Məhkəmə qərarları › İş №2-1(112)-1120/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1120/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1120/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhər Baş Polis İdarəsini Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33-cü maddəsini, rəhbər tutaraq iddiaçıya 11 (on bir) il məzuniyyət illəri üçün Qanunla nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 noyabr 1990-cı il tarixindən 1995-ci ilin avqust ayının ortalarına kimi X1 İdarəsində, Ağdam Rayon Polis şöbəsində və Ağdərə Rayon Polis şöbəsində xidmətdə olmuşdur. Bu illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş və bu səbəbdən də Qanunla nəzərdə tutulmuş məzuniyyətdən istifadə edə bilməmiş, məzuniyyət pulu da almamışdır. Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirir ki, guya ona 1998-ci, 1999-cu, 2001-ci və 2002-ci illərdə məzuniyyət pulu hesablanaraq ödənilmişdir. Yeddi il, 1995, 1996, 1997, 1998, 1999, 2000 və 2001-ci illərdə məzuniyyətə çıxma barədə raport yazmamış və məzuniyyət pulu da almamışdır. Cavabdeh tərəf: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə yanvar, fevral aylarında 2024-cü ildə dəfələrlə ərizə və telefonla müraciət etməsinə baxmayaraq Daxili İşlər Nazirliyi yazdığı ərizəsinə belə cavab vermir və hər dəfə bir bəhanə ilə əmrlərin saxlanılmadığını, məzuniyyətdə olduğunu, həmin illərin məzuniyyət pulunu aldığını bildirərək ona məzuniyyət pulu kompensasiyanı ödəməkdən imtina edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasınının dublikatının surətindən görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Daxili işlər orqanlarında xidmət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Baş Polis İdarəsi xx.xx.2024-cü il tarixli 3-13-44/2-8473/2024 nömrəli məktubla bildirmişdir ki, Nəsimi RPİ 21-ci Polis bölməsinin cinayət axtarış üzrə sabiq əməliyyat müvəkkili istefada olan polis mayoru xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Maliyyə-plan şöbəsinin arxivində saxlanılan şəxsi vərəqəsinə əsasən xidmətdən tərxis olduğuna görə 2003-cü ilin fevral ayında 68 (altmış səkkiz) manat 00 qəpik birdəfəlik maddi yardım və 1998-2002 illər üçün istifadə etmədiyi məzuniyyətlərə görə 204 (iki yüz dörd) manat 00 qəpik müavinət ödənilmişdir. İddiaçı hazırda xidmət müddətində məzuniyyətdən istifadə etmədiyini, buna görə də istifadə edilməmiş 11 il məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Belə ki, iddiaçının xidmət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi, qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmiş, iddia müddəti kimi 1 ay vaxt vermişdir. Məhkəmə hesab edir ki, iddiaçıya xidmət keçdiyi müddətdə növbəti məzuniyyət hüququ verilməmişsə, o işlədiyi müddətdə məzuniyyətə getməmişsə, bu hal ona həmin vaxtdan məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsi 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənməyə başlamışdır. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Belə ki, artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, mübahisələndirmə müddətinin axımı 1 yanvar 2011-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-711/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar