Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11224/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin 23.08.2021-ci il tarixli, 12141-84174/2021-5-6 saylı məktubunun və icra məmurunun hərəkətinin - həmin məktub əsasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin borclu İddiaçı aid hissəsi 1/4, ilkin qiyməti 630000 (altı yüz otuz min) manat göstərilməklə "xxxx" MMC-yə hərrac keçirilməsi barədə şifarişinin qanunsuz hesab edilməsi və onun üzərinə sözegedən daşınmaz əmlakla bağlı təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nəsimi rayon İcra şöbəsinin icraatında olan Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019 saylı icra sənədinə əsasən ondan ******* manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin təsisçiləri X1 və digərlərinə xeyrinə ödənilməlidir. İcra sənədi 14.04.2021-ci il tarixdə icraata daxil olmuşdur. İcra sənədinin icrası zamanı icra məmurunun təqdimatına əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisinin (ona aid hissədə) və ünvan 3 ünvanında yerləşən "Mehriban" kafesinin (ona aid hissədə) əmlakların üzərinə Bakı Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli, 8(103)-324/2021 saylı qərardadla həbs qoyulmuşdur. İcra məmuru Ramin Quliyev 12.08.2021-ci tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisinin və ünvan 3 ünvanında yerləşən “Mehriban” kafesinin qiymətləndirilməsi üçün "xxxx" MMCdən mütəxəssis dəvət etmişdir. Sözügedən qərarı rəsmi qayda müraciət edərək, 07.09.2021-ci il tarixdə əldə edərək, məhkəmə qaydasında mübahisələndirilmişdir. Bununla belə icra məmuru Ramin Quliyev tərəfindən 23.08.2021-ci il tarixli, 12141- 84174/2021-5-6 saylı məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin ona aid hissəsi 1/4, ilkin qiyməti 630000 (altı yüz otuz min) manat göstərilməklə "xxxx" MMC-yə hərrac keçirilməsi barədə şifariş verilmişdir. Əslində isə o sözügedən şifariş və ilkin qiymət barədə icra məmuru tərəfindən məlumatlandırılmamışdır. İlkin qiymət və hərrac sifarişi barədə icra məmurunun məktubunu rəsmi müraciət edərək, 20.09.2021-ci il tarixdə əldə etmişlər. Dərhal da ərizə ilə icra məmuruna və hərracın keçirilməsi sifarişi verilmiş müəssisəyə məhkəmə mübahisələri ilə əlaqədar olaraq, hərracın keçirilməsinin təxirə salınmasına dair rəsmi müraciət etmişlər. İcra məmurunun 23.08.2021-ci il tarixli ilkin qiymət 630000 (altı yüz otuz min) manat göstərilməklə hərrac sifarişi borclu kimi onun hüquqlarını kobud şəkildə pozur, ona məxsus əmlakın real dəyərini əks etdirməməklə ona maddi ziyan vurur, bu hərəkət onun hüquqlarına müdaxilədir. Obyektivliyin təmin edilməsi baxımından icra məmuru borclunu ilkin qiymətlə zamanında tanış edə, bununla da sonuncunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş hüquqlarından düzgün və zamanında istifadə etməsinə nail ola bilər. Belə ki, həmin maddəyə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Eyni zamanda nəzərə alınmalıdır ki, icra məmuru daşınmaz əmlakla bağlı ilkin qiyməti müəyyən edərkən şəxsi sözügedən əmlakda payının müəyyən edilməməsini nəzərə almadan, yəni əmlakın birgə mülkiyyət olmasını dəyərləndirmədən onun payını 1/4 kimi göstərmiş, bununla da əmlakda şəxsin payının real dəyərini azaltmaqla, ona maddi ziyan vurmuşdur. Halbuki, qanunun tələbinə əsasən icra məmuru icra sənədi üzrə icra icraatını həyata keçirərkən tələbkarın mənafeyi ilə yanaşı, borclunun da qanunla qorunan hüquqlarına hörmət etməli, onların pozulması, borcluya maddi və mənəvi ziyanın vurulması ilə nəticələnən hərəkət və ya hərəkətsizlikdən çəkinməli, bu istinqamətdən bütün lazımı addımları atmalıdır. Hazırki halda o icra məmurunun hərəkətlərindən qanunsuzluqların şahidi olmuşdur ki, bununla da ona külli miqdarda ziyan dəymişdir. Nəzərə alınmalı məqam həm də ondan ibarətdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin icra məmuru R.Quliyevin qiymətləndirici qismində dəvət etdiyi "xxxx" MMC-nin dövlət qeydiyyatına alınma tarixi 17.01.2020-ci ildir. Belə olduğu təqdirdə həmin şirkətin daşınmaz əmlakla bağlı qiymətləndirməni həyata keçirmə səlahiyyəti qanunla məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mübahisənin predmetini Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-27/2019-32 nömrəli, 17 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 13.04.2021-cü il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı icra məmurunun hərəkətləri təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-27/2019-32 nömrəli, 17 yanvar 2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhər Nərimanov rayon məhkəməsində mübahisələndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırki iş üzrə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-11224/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11224/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver