Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11190/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq aradan qaldırılmaqla torpaq sahəsinə çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən və faktiki ölçüsü 694 kv.m olan 5140a saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğun aradan qaldırılmaqla, üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması, bununla bağlı iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış “Ləhiş ərazisindəki 5140a nömrəli bağın istifadəyə verilməsi haqqında” 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,10 hektar torpaq sahəsi olan “5140a” saylı bağ sahəsi iddiaçının qanuni istifadəsinə verilmişdir. Müvafiq fərmana uyğun olaraq həmin bağ sahəsi əvəzsiz olaraq iddiaçının qanuni mülkiyyətinə verilmişdir. Bağ sahəsi təyinatına uyğun olaraq iddiaçı tərəfindən hasara alınaraq mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər qanunamüvafiq qaydada vaxtlı-vaxtında onun tərəfindən ödənilir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona imtina verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin yerləşməsi idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 5140a bağ nömrəsi göstərilən əraziyə aid deyil və göstərilən ərazi bağçılıq-yoldaşlıq təsərrüfatlarına ayrılmış ərazilərdir. Həmçinin torpaq sahəsi sənəd üzrə 1000 kv.m qeyd edilsə də, faktiki göstərilən sahə 694 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa oxşar izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 5140a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə iddiaçının 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqaviləyə ilə istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 5140 a saylı bağ sahəsinin arxiv qovluğu, habelə həmin bağ sahəsinin ortofoto görüntüsü, bağların sxematik xəritəsi və bağ sahəsinin ilkin müayinə aktı məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivi ərazisində yerləşən 5140 a saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,10 hektar, faktiki 0,0694 hektar təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən bağ sahəsi sənəd üzrə 0,12 hektar olsa da, faktiki olaraq hasardaxili 0,0694 hektar təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Göstərilən 0,0694 hektar torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sözügedən sahə bağçılıq-yoldaşlıqlara ayrılmış ərazilərdir (İİ bağçılıq massivi). Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan bağın nömrəsi göstərilən əraziyə aid deyil. Göstərilən sahəyə digər fiziki şəxsin müraciəti və hər hansı özəl sahə ilə üst-üstə düşmə aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 5140a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, göstərilən torpaq sahəsinin yerləşməsi idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 5140a bağ nömrəsi göstərilən əraziyə aid deyil və göstərilən ərazi bağçılıqyoldaşlıq təsərrüfatlarına ayrılmış ərazilərdir. Həmçinin torpaq sahəsi sənəd üzrə 1000 kv.m qeyd edilsə də, faktiki göstərilən sahə 694 kv.m təşkil edir. Qeyd edilməlidir ki, cavabdehin əsaslandığı hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı tərəfindən 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqavilə və həmin müqavilənin arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmçinin, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hal-hazırda hər hansı mübahisə mövcud deyildir. Beləliklə, torpaq sahəsinin yerləşməsinin sxematik xəritəyə uyğun aparılmaması iddiaçının ziyanına şərh edilə bilməz. Bu torpaqayırmanı həyata keçirən orqanların səlahiyyətlərinə aid olan bir məsələdir. Belə ki, iddiaçıya torpaq ayrılıb təhvil verilən zaman yaranmış qeyridəqiqliklə iddiaçının təqsiri ucbatından baş verməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqavilə əsasında iddiaçıya verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən və faktiki ölçüsü 694,0 kv.m olan 5140a saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu aradan qaldırılmalı və həmin bağ sahəsinə dair iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmaqla, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 19 iyul 2005-ci il tarixli, 32930 saylı müqavilə əsasında İddiaçı verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən və faktiki ölçüsü 694,0 kv.m olan 5140a saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu aradan qaldırılsın və həmin bağ sahəsinə dair İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmaqla, ona elektron çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11190/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11190/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver