Məhkəmə qərarları › İş №2-1(112)-11209/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11209/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11209/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında şəhadətnaməsinin verilməsinin təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1962-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərinin Kirov (indiki Krtsanisi) rayonunda anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Tbilisi şəhər Kirov rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1963-cii il tarixdə 9 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərinin Kirov (indiki Krtsanisi) rayonunda anadan olmuşdur. Onun doğumu Tbilisi şəhər Kirov rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə 9 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq xx.xx.1963-cü il tarixdə Kirov rayon VVAQ Şöbəsi tərəfindən İİ-RE seriyalı, 947377 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X1 xx.xx.1940-cı il tarixdə Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində anadan olmuşdur. Anası Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır. Atası X5 xx.xx.1933-cü il tarixdə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Atası Gürcüstan SSR-nin vətəndaşı olub, xx.xx.1979-cu il tarixdə Gürcüstanın Tbilisi şəhərində vəfat etmişdir. 1969-cu ildə Tbilisi şəhər 73 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Daha sonra təhsilini 1979-1980-ci illərdə Tbilisi şəhər 54 nömrəli texniki peşə məktəbində davam etdirmiş və orada avtomobil təmiri üzrə çilingər peşəsinə yiyələnmişdir. İlk dəfə xx.xx.1979-cu ildə Tbilisi şəhər Kirov rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən Vİ-Tİ seriyalı, 587986 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. Daha sonra pasportunu itirdiyi üçün xx.xx.1991-ci il tarixdə Tbilisi şəhər Krtsanisi (keçmiş Kirov) rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən XVİİİ-Tİ seriyalı, 555660 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. xx.xx.1981-ci il tarixdə Tbilisi şəhər, Kirov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti 6 ay Gürcüstanın Qori şəhərində keçmiş, daha sonra Ermənistanın Leninakan şəhərində hərbi xidməti davam etdirmişdir. Hərbi xidmətdən təxris olunduqdan sonra 1983-cü ilin may ayında Gürcüstanın Tbilisi şəhərinə geri dönmüşdür. 1984-cü ilin sentyabr ayında Gürcüstanda anadan olmuş X2 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onların iki uşağı (xx.xx.1987-ci il tarixdə X4, xx.xx.1990-cı il tarixdə X6) doğulmuşdur. Nikaha daxil olduqdan sonra arvadına onun soyadına uyğun olaraq “Rəsulova” soyadı verilmişdir. xx.xx.1991-ci il tarixdə Rəsulova Aygünlə onun arasında olan nikaha xitam verilmişdir. O, xx.xx.1991-ci il tarixdə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ailə üzvləri ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra ünvan 2 ünvanında yaşamağa başlamış, həmin vaxtdan indiyə kimi də qeyd olunan ünvanda yaşayır, lakin Azərbaycanda heç vaxt yaşayış yeri üzrə qeydiyyata düşməmişdir. Azərbaycana gəldikdən sonra heç vaxt rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmamışdır. Hazırda heç yerdə işləmir. O, 1991-ci ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir, Gürcüstan Respublikasının vətəndaşı isə hesab edilmir. Onun 1991-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1238/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də təsdiq edilir. Tezliklə onun 61 yaşı olacaq, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarımdan yararlana bilmir. Hazırda sənədləşmə işi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətini və azərbaycan dilinə tərcüməsini də təqdim etməyi tələb olunur. Lakin doğum haqqında şəhadətnaməmdəki möhürün oxunması mümkün olmadığı üçün notariuslar həmin sənədin surətini təsdiq etməkdən imtina edirlər. Odur ki, onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməsi zərurəti yaranmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, şəxsiyyətimi təsdiq edən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda o, ünvan 2 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığımı təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1962-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərinin Kirov (indiki Krtsanisi) rayonunda anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Tbilisi şəhər Kirov rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1963-cti il tarixdə 9 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh müraciətinə özünün xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 13-608 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası "nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.Həmçinin qeyd edirik ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı doğum haqqında şəhadətnamənin verilməsinə dair iddiasının təmin edilməsi şəxsiyyət vəsiqəsi olmadığına görə şöbəmiz tərəfindən mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1963-cü il tarixdə verilmiş 947377 saylı “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Tbilisi şəhəri, Kirov rayonu, Gürcüstan SSR-də doğulmuşdur, bu barədə doğum haqqında akt qeydiyyatı kitabında 1963-cü ilin İ ayının 3cü günündə 9 saylı qeyd edilmişdir, onun valideynləri milliyəti azərbaycanlı X5, anası milliyəti azərbaycanlı X3r. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 06 oktyabr 2022-ci il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixədək etibarlı olan ***-*******8 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.1962-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə “Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilmiş, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 1991-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat - Nəzarət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-197xx-xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü Vagif Rasulov BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş ***-*******8 nömrəli himayə sənədi əsasında xx.xx.2022-ci il tarixdən 31,10.2023cü il tarixədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Bakı Şəhəri Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-608 nömrəli məktubda qeyd edilmişdir ki, Sizin xx.xx.2023-cü il tarixli “doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi”nə dair müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edirik ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnamənizi təqdim edə bilmədiyinizi, eləcə də şəxsiyyəti təsdiq edən sənədiniz olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq ərizənizi təmin edilməsi mümkün deyil. Hal-hazırda şəxsiyyət vəsiqənizin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, iddia tələbindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Gürcüstan SSR-nin Tbilisi şəhərinin Kirov rayonunda anadan olmuş, o, 1991-ci ildən etibarən Azərbaycan Respublikasında daimi yaşayır, şəxsiyyəti ilə bağlı xx.xx.1963-cü il tarixdə verilmiş 947377 saylı “Doğum haqqında şəhadətnamə, XVİİİ- И № 555660 nömrəli xx.xx.1991-ci il tarixli pasportu vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 1991-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 06 oktyabr 2022-ci il tarixdə verilmiş ***-*******8 №- li “Himayə Sənədi”nə əsasən, BMT QAK-ın mandatı altında olan şəxsdir, 10 oktyabr 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onda olan doğum haqqında şəhadətnaməsindəki möhürün oxunması mümkün olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ilə təmin edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyətini təsdiq edən sənəd əldə edə bilmir. Bununla əlaqədar cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. -74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. -74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 19 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1996-cı il martın 8-də Tbilisi şəhərində imzalanmış Müqavilə təsdiq edilmişdir. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun Gürcüstan Respublikasının Tbilisi şəhər Kirov rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə 9 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin təqdim edilməsi üçün Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1962-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərinin Kirov (indiki Krtsanisi) rayonunda anadan olmuş İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum faktının Gürcüstan Respublikasının Tbilisi şəhər Kirov rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə 9 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin təqdim edilməsi üçün Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar