Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11185/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının əmək kitabçası ilə təsdiq olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" SC-də işlədiyi dönəmdə topladığı əmək stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamışdır. Pensiya yaşına çatdıqdan sonra xx.xx.2021-ci il tarixində iddiaçıya 1061,29 manat pensiya təyin edilmişdir. İddiaçı öz pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzinə müraciət etmiş və müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Qeyd edilən orqanın 21 iyul 2022ci il tarixli, **********5 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, təqdim etdiyim əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 6 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququmun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 133775,8 manat pensiya kapitalı nəzərə alınmaqla pensiya yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 1061,29 manat müəyyən edilmişdir. X3 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Eyni zamanda, xx.xx.1996-cı il təqvimə əsasən bazar günü olduğundan, həmin dövr sığorta stajına daxil edilməmişdir. Cavab məktubu ilə bağlı bildirir ki, iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan "xxxx" SC-də işlədiyi dövrün onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmaması tamamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 1061,29 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 135043,20 manat pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləği xx.xx.2021-ci il tarixindən 1070,10 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər də daxil olmaqla xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 22 il 10 ay olduğu halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasınınn məbləği 01.01,2022-ci il tarixdən 1106,49 manata çatdırılmışdır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" SC-nin xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaran əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən həmin dövrlərin ümumi sığorta staja əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin qeyd edək ki, idiaçının işə qəbul tarixi - xx.xx.1996-cı il tarixi bazar gününə təsadüf edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. işçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli qərarının 3.1-ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli imtina məktubu. - iddiaçıya məxsus ******* nömrəli Əmək Kitabçasının surəti. - iddiaçıya məxsus 026620 nömrəli Diplomun surəti. - cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş pensiya işinin təsdiq edilmiş surəti. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu onunla əsaslandırmışdır ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" SC-nin xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, həmin dövrlərin ümumi sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" SC-də işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli Əmək Kitabçasının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" SC-də texniki direktorun müavini peşəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" X4 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə 1715 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2ı barədə məlumat mövcuddur. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrdə işlədiyi müəssisənin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrdə işlədiyi müəssisənin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2.-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, "xxxx" SC-nin xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan barədə məlumatın olmaması və işlədiyi həmin dövrün yoxlanılmasının mümkün olmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Məhkəmə, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrdə işlədiyi "xxxx" X4 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə 1715 nömrə ilə dövlət qeydiyyatından keçməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsindən imtina edilməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək kitabçası ilə təsdiq olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" SC-də işlədiyi dövrdə topladığı əmək stajı nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçası ilə təsdiq olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" SC-də işlədiyi dövrdə topladığı əmək stajı nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev