Məhkəmə qərarları › İş №2-1(112)-11194/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11194/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11194/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 520 D” minik markalı, RK030TR24 tranzit dövlət nişanlı, sedan tipli 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli 2019-cu il buraxılışlı avtomobilin adına qeydiyyat alınması və dövlət qeydiyyat nişanlarının (nömrə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobil sifarişi əsasında “BMW 520 D” minik markalı, RK030TR24 tranzit dövlət qeydiyyat nişanlı, sedan tipli 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli 2019-cu il buraxılışlı avtomobili Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixində gətirmişdir. Qeyd etdiyi avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra adına qeydiyyat alınması və dövlət qeydiyyat nişanlarının alınması üçün cavabdehə müraciət xx.xx.2025-ci il tarixli 3-13-162- T-89678 nömrəli məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdehin qeyd edilən səbəbdən müraciətinə imtina etməsi əsassızdır. Belə ki, idarə tərəfindən ban nömrəsinin yazıldığı hissədə qaynaq işlərinin aparılması əsas gətirilərək avtomobilin qeydiyyata alınmasından və dövlət qeydiyyat nişanı verilməsindən imtina olunmuşdur. Qeyd edilən hal avtomobilin texniki baxışı zamanı müəyyən olunmuş, lakin ona məxsus olan avtomobil qanuni yolla alınmış və gömrük qeydiyyatından keçmişdir. Sənədlər tam qaydasındadır. Avtomobilin ban nömrəsində aparılmış dəyişikliklərin avtomobilin oğurluq olması və ya cinayət əməlinin subyekti olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Qaynaq izlərinin olması təkbaşına nəqliyyat vasitəsinin qeydiyyatdan imtinası üçün əsas ola bilməz. Bu imtina aşağıdakı əsaslarla qanunsuz və əsassız hesab olunmalıdır: Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Qeyd olunan qanunvericilikdə texniki baxış zamanı yalnız təhlükəsizlik göstəricilərinə və sənədlərin düzgünlüyünə diqqət yetirilir. Avtomobilin texniki cəhətdən saz olması və qanuni mənşəyə malik olması halında onun qeydiyyatından imtina üçün qanuni əsas yoxdur. “Yol hərəkəti haqqında” Qanunun 33.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər ona sahib olmaq hüququnu aradan qaldırmır. Qaynaq işlərinin olması avtomobilin oğurluq və ya saxta olması ilə bağlı sübut olmadan qeydiyyatdan imtinanı əsaslandırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1 və 26.1-ci maddələrinə əsasən, hər bir şəxs hüquqlarının pozulması hallarında müvafiq məhkəməyə müraciət edə bilər. Cavabdeh orqan tərəfindən hüquqi əsas olmadan qeydiyyatdan imtina edilməsi onun mülkiyyət hüququnun və nəqliyyat vasitəsindən sərbəst istifadə hüququnun pozulmasıdır. Avtomobilin texniki baxış sənədində və ekspertiza rəyində qeyd olunmuşdur ki, ban nömrəsi ətrafında qaynaq izləri var, lakin oğurluq, saxtalaşdırma və ya ban nömrəsinin dəyişdirilməsi ilə bağlı sübuta yetirilmiş heç bir fakt təqdim olunmamışdır. Bu isə imtinanın hüquqi deyil, fərziyyə əsasında verildiyini göstərir. Nəticədə onun pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. “BMW 520 D” minik markalı, RK030TR24 tranzit dövlət nişanlı, sedan tipli 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli 2019-cu il buraxılışlı avtomobilin adına qeydiyyata alınması və dövlət qeydiyyat nişanlarının (nömrə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsi xahiş edilir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “qeyd olunan "BMW" markalı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”

4. İddiaçı tərəfindən təqdim edilmiş Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-B-5/2-5889/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 03 mart 2025-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına qeydiyyata alınmış «BMW 520D» minik markalı, RK030TR24 tranzit dövlət qeydiyyat nişanlı, sedan tipli, 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli, 2019-cu il buraxılışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma ona həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, özünə avtomobil almaq istədiyi üçün internet saytlarında avtomobillərlə maraqlanmışdır. Nəhayət Koreya dövlətində satışda olan «BMW 520D» minik markalı, sedan tipli, 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli, 2019-cu il buraxılışlı avtomobili bəyənmişdir. Avtomobil qəzalı vəziyyətdə satışa çıxarılmışdır. Qiyməti qane etdiyi üçün avtomobili almışdır. Avtomobil sifarişi əsasında Azərbaycan Respublikasına gətirilib 21 avqust 2024-cü il tarixdə gömrük qeydiyyatından keçirilmişdir. Sonra isə BDYPİ-nə müraciət edərək RK030TR24 dövlət tranzit nömrə nişanı almışdır. Avtomobili aparıb təmirə vermişdir. Avtomobilin təmiri başa çatandan sonra adına qeydiyyat etdirmək və dövlət qeydiyyat nişanları almaq üçün 01 mart 2025-ci il tarixdə BDYPİ-nə müraciət etmişdir. Orada avtomobilin texniki baxışı aparılaraq ban nömrəsində qaynaq olması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobil qəzalı vəziyyətdə alınıb təmir olunmuşdur. Ban nömrəsində olan qüsur qəzadan sonra təmirlə bağlıdır. Lakin buna əhəmiyyət verilməmişdir. Hazırda avtomobili adına qeydiyyata aldıra bilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04 aprel 2025-ci il tarixli, 25/133 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «BMW 520D» minik markalı, baxış zamanı üzərində RK030ÄZ/TR24 dövlət tranzit qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «WBAJF3105KWW22027» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Həmçinin həmin hissədə metal qismən dalğalı formadadır. Avtomobilin qabaq sağ və sol qapı çərçivələrində yapışqan kağız üzərində olan 2 (iki) ədəd zavod lövhəsi (birka) aşkar edildi. Avtomobilin qabaq sağ qapı çərçivəsində qara rəngli yapışqan kağız olan zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsini göstərən «WBAJF3105KWW22027» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Həmin zavod lövhəsi (birka) üzərində qoruyucu su nişanları müşahidə edildi. Avtomobilin qabaq sol qapı çərçivəsində boz rəngli yapışqan kağız olan zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsini göstərən «WBAJF3105KWW22027» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən hərf və rəqəm aşkar edilmədi, yoxdur. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissənin mühərrikin detalları ilə qismən qapalı olması aşkar edildi. Lakin həmin hissəyə fənər və X4» modelli endoskop vasitəsilə baxış zamanı «60 - - 5569 B4 - - 20B» ardıcıllıqla həkk edilmiş hərf və rəqəmlər aşkar edildi. Həmin «60 - - 5569 B4 - - 20B» ardıcıllıqla həkk edilmiş hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmin «60 - - 5569 B4 - - 20B» hərf və rəqəmlərinin arasında vuran hərf və rəqəmlərin üzəri mühərrikin detalı ilə qapalı olduğundan görmək mümkün olmadı. Araşdırma zamanı müəyyən edilmişdir ki, «BMW 520D» minik markalı, RK030TR24 tranzit dövlət qeydiyyat nişanlı, sedan tipli, 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli, 2019-cu il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Həmçinin avtomobilin ön alın şüşəsi altında avtomobilin ban nömrəsi göstəricisi də yoxdur. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi «BMW 520D» minik markalı, RK030TR24 tranzit dövlət qeydiyyat nişanlı, sedan tipli, 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli, 2019-cu il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim xx.xx.2024-cü il tarixli edilmiş gömrük bəyannaməsində malı qəbul edən və malın təfsiri bölümlərində qeyd edilmişdir ki, minik avt: BMW 520 D (DİZEL), ist. Tarixi xx.xx.2019 müh.həcmi: 1995 kb.m, şassi/ban no: WBAJF3105KWW22027, SLVU4723636, İddiaçı.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli köçürmə haqqında ərizədə qeyd edilmişdir ki, İddiaçı “AUTO WEB CO., LTD”-yə BMW 520 D, VİN: WBAJF3105KWW22027 avtomobilin dəyəri olan 8.000 ABŞ dollarını ödəmişdir.

7. Məhkəmə sorğusu əsasında əldə edilmiş Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli 3-13-25/2-7673/25 nömrəli məktubunda qeyd edilmişdir ki, VİN: WBAJF3105KWW22027 olan, “BMW 520 D” markalı avtomobilə bağlı məktubunuz xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnterpolun Milli Mərkəzi Bürosuna daxil olmuşdur. Sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşlikatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-11194/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə (ekspertlərinə) həvalə edilmişdir. Ekspertlər qarşısında «BMW 520D» minik markalı, RK030TR24 tranzit dövlət qeydiyyat nişanlı, sedan tipli, ağ rəngli, 2019-cu il buraxılışlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissələrində ban nömrəsi hansı üsulla vurulmuşdur, həmin avtomobilin ban nömrəsində rəqəmlərdə dəyişikliklərin (pozulma və s.) səbəbi nə olmuşdur? Böyüdücü vasitələrin köməkliyi ilə rəqəmlərin hamısının oxunması mümkündürmü (əgər mümkündürsə, ban nömrəsi tam göstərilməklə), həmin avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissələrində ban nömrələri birbiri ilə uyğunluq təşkil edirmi, həmin avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissələrdə mühərrik nömrəsi yazılmışdırmı, mühərrik nömrəsi göstərilməmişdirsə, səbəbi nə olmuşdur kimi suallar qoyulmuşdur.

9. Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli 3/867 nömrəli ekspert rəyində ekspertizanin növü və ixtisas sahəsi: məhkəmə trasoloji ekspertizası, “Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi” kimi qeyd edilmişdir. Həmin rəyin tədqiqatın nəticəsi bölümündə qeyd edilmişdir ki, təqdim edilmiş “BMW 520 D” markalı avtomobilin «WBAJF3105KWW22027» məzmunlu nəqliyyat vasitəsinin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunmuşdur və düzəliş, dəyişdirilmə aparılmamışdır. Avtomobilin mühərrik nömrəsinin üzərində olan hərf və rəqəmlərin tədqiq edilməsi onun avtomobildən söküldüyü halda mümkündür.

10. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

11. Cavabdehə məhkəmə iclasının yeri və vaxti barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

I. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

19. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

22. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

23. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

24. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Azərbaycan Repsublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydalarının qeyd hissəsinə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir.

29. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

30. Məhkəmə qeyd edir ki, mübahisə nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina ilə bağlıdır. Belə ki, cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən qeyd olunan "BMW" markalı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən həmin nəqliyyat vasitəsinə dair DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı “AUTO WEB CO., LTD”-yə BMW 520 D, VİN: WBAJF3105KWW22027 avtomobilin dəyəri olan 8.000 ABŞ dollarını ödəmiş və avtomobili Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixində gətirmişdir.

32. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

33. Həmçinin məhkəmənin mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində xx.xx.2025-ci il tarixli 2-1(112)-11194/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir.

34. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli, 3/867 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş “BMW 520 D” markalı avtomobilin «WBAJF3105KWW22027» məzmunlu nəqliyyat vasitəsinin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunmuşdur və düzəliş, dəyişdirilmə aparılmamışdır. Avtomobilin mühərrik nömrəsinin üzərində olan hərf və rəqəmlərin tədqiq edilməsi onun avtomobildən söküldüyü halda mümkündür.

35. Beləliklə, ekspert rəyi ilə mübahisə predmeti olan avtomobilin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunması və düzəliş, dəyişdirilmə aparılmaması müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və ekspertin rəyi üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab edir.

36. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya məxsus “BMW 520 D” markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinası əsassız olmuşdur.

37. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. “BMW 520 D” minik markalı, RK030TR24 tranzit dövlət nişanlı, sedan tipli 60735569 mühərrik nömrəli, WBAJF3105KWW22027 ban nömrəli, ağ rəngli 2019-cu il buraxılışlı avtomobilin İddiaçı adına qeydiyyat alınması və dövlət qeydiyyat nişanlarının (nömrə) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X2; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar