Məhkəmə qərarları › İş №2-1(112)-11207/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11207/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11207/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “inzibati aktın ləğv olunması və s” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Həbsxanada cəza çəkən məhkum İddiaçı adından verilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin yardımı ilə iddiaçının və cavabdehin arasında görüş təşkil edilməsi, müzakirələr aparılması və İPM-nin 66.3-cü maddəsinə uyğun olaraq barışıq sazişi bağlanılması; barışıq sazişinin bağlanması mümkün olmadığı halda Baş Prokurorluğun 25 may 2022-ci il tarixlii 08/10193 saylı inzibati aktının ləğv edilməsi və Baş Prokurorluğa 18 aprel 2022-ci il tarixli ərizədə göstərilən bütün halları və faktları tam, obyektiv və hərtərəfli araşdırılması vəzifəsinin həvalə edilməsi; iddianın mümkün sayılması üçün məhkəmənin İPM-nin 13-cü və 48-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli Qərarına uyğun olaraq lazımi hüquqi yardım göstərilməsi və iddianın əgər buna zərurət yaranarsa-başqa növ iddia ilə əvəz olunmasına yardım edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 290, 294 və 295-ci maddələrinə uyğun olaraq cinayət işinin qaldırılmasını xahiş etmişdir. Sözügedən ərizədə qeyd etdiyi bütün hallardan və ərizəyə əlavə etdiyi mötəbər sübutlardan birmənalı şəkildə görünür ki, ibtidai və məhkəmə istintaqları vaxtında ona qarşı AR CM-nin 290-cı və 294-cü və 295-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin Baş Prokurorluğun 25 may 2022-ci il tarixli, 08/10193 saylı inzibati aktından göründüyü kimi, cinayət əməlinin mövcudluğunu sübut edən bütün mötəbər sübutların və dəlillərin olduğuna baxmayaraq cinayət tədqiqindən imtina edilmişdir. Rədd cavabı tamamilə heç nə ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Cavabdehin iddiaya dair mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman yol verilmiş formal xətaların aradan qaldırılması təklif olunmuşdur. İddiaçı tərəfindən təklif olunmuş formal xətalar aradan qaldırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada hər iki tərəf xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 08/10193 №-li, xx.xx.2022-ci il tarixli məktubda (iddia ərizəsində inzibati akt kimi göstərilmişdir) qeyd olunmuşdur ki, Bakı Şəhər Məhkəməsinin 18 iyul 1997-ci il tarixli hökmü ilə 2000-ci il tarixədək qüvvədə olmuş AR CM-nin 94-cü maddəsinin 1,4,5,6,7-ci bəndləri, 145-ci maddənin 2-ci hissəsi, 1,2,3,6-cı bəndləri, 149-cu maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edilmişdir. Ölüm cəzasının ləğv edilməsi haqqında 10 fevral 1998-ci il tarixli qərarı ilə barəsində olan ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İzah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 383.1.1-ci və 409.1.1-ci maddələrinə əsasən, məhkəmə aktlarından məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə-məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya və kassasiya şikayətləri vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqannın cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Hazırki iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məkum X1 adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə göndərilməmişdir. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki tələblə bağlı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “inzibati aktın ləğv olunması və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar