Məhkəmə qərarları › İş №2-1(112)-11191/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11191/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11191/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Möhlud oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025ci il tarixdə, saat 14:30 radələrində, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev, Azər Manafov küçələrinin kəsişməsində dezinfeksiya işlərini icra edən MKTB-nin xüsusi nəqliyyat vasitəsi ilə şəxsi istifadəsində olan “Toyota Venza” markalı nəqliyyat vasitəsinin üzərinə köpüklü dezinfeksiya məhlulu vurulduğu üçün dəymiş ziyana görə 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev və Azər Manafov küçələrinin kəsişməsində “Al market”in qarşısında saxladığı şəxsi istifadəsində olan “Toyota Venza” markalı nəqliyyat vasitəsinə yaxınlaşan zaman ondan təxmin 30-40 metr aralıda dezinfeksiya işlərini icra edən MKTB-nin nəqliyyat vasitəsinin yüksək təzyiqlə köpüklü su vurduğunu görmüşdür. O, dərhal yolun hərəkət hissəsinə çıxaraq əl hərəkətləri ilə prosesin dayandırılmasını və nəqliyyat vasitəsinin həmin yerdən uzaqlaşdırılmasına şərait yaradılmasını işarə etmişdir. Buna baxmayaraq iş icraçıları hərəkətlərini davam etdirib onun və yol kənarında duran yüzlərlə nəqliyyat vasitəsinin üzərinə dezinfeksiya edici məhlulu vurmuşdur. Həmin vaxt yolun sağında və solunda yüzlərlə nəqliyyat vasitəsi dayanmışdı. Bütün qeyd edilənlər həmin küçədəki TŞ4-090 saylı şəhər təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmışdır. İddiaçı hesab edir ki, bilərəkdən və qəsdən yüzlərlə vətəndaşın nəqliyyat vasitəsinə, o cümlədən, şəxsən onun nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Bununla bağlı xx.xx.2025-ci il tarixində Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə ərizə ilə müraciət edərək, TŞ4-090 saylı şəhər təhlükəsizlik kamerasının görüntülərinin verilməsini xahiş etmiş, ərizədə qeyd edilən xüsusatların polisin səlahiyyətinə aid olmadığından, görüntünün verilməsindən əsassız olaraq imtina edilmişdir. İddiaçı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın qarşılanması üçün cavabdehə məktubla müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş ümumşəhər iməciliyi zamanı Bakı şəhəri Nizami rayonunun ərazisində də təmizlik, küçə və prospektlərin xüsusi maye ilə yuyulması işləri həyata keçirilmişdir. Yuma prosesini həyata keçirən xüsusi nəqliyyat vasitələrində mayenin təyinatı üzrə yolların hərəkət hissəsinə vurulması üçün xüsusi istiqamətləndirici başlıqlar (su şırnaqları) quraşdırıldığından və həmin başlıqlar vasitəsilə də maye yalnız irəli və aşağı istiqamətlərdə küçə və prospektlərin səthinə vurulur ki, bu zaman küçə və prospektlərin kənarında park edilmiş nəqliyyat vasitələrinin üzərinə mayenin vurulması tamamilə mümkünsüzdür. Nizami Rayon Mənzil-Kommunal Təsərrüfati Birliyinin balansında küçə və prospektlərin xüsusi maye ilə yuyulması prosesini həyata keçirən xüsusi nəqliyyat vasitələrinin ümumiyyətlə mövcud deyildir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müvafiq cavab məktubunda xx.xx.2025-ci il tarixdə keçirilmiş ümumşəhər iməciliyi zamanı istifadəsində olan “Toyota-Venza” markalı nəqliyyat vasitəsinə vurulmuş zərər barədə əsaslandırılmış sənədlər və yuyulma prosesini həyata xüsusi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatla sığorta şirkətinə və müvafiq qurumlara müraciətin edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, küçələrin yuyulmasını həyata keçirən həmin nqəliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi onun yadında qalmamışdır. Çünki, həmin vaxt o, həmin nəqliyyat vasitəsini saxlamaq üçün işarə etmiş, lakin nəqliyyat vasitəsinin sürücüsü ona məhəl qoymadan öz hərəkətini davam etdirmiş, bu isə onun həyəcan keçirməsinə səbəb olmuşdur. Küçələrin yuyulması hazıkı cavabdeh tərəfindən, yaxud Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Lakin, hər iki qurum məsuliyyəti öz üzərindən atır. Belə olan halda iş üzrə xüsusi qərardad çıxarılmaqla prokurorluğa xəbər verilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraz ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş BB554148 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X1” minik markalı, **-NB-*** qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddia ərizəsinə fotoşəkillər əlavə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının müraciətində qeyd edilən xüsusatların polisin səlahiyyətinə aid olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda arxivlərin saxlanma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və Azər Manafov küçələrində xüsusi nəqliyyat vasitəsi ilə yuma işlərinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində hər hansı sənəd olmadığından sorğuda göstərilən məlumatın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş 1000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə vurulmuş ziyana görə kompensasiya haqqında iddiadır. İddiaçı ona maddi ziyan dəydiyini və maddi ziyanın məhz hazırkı iş üzrə cavabdeh tərəfindən vurulduğunu hesab edir. Bakı şəhərinin Nizami rayonu ərazisində müvafiq təmizlik işlərinin aparılması cavabdehin səlahiyyətlərinə aidddir.Bu səbəbdən cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh quruma məxsus nəqliyyat vasitəsinin küçələrin yuyulması üçün istifadə etdiyi dezinfeksiya məhlulunun onun avtomobilinə vurulması nəticəsində avtomobilin boyasının korlandığını və bunun nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəydiyini bildirərərk və həmin məbləğin ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtina əsasları ondan ibarət olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş ümumşəhər iməciliyi zamanı Bakı şəhəri Nizami rayonunun ərazisində də təmizlik, küçə və prospektlərin xüsusi maye ilə yuyulması işləri həyata keçirilmiş, yuma prosesini həyata keçirən xüsusi nəqliyyat vasitələrində mayenin təyinatı üzrə yolların hərəkət hissəsinə vurulması üçün xüsusi istiqamətləndirici başlıqlar (su şırnaqları) quraşdırıldığından və həmin başlıqlar vasitəsilə də maye yalnız irəli və aşağı istiqamətlərdə küçə və prospektlərin səthinə vurulmuşdur. Buna görə də küçə və prospektlərin kənarında park edilmiş nəqliyyat vasitələrinin üzərinə mayenin vurulması tamamilə mümkünsüzdür. Cavabdehin balansında belə xüsusi nəqliyyat vasitələri ümumiyyətlə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddianın təmin edilməsi üçün iddiaçıya məxsus avtomobilə məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan dəyməsi, həmin ziyanın məbləğinin iddiaçının tələb etdiyi həcmdə olması sübuta yetirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar (12.3). Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər (12.4). Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (76.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati məhkəmə icraatında sübutların araşdırılması və toplanması zamanı məhkəmə yalnız proses iştirakçılarının təqdim etdiyi izahat və sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları öz təşəbbüsü ilə araşdırmalı, zəruri hallarda əlavə sübutlar toplamalı və iştirakçılardan məlumat tələb etməlidir. Proses iştirakçıları isə sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsinə bir neçə fotoşəkil əlavə etmişdir ki, həmin fotoşəkillərdən avtomobilin üzərinə hansısa məhlulun tökülməsi müəyyən edilsə də, bunun məhz cavabdeh quruma məxsus nəqliyyat vasitələri tərəfindən icra edildiyini təsdiq edəcək hər hansı bir hal və sübut məhkəmə tərəfindən aşkar edilməmişdir. İddiaçı küçələrin yuyulması zamanı dezinfeksiya məhlulunu onun avtomobilinin üzəərinə püskürdülməsinə səbəb olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini də xatırlamadığını məhkəmə iclasında bildirmişdir. Eyni zamanda, iddiaçının vəsatətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və Azər Manafov küçələrinin kəsişməsində yerləşən TŞ4-090 saylı şəhər təhlükəsizlik kamerası vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 14:20-14:40 aralığında qeydə alınan video görüntülərin əldə edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda arxivlərin saxlanma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, iddiaçının vəsatəti əsasında xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev və Azər Manafov küçələrində xüsusi nəqliyyat vasitəsi ilə yuma işlərinin həyata keçirilməsi ilə bağlı tədbirin keçirilib keçirilməməsi, belə bir tədbirin keçirildiyi təqdirdə həmin ərazidə küçənin yuyulması üçün yol vərəqəsinin hansı nömrəli avtonəqliyyət vasitəsinin sürücüsünə verilməsi barədə ətraflı məlumatın əldə edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məhkəmə sorğusu göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və Azər Manafov küçələrində xüsusi nəqliyyat vasitəsi ilə yuma işlərinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində hər hansı sənəd olmadığından sorğuda göstərilən məlumatın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın dəydiyi, cavabdehin təqsiri və maddi ziyan arasında səbəbli əlaqənin mövcudluğu mötəbər sübutlarla təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar da mövcud deyildir. İddiaçıya maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəyməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı hər hansı araşdırmanın aparılmasına lüzum görmür. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar