Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11191/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı "xxxx" kiçik müəssisəsinin qanuni təmsilçisi İddiaçı və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2001-ci il tarixli, 286 saylı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 520 saylı Sərəncamının ləğv edilməsi haqqında” Sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının imzaladığı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli, 520 saylı sərəncamın ləğv edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 286 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,036 ha torpaq sahəsi 1991-ci ildən "xxxx" kiçik müəssəsinin istifadəsindədir. 1992-ci ildə Bakı şəhər, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə, istifadələrində olan həmin torpaq sahəsində ticarət köşkü qurulmasına icazə verilmişdir. Bundan sonra burada köşk açaraq ticarət malların pərakəndə satışı təşkil edilmişdir. xx.xx.2000-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə "xxxx" kiçik müəssəsinin ofis binasının layihələndirməsi və tikintisinə icazə verilməsi barədə yazılı müraciət edilmişdir. Müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 520 saylı Sərəncamı ilə 1991-ci ildən "xxxx" kiçik müəssəsinin istifadəsində olan, ünvan 2 ünvanda 960 saylı məhəllədə yerləşən 0,036 ha torpaq sahəsində ofis binasının layihələndirməsi və tikintisi üçün rəsmi qaydada icazə verilmişdir. Bundan sonra ofis binasının layihələndirilməsi və tikintisi üçün lazım olan bütün qanuni prosedurlar tərəflərindən müvafiq qaydada həyata keçirilmiş, əlaqədar təşkilatların hər birinə ayrı-ayrılıqda yazılı şəkildə müraciət olunmuş, razılıq əldə olunmuşdur. Bütün prosedurlara riayət olunmaqla əlaqədar təşkilatların hər birindən ayrıayrılıqda rəsmi qaydada yazılı şəkildə razılıq alındıqdan sonra tərəflərindən ofis binasının layihəsi hazırlanaraq təsdiq üçün Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsi təqdim olunmuş layihənin nəzərdən keçiriləcəyi barədə məlumat veriləcəyini bildirmişdir. Lakin, bundan sonra uzun müddət keçməsinə baxmayaraq naməlum səbəbdən təqdim etdikləri layihə barəsində hər hansı qərar qəbul edilməsi onlara bildirilməmiş, bununla əlaqədar dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət etsə də layihənin təsdiq olunub-olunmaması barədə məlumat ala bilməmişdirlər. Bundan sonra ailə vəziyyəti ilə əlaqədar olaraq (arvadının səhhətində yaranmış çətinliklər) və maddi çətinliklə əlaqədar uzun müddət ofis binasının layihəsinin təsdiq etdirilməsi və tikintisinin həyata keçirilməsi ilə məşğul ola bilməmiş, hətta bir neçə il istifadələrində olan torpaq sahəsinə baş çəkməyə belə imkanı olmamışdır. Cari ilin avqust ayında Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə təqdim etidiyi ofis binasının layihəsinin aqibəti ilə maraqlandıqda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda sözü gedən xx.xx.2000-ci il tarixli, 520 saylı (ofis binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi barədə) Sərəncamının sonradan digər Sərəncam ilə, yəni xx.xx.2001-ci il tarixli 286 saylı Sərəncam ilə ləğv edildiyi bildirilmişdir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət edərək onların hüquqlarını pozan marağına toxunan həmin Sərəncamın əslinin və ya təsdiq olunmuş surətinin eyni zamanda həmin Sərəncamın verilməsinin əsasını təşkil edən sənədlərin ona təqdim olunmasını xahiş etsə də, hər dəfə müxtəlif bəhanələrlə Bakı Şəhər İcra Hakimiyyəti həmin Sərəncamın təsdiq olunmuş surətinin rəsmi qaydada ona verməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq 2022-ci ilin avqust ayında hüquqi yardım üçün vəkilə müraciət etmiş və qanuna müvafiq qaydada vəkil sorğusu ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək marağına və hüquqlarına birbaşa aidiyyatı olan sənədlərin təsdiq olunmuş surətinin ona verilməsini xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətovun imzaladığı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhəkəmədə baxılmasını bildirmişdir. Torpaq sahəsinin taleyi ilə bağlı onlarda heçbir məlumat olmadığından, sənədlərin təqdim edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də sənədlər onlara təqdim olunmamışdır. Buna görə də sənədlərin təqdim edilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyətininin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışlar. Məhkəmənin sorğusu əsasında sənədlər məhkəməyə rəsmi qaydada təqdim edilmişdir. Bu zaman onlara məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakmiyyəti Başçısının imzaladığı xx.xx.2000-ci il tarixli, 520 saylı Sərəncamı ləğv edilmişdir. Hesab edirlər ki, bu qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndələri və vəkili ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2001-ci il tarixli 286 saylı sərəncamın əslinin və ya təsdiq edilmiş surətinin, həmçinin həmin sərəncamın verilməsi ilə bağlı olan digər sənədlərin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sənədlərin təqdim edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********154600 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş: Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının "xxxx" firma müəssisəsinin qeydə alınması haqqında” xx.xx.1991-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla “Təbriz 4” kiçik müəssisəsinin qeydə alınması qərara alınmışdır. "xxxx" “Firma” müəssisəsinin nizamnaməsinin surətindən müəyyən olunur ki, müəssisə xx.xx.1991-ci ildə Bakı şəhəri Nərimanov Hakimiyyəti Başçısı tərəfindən qeydə alınmışdır. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının "xxxx" kiçik müəssisəsinə Fabrisus küçəsi 30-da köşk qurulmasına icazə verilməsi haqqında” 400 №-li, xx.xx.1992-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, nizamnaməsi Nərimanov rayon İcra Hakimiyyəti başçısının 154 №-li, xx.xx.1991-ci il tarixli sərəncamı ilə qeydiyyatdan keçirilmiş "xxxx" kiçik müəssisəsi rayon icra hakimiyyətinə müraciət edərək Fabrisus küçəsi 30-da xalq təbabəti mallarının satışını təşkil etmək üçün 4 x 3 metr ölçüdə köşk qurmağa icazə istəmişdir. Göstərilənləri nəzərə alaraq; "xxxx" kiçik müəssisəsinə Fabrisus küçəsi 30-da xalq tələbatı mallarının satışını təşkil etmək üçün 4 x 3 metr ölçüdə köşk qurmağa icazə verilmsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 3-52-4135/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş; Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin istifadəyə verilməsi haqqında” 520 №-li, xx.xx.2000-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, "xxxx" kiçik müəssisəsinin xx.xx.2000-ci il tarixli, 09 saylı müraciəti nəzərə alınaraq, ünvan 3 ünvanda 960 saylı məhəllədə, Azərbaycan Respublikası Rabitə Nazirliyinə məxsus olan ərazinin bir hissəsində ofis layihələşdirilməsi və tikintisi üçün 0,036 ha torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 520 saylı sərəncamının ləğv edilməsi haqqında” 286 №-li, xx.xx.2001-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, ünvan 4 ünvanda 960 saylı məhəllədə Azərbaycan Respublikası Rabitə Nazirliyinə məxsus olan ərazinin bir hissəsində "xxxx" kiçik müəssisəsinə ofis layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 520 saylı sərəncamı ləğv edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********581900 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən 8270 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. Qurumun qeydiyyat qovluğuna əsasən Firmanın təsisçisi və rəhbəri İddiaçıdur. Məktuba əlavə olunmuş nizamnamənin surətindən müəyyən olunur ki, "xxxx" Firma müəssisəsi” xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. Nizamnamənin 1-ci bəndində "xxxx" firması müəssisəsi Azərbaycan SSR Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il “Kiçik müəssisələrin yaradılması və inkişaf etdirilməsi tədbirləri haqqında” 480 №-li qərarına və Azərbaycan Respublikasının analoji qanunvericiliyinə və Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərdiyi; Müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçı olduğu qeyd olunmuşdur. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 286 saylı xx.xx.2001-cı il tarixli sərəncamın ləğvini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin faktiki hallarına əsasən isə müəyyən olunur ki, iddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2001-ci il tarixli 286 saylı sərəncamın əslinin və ya təsdiq edilmiş surətinin, həmçinin həmin sərəncamın verilməsi ilə bağlı olan digər sənədlərin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə əsasən iddia ərizəsi geri qaytrarılmışdır. İddiaçının hazırki iddia ərizəsndən müəyyən olunur ki, qeyd olunan iş üzrə məhkəmənin müvafiq sorğusu əsasında sənədlər (o cümlədən hazırda mübahisələndirilən 16 aprel 2001-ci il tarixli 286 saylı sərəncam) məhkəməyə, məhkəmə tərəfindən isə onlara rəsmi qaydada təqdim edilmişdir. Belə olan halda iddiaçı hazırda mübahisələndirdiyi 16 aprel 2001-ci il tarixli 286 saylı sərəncamı rəsmi qaydada xx.xx.2023-cü il tarixdə əldə etmişdir. İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilə İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). İş materiallarından görünür ki, Bakı şəhər İcra hakimiyyəti Başçısının 286 №-li xx.xx.2001-cı il tarixli sərəncamının (sərəncamın surəti iddia ərizəsinə əlavə olunmuşdur) ləğv olunması barədə iddiaçının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2023cü il tarixdə sürətli poçta təqdim olunmuş və həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə araşdırması zamanı İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə vəsatətlə müraciət etmək hüququnun olduğu izah olunsa da, iddiaçı (nümayəndəsi və vəkili) hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmədikləri üçün müddətin bərpası ilə bağlı vəsatət vermək hüquqlarından imtina etdiklərini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sərəncamın ləğv olunması barədə iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11191/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11191/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver