Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11196/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı B.Sərdarov adına Maşınqayırma Zavodu TSC tərəfindən verilmiş 25 mart 2003-cü il tarixdə 641 nömrəli order əsasında ailə üzvləri ilə birlikdə yaşamaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzili ayrılmışdır. O, həmin vaxtdan hazıradək ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 74 saylı 7 dekabr 2020-ci il tarixli sərəncamı ilə həmin mənzilə dair onun adına (10 nəfər ailə üzvü ilə) kirayə müqaviləsi bağlanılmış və o, mənzilin kirayəçisi hesab olunmuşdur. İddiaçı həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, ona ünvanlanmış cavab məktubunda mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Lakin, iddiaçı cavabdeh orqana müraciət edərkən “B.Sərdarov adına Maşınqayırma Zavodu” TSC tərəfindən verilmiş 25 mart 2003-cü il tarixli 641 nömrəli orderi və Bakı ŞİH MKT Departamentinin 74 saylı 7 dekabr 2020-ci il tarixli sərəncamını ərizəyə əlavə etmişdir. Cavabdehin ona ünvanladığı 31 may 2023-cü il tarixli məktubdan aydın görünür ki, müraciəti formal əsaslandırılmaqla təmin edilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 15, 24-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4, 5, 146-cı maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 3, 4, 9-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət resyestri haqqında» Qanunun 2, 15-ci maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazına bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 16 may 2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzilinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı ŞİH MKT Departamentinin 74 saylı sərəncamı 7 dekabr 2020-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 50,38 kv.m təşkil edir. Göstərilənlərə və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 23-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və bildirdi ki, mənzil iddiaçıya 25 mart 2003-cü il tarixdə ayrılmışdır. O da həmin vaxtdan ailə üzvləri ilə birlikdə orada yaşayır. İddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, imtinanın səbəbi iddiaçının təqdim etdiyi mənzilə dair sərəncamın 2009-cu ilin 1 oktyabr tarixindən sonrakı tarixdə verilməsi olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 2003-cü ildən halhazıradək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzildə yaşayır. Həmin bina Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentnin balansına verildikdən sonra iddiaçının müraciəti əsasında Departamentin 7 dekabr 2020-ci il tarixli 74 saylı sərəncamı ilə o, sözügedən mənzilin kirayəçisi hesab edilmiş və onunla mənzilə dair kirayə müqaviləsi bağlanması qərara alınmışdır. İddiaçı sözügedən mənzildə yaşayan yetkinlik yaşına çatmış şəxslərin müvafiq razılıq ərizələri və MKTD-nin 7 dekabr 2020-ci il tarixli sərəncamı ona əlavə olunmaqla mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh mənzilə dair kirayə müqaviləsinin 2009cu ilin 1 oktyabr tarixindən sonrakı dövrdə bağlandığını əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə icraatında cavabdeh imtinanın digər əsası kimi həm də bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka keçirilən yerli baxış zamanı mənzilin 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 50,38 kv.m olduğu müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir, lakin həmin Qanunun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: - (maddə 146.4) Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi öz mövqeyi üzrə gətirdiyi dəlilə, yəni Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamının 7 dekabr 2020-ci il tarixdə qəbul olunmasına münasibətdə məhkəmə qeyd edir ki, bir tərəfdən mənzilə dair müvafiq müqavilə “sosial kirayə müqaviləsi” deyil, “kirayə müqaviləsi”dir, digər tərəfdən isə sərəncam 2020-ci ildə verilsə də, mənzil münasibətləri 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Həmçinin qeyd olunmalıdır ki, 1 oktyabr 2009-cu ildən əvvəlki dövrdə mənzil münasibətləri yaranmış şəxslərlə həmin vaxtdan əvvəlki və sonrakı tarixlərdə bağlanmış müqavilələr üzrə hüquqlarının qeydiyyata alınmasına “fərq qoyulması” «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Çünki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda bağlanmış müqavilələr predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı 7 dekabr 2020-ci il tarixdə verilsə də, mənzil münasibətləri 2009-cu ilin 1 okyabr tarixindən əvvəlki dövrə aid olduğundan, Mənzil Məcəlləsinin 29 avqust 2019-cu il tarixdən qüvvəyə minmiş 146.4-cü maddəsi də iddiaçının mənzilinə münasibətdə tətbiq olunmamalıdır. Eyni zamanda, məhkəmə icraatında mübahisənin obyekti olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzilinin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 6-cı maddəsində nəzərdə tutulan kateqoriyalara aid olması müəyyən edilməmiş, cavabdeh tərəf də bu barədə dəlil təqdim etməmişdir. Həmçinin kənar tikililərə gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçı mənzilin hüqumüəyyənedici sənədlərində əks olunan 28,8 sahəyə mülkiyyət hüququ əldə etmişdir və həmin sahəyə də mülkiyyət hüququnun qeydiyyatını arzulayır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 6 saylı evin 14 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11196/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11196/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver