Məhkəmə qərarları › İş №2-1(112)-11218/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11218/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11218/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhər Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 3-13-52/2-İ-9109/11/23 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınma üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, 2004-cü ildən ailə üzvləri (ata, ana, bacı) ilə birgə ünvan 1 ünvanında yerləşən özbaşına tikilmiş yaşayış evinə qeydiyyata alınmışdır. 2003-cü ildə atası X5 müraciətinə əsasən Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 1979-cu ildən özbaşına tikilmiş həmin evin qiymətləndirilməsinə dair hesabat alınmışdır. 2006-cı ildə evlənib ər evinə getməsi ilə əlaqədar o, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 5, mənzil 30 ünvanına qeydiyyata alınmışdır. Lakin 2013-cü ildə həyat yoldaşından boşandığına görə ata evinə qayıtmış və bugünədək atası, anası və bacısının qeydiyyatda olduğu evdə yaşamağına baxmayaraq, həmin ünvana qeydiyyata düşə bilməmişdir. Hazırda keçmiş həyat yoldaşının ünvanında, yəni ünvan 2na baxmayaraq, faktiki olaraq Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 17/3-də yaşadığına görə hər iki mənzillər üzrə kommunal xidmətlər üçün xərc çəkməli olur ki, bu da maddi vəziyyətini çətinləşdirir, eyni zamanda hüquqlarını məhdudlaşdırır. Cavabdeh iddiaya yazılı münasibətində çıxarılacaq qətnamənin icraya yönəldikdən sonra tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 avqust 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğuda qeyd olunan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçı Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 17/3 saylı ünvana qeydiyyata alınmasını xahiş etsə də, yuxarıda qeyd edilən sənədlərdən hər hansı birini təqdim etməmiş, həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuşdur. Lakin işdə olan Azərbaycan Respublikası Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03/171 nömrəli, 07 avqust 2023cü il tarixli məktubundan görünür ki, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 17/3 saylı ünvan özbaşına tikilidir və nümayəndəlikdə sözügedən ünvana aid heç bir hüquqverici sənəd mövcud deyildir. N.Abdullayev küçəsi 17/3 saylı ünvanda 1952-ci il təvəllüdlü X1, 1950-ci il təvəllüdlü X11, 1980-cı il təvəllüdlü X2, 1978-ci il təvəllüdlü X6, 2004-cü il təvəllüdlü X9, 2007-ci il təvəllüdlü X3, 2008-ci il təvəllüdlü X10, 2015-ci il təvəllüdlü X7, 2014-cü il təvəllüdlü X12 qeydiyyatdadırlar. Hazırda yuxarıda adları qeyd olunan vətəndaşların qeydiyyatdan çıxıb-çıxmamaları barədə nümayəndəliyə rəsmi sənəd daxil olmamışdır. İddiaçı isə bu ünvandan qeydiyyatdan çıxaraq xx.xx.2006-cı il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmışdır. Həmçinin işdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-27347/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında xx.xx.1980-cı il təvəllüdlü X4 xx.xx.2004cü il tarixdən hazıradək, xx.xx.1950-ci il təvəllüdlü X13 xx.xx.2004-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göründüyü kimi, mübahisəli ünvan özbaşına tikili olsa da, cavabdeh digər şəxsləri həmin ünvana yaşayış yeri üzə qeydiyyata almışdır. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçının özü də xx.xx.2004-cü il tarixdə cavabdeh tərəfindən ünvan 4 ünvana qeydiyyata alınmış, daha sonra xx.xx.2006-cı ildə ünvan 5 ünvanına qeydiyyata alınması ilə bağlı mübahisəli ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçı hazırda əvvəlki ünvana qeydiyyatının bərpa edilməsini xahiş etsə də, cavabdeh bu dəfə iddiaçıya zəruri sənədlərin təqdim edilməməsi əsası ilə imtina cavabı vermiş, bununla da daha əvvəlki inzibati praktikasına zidd hərəkət etmiş, lakin bunu əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” ( “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı). Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh daha əvvəl iddiaçını mübahisəli ünvana qeydiyyata alsa da, hazırda bundan imtina etməsi iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Bu müdaxilənin mütənasibliyi isə çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi ilə müəyyən edilə bilər. Məhkəmə şəxsin yaşayış yeri üzrə qeydə alınmasının qanunvericiliyin tələbindən irəli gəlməklə ictimai marağa uyğun olduğunu, cavabdeh tərəfindən daha əvvəl iddiaçının 17/3 saylı evə qeydiyyata almasının digər şəxslərin hüquqlarına müdaxilə etmədiyini, iddiaçının ailə üzvərinin də hazırda həmin ünvanda qeydiyyata olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İnzibati prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar