Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11205/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanda qeydiyyatda olan), üçüncü şəxs X1 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X8, X6 cəlb olunmaqla) qarşı “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5 və X2 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında 2017-ci il tarixdə satın almışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmış və onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X8 iddiaçının oğlu, X6 isə qızıdır. Hər ikisi 2017-ci ildə iddiaçı ev aldıqdan sonra onun yazılı razılıq ərizəsi əsasında qeyd olunan ünvana qeydiyyata alınmışlar. Lakin qızı X2 özünə məxsus Bakı şəhəri Xətai rayonunda yaşayış evi vardır. O iddiaçıya məxsus evdə heç vaxt yaşamamış və halhazırda da Türkiyə Respublikasındadır. Digər üçüncü şəxs isə X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli biinərək, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda cəzaçəkmə müəssisəsindədir. İddiaçı xüsusi mülkiyyətində olan qeyd olunan mənzilə dair alqı-satqı müqaviləsi bağlamaq istəsə də, 3-cü şəxslərin razılıq ərizəsini ala bilmədiyindən, mülkiyyətində olan evə istədiyi kimi sərəncam verə bilmir. Qeyd olunan şəxslərin sözügedən evə dair hər hansı hüququ, istifadə və ya sahiblik hüququ yaranmamışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etsə də, sonuncu tərəfindən həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İddiaçı imtinanı qanunazidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə (X7 təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 7 saylı Cəzaçəkmə Müəssisəsinə) göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən işə nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia verdiyi izahatda iddia tələbinə etiraz edərək bildirdi ki, Türkiyə Respublikasına heç vaxt yaşamayıb, ümumiyyətlə ora heç səfər də etməyib. Hazırda ailəsi ilə birlikdə Xətai rayonu ərazisində yaşayır. Atası İddiaçı 80-dən artıq yaşı var. Yaşlı olması ilə əlaqədar yaddaşsızlıqdan əziyyət çəkir. Gəlinləri atasının bu vəziyyətindən istifadə edib onu və qardaşı Şükür Mirzəyevi ata evindən qeydiyyatdan çıxarmaq və evi satmaq istəyir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, üçüncü şəxs X2 izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial təsdiqli surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən 3 B saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X8, xx.xx.1970-ci il təvəllüdlü X6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 3B saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə baxılmış və ona qeyd olunan şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün səlahiyyətli olmadıqları bildirilərək, müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 ünvanda yerləşən 3B saylı fərdi yaşayış evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 3 B ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Onun sözügedən ünvana qeydiyyata alınmasına və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin verilməsinin mümkün olmadığı bildirilmişdir. X6 xx.xx.2021ci il tarixdə sözügedən ünvana qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş ərizədən müəyyən edilir ki, İddiaçı 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsində X2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 3B ünvanına qeydiyyata alınmasına etiraz etməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 073-39275-1222 nömrəli məktubu ilə X5 fərdi uçot kartoçkasının surəti məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 7 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanan məktubdan və ona əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-599/2022 saylı hökmünun surətindən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdən Pentensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisidir. Onun sözügedən yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evindən qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər onun övladlarıdır. X3 xx.xx.2015-ci il tarixdə, qızı X6 xx.xx.2021-ci il tarixdə iddiaçının razılığı əsasında fərdi yaşayış evinə qeydiyyata alınışlar. Şükür Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-599/2022 saylı hökmü əsasında 14 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Sevinc Mirzəyeva isə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən başqa ünvanda yaşayır. İddiaçı mülkiyyətində olan evdə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, Qanunda şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri kimi şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxış edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd olunduğu kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququnun olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılmasının əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçının övladları olan iş üzrə üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil (yaxud onların istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsinə dair digər nəticə). İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olubolmaması- yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Ümumiyyətlə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsinə iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadə hüququ ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun övladlarının yaşayış sahəsində yaşamadığını övladları olsa da, artıq həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki, həmin halların, yəni üçüncü şəxsin digər yaşayış sahəsinə köçdükdən sonra iddia olunan yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub-olmaması, ehtiyac meyarının olubolmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Odur ki, məhkəmə yuxarıda sadalananları ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən üçüncü şəxslər X7 və X4 münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində) nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, o cümlədən üçüncü şəxslərin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair (və ya onların istifadə hüququnun mövcud olmaması müəyyən edilməklə digər müvafiq nəticəyə dair) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə bağlı sübut təqdim edilmədiyindən, eləcə də belə sübutun alınması ilə əlaqədar təşəbbüs göstərilmədiyindən, cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin iddiaçının müraciəti üzrə həmin şəxsləri iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxartmaması qanuna zidd hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11205/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11205/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver