının tətbiqi nəzərdə tutulmadığından, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddələrinə əsasən, yuxarıda qeyd olunan Qaydaların 6-cı bəndi mənə münasibətdə tətbiq edilməməsi səbəbindən, Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanından keçməyinə də ehtiyac olmamalıdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvaiifikaciyciarmın tanınması Gaydaiarfna (bundan sonra-Qaydalar) əsasən tanınma üzrə icraat akademik və peşə olmaqla iki istiqamət üzrə aparılmaqdadır. Qaydaların 6-cı hissəsinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərin ali təhsil müəssisələrində əldə olunmuş kvalifikasiyalar üzrə ərizəçilər peşə tanınması haqqında şəhadətnamə əldə etmək üçün müraciət etdikdə (“X4 X3", “QS X3" və “Academic Ranking of World Universities (Shanghai Ranking)" beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş, dövlət proqramları çərçivəsində və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xarici ölkələrdə əldə edilmiş kvalifikasiyalar istisna olmaqla) onların Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş sınaq imtahanlarında iştirakı zəruridir. Qeyd etmək zəruridir ki, müraciətinizdə istinad olunan hüquq norması, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.3-cü bəndinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və. ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması icraatının vətəndaşların hüquqlarını məhdudlaşdıran və ya məsuliyyətini ağırlaşdıran nəticələri ehtiva etmədiyi, əksinə tanınma ilə əldə olunmuş sənədlərin sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq imkanları verildiyi nəzərə alınaraq, müraciətinizdə qeyd etdiyiniz normativ hüquqi aktların geriyə qüvvəsinin yolverilməzliyi prinsipi bu istiqamət və xüsusilə tanınma icraatının tənzimləndiyi normativ hüquqi aktın müddəaları üzrə aktual deyil.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı inzibati orqana lazımi qaydada müraciəti olmamışdır. İddiaçı inzibati orqan tərəfindən barəsində hər hansı inzibati akt qəbul edilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı tərəfindən elektron kabinet yaradılaraq portal üzərindən inzibati orqana müraciət edilməlidir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

10. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Ankara Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (hüquq) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsini tələb etmişdir.

11. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2306 nömrəli Fərmanı: 2.1. Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 2.2. Tanınmaya dair müraciət elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 2.3. Ərizəçinin ərizəsində tanınmanın məqsədi qeyd edilir. Ərizəçi TMİS-ə müraciət edərkən aşağıdakıları təsdiq edir: 2.3.1. təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu; 2.3.2. onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını. 3.1. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər.

12. Məhkəmə nəzərə alır ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (diplomun tanınması) ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmamışdır (qeyd edilən hal iddiaçının izahatı ilə təsdiq edilmişdir). Belə ki, qanunvericiliyin tələblərinə əsasən İddiaçı diplomun tanınmasına dair müraciəti elektron qaydada Təhsil Məkrəzləşdirilmiş İnformasiya Sistemində (TMİS-də) elektron kabinet yaradaraq həyata keçirməlidir. Müvafiq müraciət TMİS-ə daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində inzibati orqan tərəfindən baxılaraq şəxs barəsində inzbati akt qəbul edilir və 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Yalnız bundan sonra ərizəçi qəbul edilmiş inzibati aktdan (tanınmanın nəticələrindən) inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verə bilər.

13. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələblə əvvəlcə aidiyyəti inzibati orqana müraciət etməli (Təhsil Məkrəzləşdirilmiş İnformasiya Sistemində elektron kabinet yaradaraq), müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan (tanınmanın nəticələri barədə qərardan) məhkəməyə şikayət verilməsi mümkündür.

14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar