Məhkəmə qərarları › İş №2-1(112)-11207/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11207/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11207/2025 10.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) 14 fevral 2023-cü il tarixli 0768 №-li Payçı Müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativindən 67317 (altmış yeddi min üç yüz on yeddi) manat dəyərində ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 1 №-li, bir otaqlı olan mənzil almışdır. Bank qəbzlərinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə 57048.31 (əlli yeddi min qırx səkkiz manat otuz bir qəpik), X3 isə xx.xx.2023-cü il tarixdə 10278.96 (yüz min iki yüz yetmiş səkkiz manat doxsan altı qəpik), manat cavabdehin bank hesabına ödəniş etmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdehin 25 may 2023-cü il tarixli, 1 dekabr 2023-cü il tarixli, 6 iyul 2023-cü il tarixli qərarları ilə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Qərarlarda qeyd edilmişdir ki, “...alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 768 nömrəli müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********179200 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14cü mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilə görə qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 67317 manatın 10268.69 manat ƏDV-nin 30 %-i (3080.61 manat)) barədə məlumatın müvəkkil banka (“Azərbaycan Beynəlxalq Bankı" ASC-yə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, MTK-dan aldığı mənzilin ümumi dəyəri olan 67317 manatın 10268.69 manat ƏDV-nin 30 %-i (3080.61 manat)) barədə məlumatın müvəkkil banka ("xxxx" ASCyə) ötürülməsi barədə qanununun tələbinə əsasən 90 gün ərzində cavabdehə müraciət etmişdir. İlk müraciəti xx.xx.2023-cü il tarixdə elektron formada olmuşdur. Təxminən 1 ildən çox müddətdə cavabdehlə müxtəlif məzmunlu yazışmalar və başqa müxtəlif əsaslarla imtinalar oldu.Hhəmin imtinalara əsas olmuş sənədlər hamısı qanunvericiliyə uyğun olaraq qaydasına salınmışdır. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə imtina 5 may 2025-ci il tarixdə verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmiş xx.xx.2023-cü il tarixli "Müraciətə baxılması barədə” məktubla xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli ödəniş sənədində "Ödəyici” bölməsində "köçürmələr üzrə tranzit hesab” və xx.xx.2023-cü il tarixli BPM**********38 nömrəli ödəniş sənədində ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) və uyğunsuzluğun 10 (on) iş günü ərzində aradan qalxacağı və ödənişin nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim ediləcəyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla biləcəyi iddiaçıya bildirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli **********020400 nömrəli qərarla alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmadığına görə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə ƏDV-nin qaytarılması ilə bağlı yenidən vergi orqanına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə "Müraciətə baxılması barədə” məktubla daha öncə qeyd etdiyimiz məsələlər bir daha iddiaçının diqqətinə çatdırılmış **********367300 nömrəli xx.xx.2023-cü il tarixli qərarla alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmadığına görə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Sonuncu dəfə İddiaçı portal vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciəti əsasında **********238500 nömrəli qərarla cavablandırılmış və ödəniş zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi ərizəçiyə bildirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şifahi məhkəmə baxışına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılması üçün müvəkkil banka məlumat vermək öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddianın göstərilən qaydada qaldırılması, Qaydaların tələblərinə uyğundur. Belə ki, Qaydaların 2.0.6-cı bəndinə əsasən müvəkkil bank - ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır. Qaydaların 2.0.4-cü bəndinə görə, operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir; Qaydaların 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Qaydaların 6.2-ci maddəsinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Qaydaların tələblərindən göründüyü kimi, ƏDV məbləğinin qaytarılması ilə bağlı cavabdeh tərəfindən müvəkkil banka məlumatın ötürülməsi nəzərdə tutulmuşdur ki, bu iddia cavabdehin üzərinə inzibati akt qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli hərəkətin edilməsi öhdəliyinin qoyulmasına dair öhdəliyin icrası haqqında iddiadır İPM, maddə 2.2.3). Cavabdeh ƏDV-nin geri qaytarılması ilə bağlı müvəkkil banka müraciət etməkdən imtina edir ki, bu imtina iddiaçıya ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının cavabdehə müraciəti və hazırkı iddianı qaldırmaqda hüquqi marağı aldığı mənzilə görə ödədiyi ƏDV məbləğinin geri qaytarılmasına yönəlmişdir. Ona görə, hazırkı qaydada tələbin irəli sürülməsi, iddiaçının inzibati orqana müraciətinə uyğundur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı 14 fevral 2023-cü il tarixli 0768 №-li Payçı Müqavilələrinə əsasən MTK-dan mənzil almış, 14 fevral 2023-cü il tarixdə 57048.31 manat özü, xx.xx.2023-cü il tarixdə isə X3 10278.96 manat cavabdehin bank hesabına ödəniş etməklə mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı hazırda həmin mənzillərlə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Cavbdeh isə, mənzilin ödənişinin iddiaçı təərfindən deyil, başqa şəxs tərəfindən ödənilməsi, həmçinin ödəniş zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Beləki, ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarlarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyərinın bir hissəsi iddiaçı tərəfindən ödənildiyini bildirsə də, digər hissəsi digər şəxs tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə- faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı - satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı - ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator - ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti); 2.0.6. müvəkkil bank - ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal - bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 4.1.Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1.Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Məhkəmə qeyd edir ki, iddiaçı ilə MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə görə, mənzilin dəyərinin bir hissəsinin iddiaçı deyil, digər şəxsr təərfindən ödənilməsi, mənzilin dəyərinə görə ödnilmiş ƏDV məbləğinin bir hissəsinin qaytarılmasın imtina üçün əsas deyildir. Belə ki, mənzilin dəyərinin bir hissəsini ödəyən şəxs X3 alıcı kimi mənzilin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndində “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” dedikdə, hərfi mənada pulu təqdim edən şəxs deyil, mənzilin dəyərini vermək öhdəliyi daşıyan alıcı nəzərdə tutulur. Çünki Qaydalara əsasən ƏDV yaşayış sahəsini nağdsız qaydada almış ödəyiciyə qaytarılır, alıcı isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs ilə müqavilə bağlayan fiziki şəxs, hazırkı halda iddiaçıdır. Bunun əksini düşünmək, yəni Qaydaların, pul vəsaitini başqa şəxs vasitəsilə banka ödəyən alıcıya ƏDV-nin qaytarılmasını istisna etməsi həm onun qəbul edilmə məqsədlərinə, həm hüququn ümumi prinsiplərinə, həm də qanunvericiliyin tələblərinə zidd olar, bu hal bərabər vəziyyətə fərqli rəftara gətirib çıxarar. Göründüyü kimi, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri nağdsız qaydada satıcıya tam ödənilmişdir. Oxşar işlər üzrə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1156/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərarında da məhkəmə kollegiyasının hüquqi mövqeyi bu istiqamətdə olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilə görə X2 qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 67317 manatın 10268.69 manat ƏDV-nin 30%-i (3080.61 manat)) barədə məlumatın müvəkkil banka (“Azərbaycan Beynəlxalq Bankı" ASC-yə) ötürülməsi öhdəliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar