Məhkəmə qərarları › İş №2-1(112)-112/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-112/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-112/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların, icazənin və icarə müqavilələrinin qismən ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə (zəruri cəlb etmə) “sərəncamların, icazənin və icarə müqavilələrinin qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ünvan: ünvan 2axaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 01 nömrəli sərəncamının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazənin” ona məxsus torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olan hissədə qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Sonradan məhkəmənin qərardadı ilə X2 öldüyü üçün iddiaçı onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləgv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Binəqədi bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində torpaq sahəsi iddiaçıya satılmışdır. 1988-ci ildən faktiki, 2003-cü il tarixdən isə rəsmi olaraq torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyində olmuşdur. Daha sonra 25 oktyabr 2019-cu il tarixdə iddiaçının torpağa dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 2018-ci ilin mart ayında "xxxx" MMC tikinti şirkətinin nümayəndələri həmin yeri "abadlıq" adı ilə söküb dağıdaraq zəbt etməyə cəhd etmiş, buna qismən nail olmuşlar. Onların hərəkətlərində ciddi qanun pozuntularının (talama və işçilərin bağdakı əşyaların oğurlanması) əlamətləri olduğundan müraciətinə əsasən polisdə araşdırma başlanmış, "xxxx" MMC-nin nümayəndəsi İlkin Şükürov tikinti-layihə sənədlərini təqdim edərək orada iddiaçının sahəsinin onun layihəsi ilə əhatə olunduğunu göstərmişdir. Lakin təqdim etdikləri sərəncamdan məlum olmuşdur ki, onlara torpaqayırma sənədi deyil, yalnız layihələndirmə işinə icazə verilmiş və Bakı şəhəri İH nəzdindəki "İnterservis" qurumu ilə torpaq sahəsinin icarə müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, 2018-ci ildə "xxxx" MMC tikinti şirkəti iddiaçıya məxsus yerlə yanaşı olan bütün ərazini hasara alaraq içindəki ağacları kökündən çıxarmış, yaşıllığı şumlamış, iddiaçının yerinin hasarını dağıtmış, darvazanı, bağın içindəki dəmir şkafda olan əşyaları, yerdə toplanmış dəmir boruları və bağ alətlərini talamışlar. Polisdə araşdırma aparılan dövrdə onlar vurduqları ziyanı aradan qaldıracaqlarına və sahəyə toxunmayacaqlarına zəmanət versələr də, buna əməl etməmişlər. 2020-ci ilin may ayının əvvəlində həmin şəxslər bir daha əraziyə gələrək ağır texnika ilə işlərə başlamışlar. Bu şəxslərin hərəkətləri özbaşınalıq və talan, özgə əmlakı məhv etmə olmaqla iddiaçının və yaxınlarının səhhətinə sarsıdıcı zərbə olmuşdur. Hesab edir ki, şirkətə tikinti üçün şəhərsalma qaydalarına görə yerində müayinə və baxış olmadan, yerquruluşu, o cümlədən torpağın başqa hüquqlardan sərbəst olması məsələsi dəqiq öyrənilmədən nə ayrıc aktı və ya başqa sənəd verilə bilməzdi. Məlumdur ki, ayrıc aktı yer naturada təhvil verilməklə imzalanır. Heç bir halda xüsusi mülkiyyətdə olan torpaq sahəsinə icazə verilə bilməzdi. Heç bir sənəd, o cümlədən yanlış tərtib olunmuş sənəd özgənin xüsusi mülkiyyətinə zorakılıqla daxil olmağa, dağıtmağa əsas vermir. Beləliklə, cavabdehlərin vermiş olduğu icazə sənədlərinə əsaslanaraq "xxxx" MMC açıq şəkildə, bilərəkdən iddiaçının xüsusi mülkiyyətində olan əmlakını məhv etmişdir. Hesab edir ki, verilmiş icazələr qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1988 saylı etirazında göstərilmişdir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMC xx.xx.2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədini təqdim edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərin və üçüncü şəxsin lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 240 kv.m. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyətinə satılmışdır - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinə X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 908 nömrəli reyestr kitabının 86632 nömrəli vərəqində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinin kadastr göstəriciləri və planı qeyd edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamına əsasən, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli,15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 18/49 saylı xx.xx.2018-ci il tarixli ayrıc aktına əlavə edilmiş cizgidən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə tikinti işlərinin aparılması üçün ayrılan 0.1567 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”dən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-yə tikinti işlərinin aparılmasına icazə verilmişdir. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 13384 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kvm torpaq sahəsi 49 il müddətinə icarəçi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamına əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklərə əsasən 1458 kv.m 2462 kv.m kimi oxunması qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edilmiş 19/64 saylı xx.xx.2019-cu il tarixli cizgidən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün ayrılan 0.0895 ha və yaşayış binasının tikintisinə icazə verilmiş 0,1458 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020ci il tarixli, 0402-1138 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 nömrəli və xx.xx.2019-cu il tarixli 358 nömrəli sərəncamları ilə "xxxx" MMC-yə Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1567 hektar torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə icazə verilmiş və həmin əraziyə bitişik 0,0895 hektar torpaq sahəsi abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin MMC tərəfindən müvafiq sənədlərin tamlığı təmin edildikdən sonra aidiyyəti qurunların rəyi, razılığı və digər zəruri sənədlər əsasında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yaşayış binasının tikintisinə xx.xx.2020-ci il tarixli 38 nömrəli icazə verilmişdir. - "xxxx" MMC-nin 01 iyun 2020-ci il tarixli, 032/2020 saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin koordinatları GPS vasitəsilə ölçü işləri aparılaraq dəqiqləşdirilmiş, sahənin naturada mövcud olan hüdudları müəyyən edilmiş, müqayisəli sxem tərtib edilmişdir. Şərq tərəfdən olan sərhəd boyu aparılan tikinti işləri nəticəsində mülkiyyətçiyə məxsus sahənin təxminən 75 kv.m hissəsi qazılmış, əraziyə müdaxilə olunmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri,Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə tikintiquraşdırma işləri Binəqədi Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(001)- 3222/2020 saylı qərardadı əsasında Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən dayandırılıb və hal-hazırda tikinti-quraşdırma aparılmır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********09 saylı məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsinə dair müraciət əsasında torpaq sahəsinin döngə nöqtələrinin naturada koordinatları təyin edilmiş, torpaq sahəsinin 105,0 kv.m hissəsi qonşu tərəfindən zəbt olaraq taxta lövhələrlə hasarlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********59 saylı məktubunda bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı idarənin mütəxəssisi qeyd olunan ünvanında olmuş və göstərilən torpaq sahəsinin koordinatları müəyyənləşdirilərək göstərilmişdir (sənəd üzrə 240.0 kv.m-faktiki 135.0 kv.m). Bundan başqa X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 240.0 kv.m torpaq sahəsi tamamilə “Map MMC-nin icarəsinə verilmiş 0.1567 ha torpaq sahəsinin ayrıc aktının daxilində yerləşir. Həmçinin "xxxx" MMC tərəfindən inşa edilmiş tikililərin bir hissəsi mülkiyyətdə olan torpaq sahəsinin mübahisəli 135.0 kv.m hissəsində yerləşir. “MAP MMC-nin icarəsinə ayrılmış torpaq sahəsi və tikililər barədə elektron kadastr baza və qeydiyyat kitabında heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********55 saylı mütəxəssis rəyindən görünür ki, göstərilən sahə faktiki olaraq 235,0 kv.m təşkil etməklə sərhədləri iki tərəfdən mişar daş hasarla, bir tərəfdən mişar daş hasar və üzərindəki tikilinin çöl divarı ilə, bir tərəfdən isə üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının çöl divarı ilə sərhədlənib (sahənin üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan 114,0 kv.m sahə bir tərəfdən üzərindəki çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, üç tərəfdən isə şərtidir. Sənəd üzrə sahədən kənarda qalan 10,0 kv.m torpaq sahəsi iki tərəfdən üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, iki tərəfdən şərtidir. Sahələrin üst-üstə düşməsi müəyyən edilməsi barədə faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem (koordinatlar göstərilməklə) əlavə olunmuşdur. - AZ-İİ № 272337 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2022ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7138 №-li tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, göstərilən sahə faktiki olaraq 235,0 kv.m təşkil etməklə sərhədləri iki tərəfdən mişar daş hasarla bir tərəfdən mişar daş hasar və üzərindəki tikilinin çöl divarı ilə, bir tərəfdən isə üzərindəki mövcud olan çoxmərtəbəli yaşayış binasının çöl divarı ilə sərhədlənib (sahənin üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan 114,0 kv.m sahə bir tərəfdən üzərindəki çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, üç tərəfdən isə şərtidir. Sənəd üzrə sahədən kənarda qalan 10,0 kv.m torpaq sahəsi iki tərəfdən üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, iki tərəfdən şərtidir. Sahələrin üst-üstə düşməsi müəyyən edilməsi barədə faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem (koordinatlar göstərilməklə) mütəxəssis rəyinə əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”na dair 1 saylı Protokol 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.7. ərazinin tikinti əmsalı-tikinti sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti; 3.0.8. ərazinin tikinti sıxlığı əmsalı-bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti; 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət; 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; 3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyət;... 22.7. ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.1. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat aşkar olmalıdır. 25.2. Sifarişçi ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraatın aşkarlığını təmin etməyə borcludur. 25.3. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə, müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək, etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalıdır. 26.0. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraatın aşkarlığını təmin edən prosedurlar aşağıdakılardır: 26.0.1. ərazi planlaşdırılması barədə məlumat verilməsi; 26.0.2. ictimaiyyətin ərazi planlaşdırılması sənədlərinin layihələri ilə tanış olmaq imkanının yaradılması; 26.0.3. ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılması; 26.0.4. ictimai müzakirələrin keçirilməsi. 27.1. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması və ya dəyişdirilməsi barədə qərar, planlaşdırmanın məqsədləri və ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən qurulması və ya inkişafı ilə əlaqədar müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən mümkün qədər əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir. 30.1. Ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur. 30.2. Sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilmiş dəyişiklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirənin iştirakçılarına məlumat verir. 30.3. Ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39. Abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur.

40. Abadlaşdırma tədbirləri əvvəlcədən mülkiyyətçilər və digər maraqlı şəxslərlə müzakirə edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyələr abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxslərə lazımi məsləhətlər verir. Dövlət və ya bələdiyyə abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxsləri həvəsləndirə bilər. 42.1. Abadlaşdırma üçün hazırlıq işləri müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən görülür. Hazırlıq işlərinə aşağıdakılar daxildir: 42.1.1. hazırlıq xarakterli tədqiqatların aparılması; 42.1.2. abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi; 42.1.3. abadlaşdırma tədbirlərinin müəyyənləşdirilməsi; 42.1.4. abadlaşdırma tədbirlərinin həcmi və müddətinin müəyyən edilməsi; 42.1.5. nəzərdə tutulan abadlaşdırmanın müzakirəsi; 42.1.6. abadlaşdırma planı. 42.2. Abadlaşdırılmalı ərazi müəyyənləşdirilməzdən əvvəl hazırlıq işləri qismində nizamasalma və tikinti ilə bağlı ayrı-ayrı tədbirlər həyata keçirilir. 43.1. Abadlaşdırma tədbirlərinin həyata keçirilməli olduğu hər hansı ərazi müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazi qismində müəyyənləşdirilir. Abadlaşdırılmalı ərazi bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan abadlaşdırma tədbirlərinin mümkün qədər daha səmərəli yerinə yetirilməsi baxımından müəyyən edilməlidir. Abadlaşdırılmalı ərazi hüdudlarında abadlaşdırma tədbirlərinin toxunmadığı ayrı-ayrı torpaq sahələri müəyyən edilir. 43.2. Abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırma barədə qərar qəbul edilir. Qərarda həmçinin abadlaşdırılmalı ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilməlidir. 43.3. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsini əsaslandıran hesabat hazırlanmalıdır. 44.1. Abadlaşdırma barədə qərar müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən təsdiq edilməlidir. 44.3. Abadlaşdırma barədə qərar təsdiq edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən elan olunmalıdır. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.14. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə;... 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 97.1. Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. 43.1. yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 43.3 yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 43.4. yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 51.6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. 65.1. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65.2. torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.3. torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65.6. torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65.7. torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 66.1. dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin hallarına görə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinə iddiaçının mərhum atası X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamına əsasən 3-cü şəxs "xxxx" MMC-yə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 30 may 2018-ci il tarixli 1484 saylı müqaviləyə əsasən torpaq sahəsi 49 il müddətinə icarəçi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamına əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sonradan 30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə 19 noyabr 2019-cu il tarixli dəyişikliklər edilərək 2462 kv.m torpaq sahəsinin icarədə olması qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-yə tikintiyə icazə verilmişdir. İddiaçı birinci cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarını, torpaq sahəsinin icarəyə verilməsi haqqında 3-cü şəxslə baglanmış 30 may 2018-ci il tarixli 1484 saylı və həmin müqaviləyə 19 noyabr 2019-cu il tarixli dəyişikliklər edilməsi barədə müqavilələri, ikinci cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədini mübahisələndirərək onun mülkiyyət hüquqlarını pozduğuna istinad edərək həmin sənədlərin ləğv olunmasını xahiş edir. Məhkəmə baxışında işin tədqiq olunmuş halları ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin 3-cü şəxsin icarəsinə verilməsi və tərəfindən tikinti işlərinin aparılması iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilməsi və qanunla qorunan hüquqlarına toxunulması ilə nəticələnmişdir. Sözügedən halların ətraflı araşdırılması məqsədilə məhkəmə tərəfindən yerli baxış keçirilib mütəxəssis rəyi alınaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7138 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının göstərdiyi sahə faktiki olaraq 235,0 kv.m təşkil etməklə sərhədləri iki tərəfdən mişar daş hasarla bir tərəfdən mişar daş hasar və üzərindəki tikilinin çöl divarı ilə, bir tərəfdən isə üzərindəki mövcud olan çoxmərtəbəli yaşayış binasının çöl divarı ilə sərhədlənib (sahənin üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan 114,0 kv.m sahə bir tərəfdən üzərindəki çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, üç tərəfdən isə şərtidir. Sənəd üzrə sahədən kənarda qalan 10,0 kv.m torpaq sahəsi iki tərəfdən üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, iki tərəfdən şərtidir. Sahələrin üst-üstə düşməsi müəyyən edilməsi barədə faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem (koordinatlar göstərilməklə) mütəxəssis rəyinə əlavə edilmişdir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, cavabdehlərin qəbul etdikləri sənədlərin qanuni olub-olmadığının yoxlanılması üçün məhkəmə iki istiqamət üzrə araşdırma aparmışdır: 1) sərəncamın və icazənin inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilib-edilmədiyi və 2) sərəncamın və icazənin maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi. İşdə olan sənədlərdən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamına əsasən 3-cü şəxs "xxxx" MMC-nin şəhərsalma əsaslandırılması təsdiq edilərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Mübahisələndirilən sərəncamın 1,2,3-cü bəndlərində sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul edib onun sanitar vəziyyətinə nəzarət etsin, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin, ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırsın, layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin, layihə təşkilatı layihə-axtarış işləri apararkən ərazidə aşkar olunmamış mühəndisi kommunikasiyalar qeydə alınarsa, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Sərəncamın və memarlıqplanlaşdırma göstərişlərinin yalnız layihələndirmə üçün əsas oldugu göstərilmişdir. Layihələndirmə işləri tam başa çatdıqdan sonra sifarişçi razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməli, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını təmin etməli idi. Bu zaman cavabdeh orqan tərəfindən 3-cü şəxsin təqdim etdiyi şəhərsalma əsaslandırılması təsdiq edilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq ərazinin tikinti əmsalının, yəni tikinti sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti və ərazinin tikinti sıxlığı əmsalının, yəni bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbətinin nəzərə alınması müəyyən edilmir (3.0.7., 3.0.8. m.). Əks halda tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə üst-üstə düşməsi halı baş verməzdi. Həmçinin işdən görünür ki, həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə riayət olunmaqla ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraatın aşkar aparılması prinsipi pozulmuşdur. Belə ki, sifarişçi ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraatın aşkarlığını təmin etməyə borclu oldugundan, sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə, müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək, etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalı idi. Bu zaman həmin Məcəllənin 26-ci, 27.1.-ci, 30-cu maddələrin tələblərinə müvafiq olaraq ərazi planlaşdırılması barədə məlumat verilməli, ictimaiyyətə sənədlərin layihələri ilə tanış olmaq imkanı yaradılmalı, etiraz və təkliflərə baxılmalı, sakinlərin və aidiyyəti qurumların, o cümlədən torpagı satmış bələdiyyə orqanının nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr keçirilməli, ərazi planlaşdırılması sənədlərinin hazırlanması və ya dəyişdirilməsi barədə qərar, planlaşdırmanın məqsədləri və ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən qurulması və ya inkişafı ilə əlaqədar müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən mümkün qədər əvvəlcədən ictimaiyyətə məlumat verilməli, yekun layihə hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunmalı, sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilmiş dəyişiklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirənin iştirakçılarına məlumat verməli idi. Tikintiyə dövlət nəzarəti çərçivəsində cavabdehin səyi ilə iddiaçının mülkiyyətinə qəsd halı baş vermiş olmazdı. Həmçinin “Torpaq icarəsi haqqında” Qanun dövlət mülkiyyətində olan torpaqların dövlətin adından icarəyə verilməsi barədə qərar qəbul etmək səlahiyyətini yerli icra hakimiyyətlərinə vermişdir. Buradan, hazırkı iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair dair sərəncamın və onun əsasında baglanmış icarə müqaviləsinin olması iş üzrə müəyyən olunmur. Bunun əksinə mübahisələndirilən sərəncamda Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinə istinad olunsa da, qanuni əsas olmadan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyətinin sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasının təmin etməli olmasına göstəriş verilmişdir. Beləliklə də sərəncam hüquqi cəhətdən etibarlı olmadıgından aid olduğu şəxslər üçün hüquqi nəticələr yarada bilməzdi (İİQ-nin 64.1 və 64.2-ci maddələri). “Torpaq icarəsi haqqında” Qanunun 8-ci maddəsinə (İcarə münasibətlərinin subyektləri) əsasən, Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Hazırkı halda, Azərbaycan Respublikası adından icarə münasibətlərində Bakı şəhər İcra Hakimiyyəti iştirak etməli idi. Lakin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilədən göründüyü kimi müqavilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı adından baglanmalı oldugu halda Aparatın rəhbəri R.Quliyevlə icarəçi "xxxx" MMC arasında baglanmışdır. Həmin bu müqavilədən əvvəl xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə 0,1567 ha torpaq sahəsinin ayrılmasına dair “ayrıc aktı” təsdiq edilmişdir. Halbuki Sərəncamla 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Həmçinin torpaq qanunvericiliyinin tələblərinə (Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan 66, 67 və 68-ci maddələri) zidd olaraq ayrıc aktı 30 may 2018-ci il tarixli müqavilədən sonra deyil, əvvəl xx.xx.2018-ci il tarixdə təsdiq edilmişdir. Halbuki qanunvericilik torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilməsi və müqavilənin bağlanması ilə eyni vaxtda həmin sənədlərin ayrılmaz hissəsi kimi torpağın planının (cizgisinin) də tərtib edilməsini nəzərdə tutur. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamına əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamda yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 2017-ci ilin sərəncamında icazə verilmiş sahənin 0,1458 ha göstərildiyi halda, əsassız olaraq 0,1567 ha göstərilməklə əraziyə bitişik 0,0895 ha torpaq sahəsinin yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsinə sərəncam verilmişdir. Sifarişçi "xxxx" MMC-yə yenə də Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun BŞİH nəzdində “İnterservis” müdiriyyəti ilə icarə müqaviləsinin bağlanması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tapşırılmışdır. Sərəncamda torpaq sahəsinin 0,1567 ha göstərilməsi heç bir sənədlə əsaslandırılmamışdır. Həmin sərəncamdan irəli gələrək 30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə 19 noyabr 2019-cu il tarixli dəyişikliklər edilərək əsassız olaraq 2462 kv.m torpaq sahəsinin 3-cü şəxsin icarəsinə verilmişdir. Halbuki, abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün sərəncam verilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunan 39-44-cü maddələrinin tələblərinə riayət olunması iş üzrə müəyyən olunmur. Belə ki, abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusu olmaqla əvvəlcədən mülkiyyətçilər və digər maraqlı şəxslərlə müzakirə edilməli idi. Bundan əlavə abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı cavabdeh orqan tərəfindən abadlaşdırma barədə qərarın qəbul edilməsi, həmin qərarda həmçinin abadlaşdırılmalı ərazinin hüdudlarının, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirlərinin, onların həcmi və yerinə yetirilməsi müddətinin göstərilməsi iş üzrə müəyyən edilmir. Nəhayət Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-yə tikintiyə icazə verilmişdir. Halbuki Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazə verməlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. İşin hallarından görünür ki, cavabdeh tikintiyə icazə ilə bağlı icraat barədə tikilinin qonşuluğunda olan iddiaçıya məlumat verməmişdir. Mübahisələndirilən inzibati aktların qəbulu zamanı yuxarıda bəhs olunan normaların tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən torpaq sahəsi üçüncü şəxsə istifadəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt iddiaçının mülkiyyətində olmuş ərazidən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini icarəyə verə bilərdi. Dövlət mülkiyyətində olan torpaqların idarə olunmasında dövlətin maraqlarını təmsil edən cavabdehlər üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyi daşıyırdılar (Mülki Məcəllənin 572.1-ci maddəsi). İddiaçının istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə dair mübahisələndirilən sənədlər iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan ona aid hissədə qanunsuz olmuşdur. Bu baxımdan, iddiaçının həmin sənədlərin onun maraqlarına toxunan hissədə ləgvi tələbini irəli sürməsi qanuni və əsaslıdır. Ən əsası cavabdeh üçüncü şəxsə bina tikintisinə icazə barədə sərəncam verərkən “İnzibati icraat haqqında” Qanunun və Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda bəhs olunan müddəalarına əməl etməyərək iddiaçını icraata cəlb etməmiş, onun iştirakını təmin etməmiş, icraat barədə ona məlumat verməmiş, dinləməmiş, mübahisəyə münasibətini öyrənməmiş, inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində inzibati akt qəbul etmişdir. Məhkəmə xüsusi olaraq vurgulayır ki, iddiaçının cavabdehlər tərəfindən inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən sərəncamlarla bağlı inzibati icraatın aparılmadığı, sərəncamlarda inzibati orqanın gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş sərəncamın qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu aşkardır (İPM-in 70.1-ci maddəsi). İİQ-nin 67.1-ci maddəsinin məzmununa görə, inzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının, - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (İİQ-nin 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (İİQ-nin 21.2-ci maddəsi) borcludur. Həmin normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmayıb. Buradan, iddiaçının barəsində qəbul edilmiş sərəncamlar İİQ-nin 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyü ilə bağlı tələbə gəldikdə, nəzərə alınmalı idi ki, inzibati icraat qaydalarının yuxarıda qeyd olunan tərzdə pozulduğu, qanunla məcburi hesab olunan formal-hüquqi tələblərin inzibati orqan tərəfindən təmin olunmaması iddiaçını öz hüquqlarını müdafiə etmək imkanından qeyd-şərtsiz məhrum etmişdir. Beləliklə, işin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən sərəncamların və icazələrin inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sənədlərin qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkündür. İİQ-nin 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normalardan da göründüyü kimi istər “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”nda, istərsə də Azərbaycan Respublikası Konstitusiyasında “mülkiyyət hüququ” şəxsin toxunulmaz hüquqularından biri kimi göstərilmiş, qanunda göstərilən istisna hallardan başqa şəxsin mülkiyyətindən məhrum edilməsi qadağan edilmişdir. Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işdəki hüquqi mövqeyinə görə Bakı ŞİH 2004-cü il 14 may tarixli sərəncamının mətninə nəzər salaraq qeyd etmişdir ki, “bu sənədin hüquqi qüvvəsi icarə müqaviləsi əsasında özəl podratçıya torpaq sahəsi ayırmaq və podratçıya inkişaf layihəsinin dizaynını hazırlamağa icazə verməklə məhdudlaşırdı. Yuxarıda qeyd edildiyi kimi bu sərəncam barədə həmin ərazinin sakini kimi ərizəçiyə evinin faktiki sökülməsindən qabaq formal məlumat verilməmişdir. Sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsini nəzərdə tutan və ya həmin ərazidə özəl və ya dövlət fondu mənzillərində yaşayan sakinlərin başqa yerə köçürülməsi ilə bağlı qərara istinad edən hər hansı müddəa olmamışdır. Əslində, sərəncamda açıq şəkildə qeyd edilirdi ki, “o, yalnız layihə dizaynının hazırlanması” və layihənin podratçısı tərəfindən müvafiq sənədlərin əldə edilməsi üçün əsas kimi çıxış edirdi. Belə olan halda və müvafiq özəlləşdirilmiş evlərin özgəninkiləşdirilməsi ilə bağlı sonradan BŞİH və ya hər hansı digər dövlət orqanı tərəfindən formal qərarlar qəbul edilmədiyindən, Məhkəmə hesab etmişdir ki, sərəncam öz-özlüyündə sözü gedən ərazidə yerləşmiş xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsinə açıq şəkildə icazə verən hüquqi sənədə bərabər tutula bilməz... Belə olan halda ərizəçinin əmlakına müdaxilə əmlakdan de facto məhrumetmə formasında həyata keçirilmişdir.” Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə mübahisələndirilən sənədlərlə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Belə olan halda, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnu pozan qanunsuz inzibati aktlar qəbul edilərək, iddiaçının iradəsinə zidd olaraq, onun əmlakı barədə sərəncam verildiyindən iddia qismən mübahisələndirilən sənədlərin iddiaçıya aid hissədə ləgvi ilə baglı əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamları, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləgv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamları, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№ 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləgv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar