Məhkəmə qərarları › İş №2-1(112)-11185/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11185/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11185/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh təmsilçisi X1 qarşı "ekspertiza təyin edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh təmsilçisi X1 (bundan sonra - Cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hazırkı mülki iş üzrə ekspert təyin edilərək üzərinə öhdəliklər qoyulması və müəyyən edilmiş məbləğlərin 3 gün ərzində cavabdehdən tutularaq Maraqlı şəxs ödənilməsi barədə məcburetmə tədbiri görüb sərəncam verilməsini, eyni zamanda həmin evin tam olaraq Ə.Şəfanın adına keçirilməsi barədə qərardad qəbul edib, aidiyyəti üzrə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanının sağ tərəfdən 3-5 metrliyində yerləşən iki mərtəbəli, iki mənzilli bir saylı təqdim edilən fotoşəkillərdə göstərilən, qeyd edilən ünvandakı yaşayış mənzili tam olaraq qanuni əsaslarla iddiaçıya məxsusdur. O, xarici ölkədə yaşadığı üçün həmin evə Maraqlı şəxs nəzarət edirdi. Maraqlı şəxs həmin evin ondan sonrakı sahibidir. Cavabdehin təmsilçisi X2 ona məxsus həmin evə girib, sonra isə yəni, 2009-2010-2011-ci illərdə arxayıncasına evin içərisində yenidənqurma işləri apararaq, otaqların arasında olan arakəsməni və döşəməni söküb onu betonla örtərək evin içərisində dəyişiklik etməyə başlamışdır. Dəyişiklik edərkən Ə.Şəfa gedib vəziyyəti görmüşdür və ona acıqlanaraq bildirmişdir ki, mübahisəli ev ona məxsusdur, niyə söküb dağıdır, buna görə həbs edilə bilər. Cavabdeh Ə.Hidayət isə ona "sən kimsən, əcəb edirəm,” deyib, dayanmadan, yəni qəsdən evin içərisində dəyişiklik etmiş, çöldən ikinci mərtəbənin divarına taxta vurmuşdur.Yəni Ə.Hidayət ona məxsus şəxsi evin təyinatı və daxili quruluşunu özbaşına dəyişərək ondan mağaza kimi istifadə edib qanunsuz qazanc əldə etməyə başlamışdır və hal-hazırda da faktiki qazanır. Odur ki, məhkəmə tərəfindən müvafiq ekspert təyin edilməsi və üzərinə həmin evə cavabdeh X2 tərəfindən yetirilmiş maddi zərərin hesablanması, Ə.Hidayətin həmin evdən istifadə müddətinin çıxacağı günədək dəqiqləşdirilməsi və ona, hər ay üçün ən az desək 3.000 manat kirayə haqqı hesablanması, evin içərisi, çölü, daş hasarı, telefonu, kommunalı yoxlanılaraq təhvil verilməsi öhdəliyinin qoyulması, hesablanmış həmin məbləğlərin birlikdə cavabdeh Ə.Hidayətdən tutularaq 3 gün ərzində birbaşa Ə.Şəfaya ödənilməsi, ödəməsə həbs edilməsi barədə sərəncam verilməsi, həmçinin həmin evin tam olaraq Maraqlı şəxs adına keçirilməsi barədə qərardad qəbul edilməsi lazımdır. Həmin müəyyən olunmuş məbləği o, Ə.Hidayətdən alıb, Ə.Şəfaya verməlidir, həmçinin evi adına keçirməlidir. Belə ki, həmin evi o, əşyaları ilə birlikdə tam olaraq Ə.Şəfaya satmışdır və evin pulunu tam olaraq ondan almışdır. Hüquqi maneələr olduğuna görə qarşılıqlı razılaşma əsasında ev onun adında qalmışdır. Qeyd edir ki, həmin evi o, 1989-cu ildə olan məhkəmədə iştirak edərək Ə.Şəfaya təhvil vermişdir. Bu səbəbdən həmin evə Ə.Şəfa nəzarət edirdi və haqlı olaraq həmin evin üzərinə 23 avqust 2011-ci il tarixdə həbs qoydurmuşdur və ötən il həbsi götüzdürmüşdür. Belə ki, o, artıq gəlib Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırkı gəlişində ona məlum oldu ki, həmin iddia ərizəsini dəqiqləşdirmək lazım olub. Odur ki, o, yenidən həmin məhkəməyə müraciət etmək məcburiyyətindədir. Nəzərə alınmalıdır ki, o, xarici ölkədə yaşayır və işə onun iştirakı olmadan da baxıla bilər. Qeyd edir ki, bütün hallarda onun əvəzindən Ə.Şəfa mülk sahibi olduğu üçün iştirak etməsinə etirazı yoxdur. Əlavə olaraq bildirir ki, o, 2(005)-4341/2021, 2(005)-4559/2022, 2(005)-40/2023 saylı iş üzrə Nərimanov rayon məhkəməsinə də vəsatət ünvanlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli qərardadın nəticəvi hissəsinə əsasən onun həmin şəxsi evinə ekspert təyin edilməklə icraat dayandırılmışdır. Yəni hələ də rəy məhkəməyə təqdim edilməmişdir və bu işi qəsdən gecikdirənlər vardır. Eyni zamanda onun vaxtı bitir və o, məhkəməyə lazım olan müvafiq müraciətlərini edib, getmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayaraq hesab edir ki, həm predmet, həm subyekt baxımından iddia tələbi mümkün sayıla bilməz. Belə ki, iddia ərizəsinin məzmununda aydın olur ki, iddiaçının hüquqi marağı Cavabdeh tərəfindən ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evində edilmiş dəyişikliyə və uzun müddət istifadəyə görə ona vurulmuş zərərin əvəzinin ödənilməsi (zərərin hesablanması üçün ekspertiza təyin edilməsi), həmçinin həmin evin Maraqlı şəxs adına rəsmiləşdirilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh və onun təmsilçisi X2 inzibati orqan deyil, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Belə olan halda onunla iddiaçı arasında yaranan münasibətlər inzibati hüquq münasibəti, bu münasibətlərə söykənən mübahisə isə inzibati mübahisə hesab oluna bilməz. Mübahisəli əmlakın Maraqlı şəxs adına rəsmiləşdirilməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi özünün deyil, Maraqlı şəxs publik hüququndan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi, onun hüquqlarının müdafiəsi ilə bağlıdır. Lakin iddia ərizəsində görünür ki, İddiaçı bu iddianı öz adından qaldırmış, iddia ərizəsini özü imzalamışdır. İş materiallarında iddiaçının Maraqlı şəxs nümayəndəsi olması, onun hüquqularının müdafiəsi üçün məhkəməyə müraciət etmək səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Belə olan halda, iddiaçının həmin şəxsin mənafeyi üçün qaldırdığı hazırkı iddia mümkün sayıla bilməz. Bundan əlavə, əgər iddiaçı ona məxsus olduğunu iddia etdiyi evə hüquqularını həmin şəxsə vermək arzusundadırsa, bununla bağlı notarial qaydada mülki hüquqi əqd bağlaya və həmin əqdin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Əgər İdarə belə bir əqdin qeydiyyatından imtina edərsə, bu halda İdarənin bu hərəkəti ilə hüquqlarına müdaxilə olunan şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar