Məhkəmə qərarları › İş №2-1(112)-11190/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11190/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11190/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, İddiaçı1, onun və iddiaçılar İddiaçı3 və İddiaçı2 Lənkəran oğlunun nümayəndəsi və vəkili Bakı şəhəri, 11 saylı Vəkil bürosunun vəkili Vəkil, üçüncü şəxs X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Lənkəran oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyeystrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Lənkəran oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal 1küçəsi 25C- ünvanında, 2.21987 ha torpaq sahəsində yerləşən 1378.3 kv. metr ümumi, 578.4 kv. metr əsas, 799.9 kv. metr köməkçi sahədən ibarət əmlak kompleksinin qanunsuz olaraq (Təmir tikinti idarəsi) şəxsi mülkiyyətə verilməsi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 10.06.2008ci il tarixli , seriya MH, ******* №li çıxarışın qismən (iddiaçılara aid olan hissədə) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal 1-küçəsi, 25C-ünvanında, 2.21987 ha torpaq sahəsində yerləşən 1378.3 kv. metr ümumi, 578.4 kv. metr əsas, 799.9 kv. metr köməkçi sahədən ibarət əmlak kompleksinin (Təmir tikinti idarəsi) şəxsi mülkiyyətə verilməsi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat əsasında verilmiş 10.06.2008-ci il tarixli, seriya МH 0137509-№li çıxarışın qismən (onlara aid olan hissədə) ləğv edilməsi ilə bağlı bildirirlər ki, onlar 1992, 1993-cü illərdə məcburi köçkün düşmüş şəxslərdirlər. Həsənov X12 rayonundan olmaqla 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüş, bir müddət məcburi köçkün kimi Ağcəbədi rayonunda məskunlaşmış, 1997-ci ildən Bakı şəhərinə köçmüş və həmin vaxtdan da 10-nəfər ailə üzvü ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında məskunlaşmışdır. 1998-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, öz vəsaiti hesabına 3-otaqlı ev tikmiş və evinin yerləşdiyi ərazidən müdüriyyət tərəfindən ona 4-sot torpaq sahəsi ayrılaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar. İddiaçı2 Lənkəran oğlunun 10-nəfər ailə üzvü ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Ailə üzvlərinin sayı artdığından istifadəsində olan 4-sot torpaq sahəsində 2017-2018-ci illərdə ailə üzvlərinin yaşaması üçün başqa bir ev də tikdirmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin varımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. İddiaçı3 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşərək bir müddət Bakı şəhərində yataqxanada məskunlaşmışlar, 1998-ci ildən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında məskunlaşmışlar. 1999-cu ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdiriyyətinin razılığı ilə öz vəsaitləri hesabına 2-otaqlı ev tikmiş və evinin yerləşdiyi ərazidə, evinin qabağından müdiriyyət tərəfindən ona 1,5-sot torpaq sahəsi ayrılaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar. İddiaçı3 ailə üzvləri ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri. Binəqədi rayonu Biləcəri qəsəbəsi. Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. İddiaçı1 ailəsi ilə birlikdə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək bir müddət Bakı şəhərində yataqxanada məskunlaşmışlar, 1998-ci ildən Bakı şəhəri, Binəqədi ravonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında məskunlaşmışlar. 1999-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdiriyyətinin razılığı ilə, öz vəsaitləri hesabına ev tikmiş və evinin yerləşdiyi ərazidə, müdiriyyət tərəfindən ona 3-sot torpaq sahəsi ayrılaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar. İddiaçı1 8-nəfər ailə üzvləri ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. Eləcə də Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaitləri hesabına ev tikərək həmin evlərdə məskunlaşmaqla yaşayan digər şəxslər də 1999-cu ildən onlar kimi həmin ərazidə yaşayırlar və yaşadıqları evlər bütün kommunal xidmətlərlə təmin olunmuş, qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Lakin qeyd olunan hallara baxmayaraq, adı çəkilən idarənin sonuncu müdiri (bir neçə dəfə dəyişilmişdir) X15 2008-ci ildə Təmir tikinti idarəsini və idarənin yerləşdiyi 22.198.7 kv. metr torpaq sahəsini özəlləşdirmişdir. Binəqədi ravonu Biləcəri qəsəbəsi, Şimal 1küçəsində yerləşən Təmir tikinti idarəsinin özəlləşdirilməsi qanunsuz aparılmış, həmin vaxtı nə Əmlak Komtəsindən, nə də Torpaq və Xəritəçəkmə Komitəsindən nümayəndələr əraziyə gəlməmiş, əraziyə baxış keçirilməmişdir, nəticədə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaitləri hesabına ev tikərək həmin evlərdə məskunlaşmaqla yaşayan iddiaçılar yaşayış yerlərini, evlərini və evlərinin yerləşdiyi torpaq sahələrinin də yüklü olmasına baxmayaraq qanunsuz olaraq özəlləşdirilmişdir. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binası və idarənin yerləşdiyi 22.198.7 kv metr torpaq sahəsi cəmi 65.580-manata özəlləşdirilmişdir. Onlar məcburi köçkün olaraq, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsində 1997-1998-ci illərdə Dövlət Qaçqınkomun xətti ilə məskunlaşmışlar və həmin vaxtlar məskunlaşdıqları idarə və idarənin yerləşdiyi ərazi Dövlət mülkiyyətində olmaqla dövlətə məxsus olmuşdur. X16 2008-ci ildə Təmir tikinti idarəsini və idarənin yerləşdiyi 22198.7 kv metr torpaq sahəsini özəlləşdirdikdən sonra idarənin ərazisini bölərək, müxtəlif şəxslərə satmış həmin şəxslər də ərazidə 50-yə yaxın iki mərtəbəli fərdi yaşayış evləri tikərək digər vətəndaşlara satmışlar və həmin evİərin hamısında yaşayış vardır. Təmir tikinti idarəsinin inzibati binasından başqa ərazisi qalmayıb, bütün torpaq sahələrində evlər tikilərək satılıbdır. Əvvəllər onlaarla heç kimin işi olmasa da artıq ərazidə satmağa boş yerlər qalmadığından hazırda onları yaşadıqları yerlərdən, öz vəsaitləri hesabına tikdirdikləri evlərdən çıxardaraq onların evlərini satmaq isləyirlər. Hazırkı işdə üçüncü şəxs kimi qeyd olunan X1 Rayon Məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsı 25 c ünvanında yerləşən sahəsi 1378.3 kvm olan tikili və onun altındakı, 0.4215 ha torpaq sahəsi onun mülkiyуətindədir , bu barədə ona 29 mart 2019-cu ildə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX-nömrəli ******* saylı çıxarış verilmişdir. Nərimanov Ravon Məhkəməsində cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxs X5 qarşı Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1küçəsi , 25C- ünvanında, 2.21987 ha torpaq sahəsində verləşən 1378.3 kv metr ümumi, 578.4 kv metr əsas, 799.9 kv metr köməkçi sahədən ibarət əmlak kompleksinin (Təmir tikinti idarəsi) şəxsi mülkiyyətə verilməsi barədə DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 10.06.2008-ci il tarixli, seriya MH, 0137509-saylı Çıxarışın qismən (onlara aid olan hissədə) ləğv edilməsi barədə iddia qaldırsalar da tələbləri Nərimanov Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2 (005) 193/2021 saylı qətnaməsi ilə əsassız olaraq təmin edilməmişdir. Nərimanov Ravon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(005)-193/2021 saylı qətnaməsindən verdikləri apellyasıya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və apellyasiya şikayətləri qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(005)-193/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xilam verilməsi barədə 23.06.2021-ci il tarixdə 2 (103) 5920/2021-saylı qərardad qəbul edilmişdir. Məhkəmə Kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəyə ümumi məhkəmədə deyil inzibati məhkəmədə baxıİmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və mümkünlük məsələsinin həlli ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı mülahisəzi (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun və digər iddiaçılar İddiaçı3 və İddiaçı2 Lənkəran oğlunun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiklərini bildirdilər və onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun və digər iddiaçıların nümayəndəsinin və vəkilinin və üçüncü şəxsin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamənin surətindən görünür ki, X16 ünvan 4 ünvanında yerləşən Təmir tikinti idarəsinin yerləşdiyi 22198,7 kv. metr torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. - DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanda mülkiyyətində olan 2.21987 ha torpaq sahəsində yerləşən 1378,3 kv. metr ümumi, 578,4 kv. metr əsas, 799,9 kv. metr köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Təmir-tikinti idarəsi) tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanda mülkiyyətində olan 0,4215 ha torpaq sahəsində yerləşən 1378 kv. metr sahədən ibarət əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə X2 adına 29.03.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2142 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektoru tərəfindən verilmiş 5495, 5496 və 5500 №li 06.10.2021-ci il tarixli arayışlardan müəyyən olunur ki, müvafiq olaraq, İddiaçı1 Ağdam rayonundan məcburi köçkün kimi Biləcəri qəsəbəsi, Binəqədi yolu, 5-ci döngə, özbaşına tikilidə; Həsənov X12 rayonundan məcburi köçkün kimi Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6-da, İddiaçı3 Fizuli rayonundan məcburi köçkün kimi Biləcəir qəsəbəsi, döngə 2-də (TTİ-nin inzibati binası) müvəqqəti məskunlaşmışlar. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5712/2019 №li iş üzrə çıxartdığı 25.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilərək, cavabdehlər X3, X4, İddiaçı1, İddiaçı2 Lənkəran oğlu, İddiaçı3 və X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 C saylı əmlakdan çıxarılmaları qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 №li iş üzrə çıxartdığı 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X8 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5920/2021 №li 23.06.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 və onların nümayəndəsi və vəkili Vəkil tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin iş üzrə icraata xitam verilməklə ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan qərardadda məhkəmə kollegiyası göstərmişdir ki, fiziki şəxs olan iddiaçının (iddiaçıların) tələbindən müəyyən olunur ki, onlar, çıxarışın ləğv edilməsini tələb edir. Bu isə o deməkdir ki, iddia tələbi cavabdeh kimi çıxarışı verən orqan kimi DƏDRX-yə yönəldiyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Lənkəran oğlu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal 1-küçəsi 25C- ünvanında, 2.21987 ha torpaq sahəsində yerləşən 1378.3 kv. metr ümumi, 578.4 kv. metr əsas, 799.9 kv. metr köməkçi sahədən ibarət əmlak kompleksinin şəxsi mülkiyyətə verilməsi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 10.06.2008-ci il tarixli, seriya MH, ******* №li çıxarışın qismən (iddiaçılara aid olan hissədə) mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyillər. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçılar tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydləri mübahisələndirilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdən əvvəl qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar subyektiv hüquqa malik olmadıqlarından və məhkəməyədək, hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmədiklərindən və müraciətlərinə dair imtina olunması barədə yazılı məlumat almadıqlarından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Lənkəran oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyeystrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar