Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1120/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı Ələsgər oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Ələsgər oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ələsgər oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********6 nömrəli 01 aprel 2022-ci il tarixli məktubu ilə pensiya təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsi və pensiya hüququnun yarandığı tarixdən ona pensiya təyin olunması və həmin dövrdən indiyədək ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və həmin ildə ona əmək kitabçası açılmışdır. Əmək kitabçasının əslində olan məlumatlardan da görünür ki, o, müxtəlif vəzifələrdə 25 ildən artıq çalışmışdır. Əmək stajına görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin iddiaçıya pensiya təyin edilməsindən imtina edilmiş və buna səbəb kimi göstərilmişdir ki, Azərbaycan Nəqliyyat Yol Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək arxiv sənədləri saxlanılmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyil. Göstərilənlərdən də görünür ki, iddiaçı 1975-ci ildən müxtəlif vəzifələrdə işləmiş, iş stajı isə kifayət qədərdir. Lakin onun təqsiri olmayan səbəbdən Azərbaycan Nəqliyyat Yol Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək arxiv sənədləri saxlanılmamış və nəticədə o, pensiya hüququndan məhrum olmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********6 nömrəli 01 aprel 2022-ci il tarixli məktubla pensiya təyin edilməsindən imtina etməsi Azərbaycan Respublikası Qanunvericiliyinin tələbinə uyğun olmadığından onun sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı 25 yanvar 2021-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçının işlədiyi Azərbaycan Nəqliyyat Yol Tikinti İdarəsinin arxiv sədləri saxlanılmadığı üçün həmin dövrlərin araşdırılmasının mümkün olmamışdır. Həmin dövrlərin sosial sığorta stajına əlavə edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasinin təyin edilməsindən imtina edilmişdir. İddiaçı təqdim edilən xx.xx.1971-ci il tarixli və xx.xx.1975-ci il tarixli ИT-İ 0115 saylı əmək kitabçalarına əsasən sosial sığorta stajı 16 il 3 ay 5 gün təşkil edir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirilmişdir ki, hüquq, daxili nəzarət və monitorinq departamentinin xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının işlədiyini iddia etdiyi Azərbaycan Nəqliyyat Yol Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının barəsində xx.xx.2022-ci il tarixli **********2 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********50 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının Özəlləsdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı nazirliyinin xx.xx.2000-ci il tarixli 336 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında "xxxx" ASC yaradılmışdır. Hazırda "xxxx" ASC-nin təşkilati-hüquqi forması ilə bağlı hər hansı dəyişiklik olmamış və səhmlərinin 34,34%-i özəlləşdirilmişdir. Eyni zamanda İddiaçı barəsində xx.xx.2022-ci il tarixli ********** nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli 1-9-118/7387-22 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı 1988-1999-cu illər üzrə işlədiyi "xxxx" ASC-nin sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Azərbaycan Nəqliyyat Yol Tikinti İdarəsinin arxiv sənədləri saxlanılmadığından inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini, İPM-in 47-ci maddəsini əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Nəsimi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Ələsgər oğlu xx.xx.1954-cü il tarixdə Bərdə rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -xx.xx.1971-ci il tarixdən doldurulmağa başlamış kolxozçunun 35 №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı Ələsgər oğlu 1970-ci ildən kolxozçu olaraq işə qəbul edilmiş, xx.xx.1975-ci ilədək Bərdə rayonunda kolxozçu işləmiş, xx.xx.1975-ci il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı Ələsgər oğlu xx.xx.1975-ci ildən xx.xx.1997-ci ilədək “Azərbtransstroy” Tikinti Trestinin 446 №li tikinti idarəsində 2, 3, 4-cü dərəcəli çilingər, mexanik, baş mexanik, baş energetik vəzifəsində, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək “Sevinc” maddi məsul firmasında işləmiş, xx.xx.1997-ci il tarixdə "xxxx" X1 İdarəsində rəis qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin bazasında "xxxx" SC yaradılmış və Mexanikləşdirmə İdarəsi “AZNYT”sc-NİN Mexanikləşdirmə idarəsi adlanmışdır. xx.xx.1999-cu il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) Mexanikləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad edilmişdir. - xx.xx.1980-ci il tarixli EB seriyalı 284202 №li Diplomun surətindən görünür ki, İddiaçı 1980-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik Universitetinin “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” fakültəsini bitirmişdir. - БE №043351 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı Ələsgər oğlu xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" ATSC-nin 445 və 446 №li Tikinti İdarələrinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İdarədə olan reyestrdə “Azərbaycan Nəqliyyat Yol Tikinti İdarəsi” adlı kommersiya qurumu aşkar edilməsə də, xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X2 Cəmiyyəti (VÖEN **********) adlı kommersiya qurumu aşkar edilmişdir. Bundan başqa, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. -Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" X2 Cəmiyyəti (VÖEN **********) xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin nizamnaməsinə əsasən "xxxx" ATSC ləğv edilmiş "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır, həmçinin onların hüquq və öhdəliklərinin varisidir. Uçot baza məlumatlarına əsasən "Azərnəqliyyatyoltikinti” ATSC-nin işçi sayı ilə bağlı məktubda göstərilən dövrlər üzrə müvafiq məlumatlar müəyyən edilməmişdir. Vergi ödəyicisinin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. -Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilən 20 oktyabr 2022-ci il tarixli 10-A №li arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, həqiqətən onun "xxxx" Dövlət Şirkətinin struktur bölməsi olan 446 №-li Tikinti İdarəsinin xx.xx.1993xx.xx.1997-ci illər üzrə işlədiyi dövrü 446 №-li Tikinti İdarəsinin arxiv sənədləri saxlanmadığı üçün yoxlamaq mümkün olmamışdır. "xxxx" Dövlət Şirkətinin 271 №-li xx.xx.1997-ci il tarixli əmrinə əsasən 445 №li Tikinti İdarəsi ləğv edilmiş və hüquqi varislik şirkətin digər struktur bölməsi 445 №-li Tikinti İdarəsinə verilmişdir. 445 №-li Tikinti İdarəsi 2007-ci ildən idarənin iş həcmi olmadığı üçün iş fəaliyyyətini müvəqqəti olaraq dayandırmışdır. İdarənin dislokasiya yerinin bir neçə dəfə dəyişməsi ilə əlaqədar olaraq arxiv sənədlərini saxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Dövlət Şirkəti Səhmdar Cəmiyyətinə çevrilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" ASC-nin dövlət əmlakının registrində qeyd aparılıb-aparılmamasına dair xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 646 nömrəli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuş və xx.xx.1998-ci il tarixli 851 nömrəli Sərəncamı ilə ləğv olunmuş şirkətin tabeliyində olmuş 9 müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Emissiya prospekti təsdiq olunmuşdur. Hazırda cəmiyyətin səhmlərinin 65.66 faizi dövlət mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektinə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmadı. -Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bərdə rayon Dövlət Arxivində 9 saylı fondda mühafizə olunan Bərdə rayon “Azərbaycan" kolxozunun nəticə kitabları yoxlanılmış, vətəndaş, İddiaçı işləyib qazandığı əməkhaqqı aşağıdakı kimi qeyd olunmuşdur: 1970-ci il üzrə 16 əmək günü, 1975-ci il üzrə 192 əmək günü. Qeyd: Bərdə rayon ləğv olunmuş “Azərbaycan” kolxozu minimum norma haqqında əmək günü normativi rayon Dövlət Arxivinə 1980-cı ildən sonra məlumat verib. 1972-ci il vətəndaşın əmək kitabçasında qeyd olunduğuna baxmayaraq rayon Dövlət Arxivindəki əməkhaqqı kitabında adına rast gəlinmədi. -"xxxx" ASC-nin Mexanikləşdirmə İdarəsi tərəfindən verilən 27 mart 2023-cü il tarixli sorğuya cavab məktubunda idarənin keçmiş işçisi İddiaçı xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək idarə rəisi işlədiyi dövrdə əmək haqqı cədvəli üzrə aldığı əmək haqları qeyd olunmuşdur. Məktubda həmçinin, idarənin iş həcminin olmaması səbəbindən 10 ildən artıqdır ki, fəaliyyətinin dayandığı, o cümlədən idarənin dislokasiya yerinin bir neçə dəfə dəyişməsi ilə əlaqədar sənədlərin çoxunun saxlanılmadığı bildirilmişdir. -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək 2 il 15 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək 13 il 2 ay 5 gün 440 nömrəli Tikinti İdarəsində işlədiyi dövr, xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək 3 il 3 ay 446 nömrəli Tikinti idarəsində (xx.xx.1988-ci il tarixdə 440 nömrəli Tikinti İdarəsinin adı dəyişdirilərək 446 nömrəli Tikinti İdarəsi adlandırılmışdır) işlədiyi dövr, kolxozçunun əmək kitabçasına əsasən 1970-ci, 1972-ci və 1975-ci illər üzrə Bərdə rayon kolxozunda faktiki işlədiyi adam günləri 104+90+156=350:240 (Bərdə rayonu üzrə bir il faktiki işləmək üçün müəyyən edilmiş adam günü norması)= 1 il 4 ay olmaqla onun ümumi 19 il 9 ay 20 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Azərbaycanyoltikinti” DŞ-nin 445 və 446 nömrəli tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli xidməti araşdırmasına əsasən sözügedən müəssisənin arxiv sənədləri saxlanılmadığı üçün mübahisələndirilən 5 il 8 ay 29 gün müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. -İnzibati icraat materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № **********9 saylı qərarından görünür ki, iddiaçının xx.xx.2006-cı ilə kimi tələb olunan 25 il sığorta stajı və pensiya yaşına çatana qədər fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığı üçün əmək pensiyası hüququ yoxdur. Sosial müavinat təyin edilib ödənilir. Məhkəmə prosesi davam etdiyindən əlavə məlumat vermək mümkün deyil. İddiaçının təhsil aldığı dövr əmək fəaliyyəti ilə üst-üstə düşdüyü üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün deyil. İşin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az- 19 il 9 ay 20 gün olduğu bildirilmişdir. Cavabdeh imtinanı iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (5 il il 8 ay 29 gün) "xxxx" DŞ-nin 445 və 446 nömrəli tikinti idarələrində işlədiyi dövrü sığorta stajına daxil etməmiş, bunu müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması ilə əsaslandırmışdır. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmaması işin mübahisələndirilməyən halını təşkil edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci tarixinədək (5 il 08 ay 29 gün) "xxxx" Dövlət Şirkətində işlədiyi dövrü həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığına görə həmin dövrü sığorta stajına hesablamamışdır. Cavabdeh iddiaçının 19 il, 9 ay, 20 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında”Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İş materialları ilə müəyyən edildi ki, ləğv edilmiş "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında xx.xx.2000-ci il tarixdə "xxxx" X2 Cəmiyyəti (VÖEN **********) yaradılmış və həmin müəssisə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin nizamnaməsinə əsasən "xxxx" ATSC ləğv edilmiş "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin hüquq və öhdəliklərinin varisidir. "xxxx" ASC tərəfindən verilən 20 oktyabr 2022-ci il tarixli arayışda da xx.xx.1993-xx.xx.1997-ci illər İddiaçı "xxxx" Dövlət Şirkətinin struktur bölməsi olan 446 №-li Tikinti İdarəsində işlədiyi təsdiqlənmiş, lakin idarənin dislokasiya yerinin bir neçə dəfə dəyişməsi ilə əlaqədar olaraq arxiv sənədlərini saxlamaq mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, iş materialları ilə də iddiaçının işlədiyi müəssisənin mövcudluğu və iddiaçının həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu təsdiqini tapmışdır. Ona görə də müəssisənin arxiv sənədlərinin saxlanıldığı yerin məlum olmaması iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Başqa sözlə, “"Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin” arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin vurğulanmalıdır ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1997-xx.xx.1999cu il tarixlərdə "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin Mexanikləşdirmə idarəsində işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi ilə bağlı icraat aparılmamışdır. Halbuki, iş materiallarından göründüyü kimi, məhkəmə araşdırması zamanı həmin idarədən alınmış məlumatla iddiaçının xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək (2 il, 14 gün) Mexanikləşdirmə idarəsinin rəisi işlədiyi bildirilmiş və həmin dövrdə əmək haqqı cədvəlləri üzrə aldığı əmək haqları məhkəməyə təqdim edilmişdir. Beləliklə, aparılmış araşdırma ilə iddiaçının mübahisəli xx.xx.1992-xx.xx.1997-ci illər və xx.xx.1997-xx.xx.1999-cu illərdə "xxxx" Dövlət Şirkətində işləməsi iddiaçının əmək kitabçası ilə və digər sübutlarla müəyyən edildiyindən həmin dövrlər üzrə ümumilikdə 7 il, 9 ay 13 gün onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (19 il 9 ay 20 gün) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü toplandıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (19 il, 9 ay, 20 gün + 7 il, 9 ay, 13 gün = 27 il, 7 ay, 3 gün). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunla tələb olunan 25 ildən artıq sığorta stajına malik olduğundan ona yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi ilə bağlı cavabdehin imtinası qanuni sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya 64 yaşının tamam olduğu xx.xx.2018ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Ələsgər oğluna xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1120/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1120/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver