Məhkəmə qərarları › İş №2-1(112)-11224/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11224/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11224/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Mirzəğa oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 (o cümlədən İddiaçı4 Mirzəğa oğlunun nümayəndəsi), İddiaçı2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Mirzəğa oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pay ortaqları arasında təsdiqlənmiş bölgü sxeminə və naturada aparılmış mövcud fiziki bölgüyə uyğun olaraq evin iddiaçıya məxsus tikili hissəsinin - evin Texniki Pasportunda “A” tikilisinin planında 1-ci mərtəbənin 1,2,3,4,5 nömrəli əsas və yardımçı otaqlarının, 2-ci mərtəbənin 1,2,3,4,5,6 nömrəli əsas və yardımçı otaqlarının və ona məxsus tikili hissəsinin mərtəbələrarası pilləkan qəfəsinin digər payçılar olan İddiaçı3, İddiaçı4 və İddiaçı2 məxsus tikili hissəsindən - 1) evin Texniki Pasportunda “A”tikilisinin planında yarım zirzəmi kimi göstərilən hissəsindən, 2) 1-ci mərtəbənin 6,7,8,9,10,11,12 nömrəli əsas və yardımçı otaqlarından, 3) 2-ci mərtəbənin 7, 8, 9, 10, 11, 12, 13, 14 nömrəli əsas və yardımçı otaqlarından və mərtəbələrarası pilləkan qəfəsindən naturada ayrılmasının və ona məxsus həmin tikili hissələrinin daşınmaz əmlakın dövlət reyestrində adına tam mülkiyyət hüququ ilə ayrıca qeydiyyata alınması, həmçinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin aralarında təsdiqlənmiş bölgü sxeminə uyğun qaydada bölünməsi, ona məxsus tikilinin və tikili altındakı 64,6 kv.m. torpaq sahəsinin vahid əmlak şəklində adına qeydiyyata alınaraq (ev və ya mənzil şəklində) ona yeni Çıxarış və Texniki pasport verilməsi, evin adına rəsmiləşdiriləcək tikili hissəsi ilə bağlı ayrıca bir ünvan verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı3, İddiaçı2, İddiaçı4 Mirzəğa oğlu hazırkı iş üzrə birgə iddiaçılar kimi məhkəmə icraatına cəlb edilmişdirlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçıların “ünvan 1 ünvana dair **********63-10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunan paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, iddiaçılar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Həmin evin onlara məxsus olan paylarına (hər birinə % hissədə olmaqla) mülkiyyət hüququ dünyadan köçmüş atası X1 qalmış miras əmlakın vərəsəlik yolu ilə keçməsi və aralarında razılıqla bölünməsi nəticəsində yaranmışdır. Həmin ev mərhum atasının sağlığında onun tərəfindən tikilmişdi, öncədən bir mərtəbəli idi, sonradan sərəncam əsasında 2-ci mərtəbə də artırlıdı. Hələ atasının sağlığında o, yeganə qız övladı kimi ona pay ayırmış, evin ayrıca giriş-çıxışı və əsas/yardımçı otaqları olan bir hissəsini ona vermişdi. 2011-ci ildə aldığı çıxarışda bu öz əksini tapmışdır. Həmin zaman o və atası paylı mülkiyyətçi hesab olunurdu. Sonradan, atasının vəfatından sonra mülk hər birinə % pay olmaqla 4 varisi arasında bölünməli oldu. Hal-hazırda ev 2 mərtəbədən ibarətdir. Ümumi paylı mülkiyyət hüququ qeydiyyata alınıb və onlara çıxarış, texniki pasport verilib. Evin hər birinin ayrı giriş-çıxışı olan iki tərkib hissəsi vardır. O, evin bir hissəsində öz ailəsilə birlikdə yaşayır. Evin digər hissəsində isə digər payçılar birgə yaşayırlar. Onların da ayrıca giriş-çıxışları vardır. Onların aralarındakı divar hörülmüşdür və bağlıdır, evin daxilindən bir- birinin hissəsinə giriş-çıxış yoxdur. Gələcəkdə övlad-uşaqları arasında mübahisə yaranmasın deyə öz paylarını naturada fiziki cəhətdən bölmək və ayırmaq, həm də bunu rəsmiləşdirmək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyirlər. Əslində, evin faktiki vəziyyəti elədir ki, naturada artıq bölünmüşdür. Ona aid hissə ilə digər payçılara aid hissə arasında giriş-çıxış yoxdur. Onun tikili hissəsinin öz əsas və yardımçı otaqları, giriş-çıxışı, sanitar qovşaq sistemi vardır. Onların da həmçinin. Doğrudur, evin Ona məxsus tikili hissəsinin digər mülkiyyətçilərlə yalnız arakəsmə orta divar və vahid dam örtüyü, ümumi dayaq konstruksiyaları ortaqlığı vardır, lakin özünə məxsus əsas və yardımçı otaqlarının isə ortaqlığı yoxdur. Ona məxsus hissə onlara məxsus hissədən həm torpaqda, həm də tikilidə ayrılmışdır. Həm torpağın, həm də evin ona aid olan hissəsi arakəsmə hörgü divarı ilə onlara məxsus hissədən fiziki olaraq naturada ayrıdır, təcrid olunmuş vəziyyətdədir. Onların öz sahə və tikililərinə ayrıca nəqliyyat vasitəsi və şəxsi giriş-çıxışı vardır, həmçinin də onların. Göründüyü kimi, ümumi paylı mülkiyyət hüququ fiziki bölgü ilə faktiki olaraq və naturada artıq aradan qaldırılmışdır. Daşınmaz əmlakımızın dövlət reyestrində olan hazırki şəkildəki qeydiyyatı isə daşınmaz əmlakın mövcud faktiki vəziyytinə uyğun deyildir. Bu üzdən bu faktın tanınmasına və sözügedən daşınmaz əmlakın dövlət reyestrində mövcud vəziyyətə uyğun şəkildə qeydiyyatının aparılmasına zərurət yaranmışdır. Bu, həm də qanunvericiliyin tələbidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 13.12-ci maddəsinə əsasən, “13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçılar narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə prosesində iştirak edən iddiaçılar (o cümlədən İddiaçı4 Mirzəğa oğlunun nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaq (y\s-34.2kv.m, k\s-17.1kv.m), 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s- 75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissə İddiaçı1, 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s-75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissə İddiaçı2, 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s-75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissəsi İddiaçı3, 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s- 75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissə və 7 otaq (y/s-125.6, k/s-36.7) İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina ayrı əsas tikililərə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamış, bu barədə iddiaçıya **********72 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması və layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"nın 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi qəbul olunur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, müvafiq fərdi yaşayış evinin naturada ayrılması mümkün deyil. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan müraciət və həmin müraciətin göndərilməsini sübut edən poçt qəbzinin surəti. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - 01/22-438 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmənin qənaətinə görə hazırkı işin halları baxımından digər iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 Mirzəğa oğlunun cavabdeh inzibati orqana müraciətinin olması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli X4 əsasən X3 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 29 aprel 2011-ci il tarixli, 11/12722 nömrəli arayışa və həmin idarənin verdiyi 129-cu dövlət reyestr kitabının 11749-cu vərəqində qeyd edilmiş, **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli, MA- 0034860 seriyalı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, ünvan 7 ünvanda özünə məxsus, yaşayış sahəsi 110,1 kv.metr, köməkçi sahəsi 49,6 kv.metr, ümumi sahəsi 159,7 kv.metr olan, mülkiyyətində olan 0.02 hektar torpaq sahəsində yerləşən 6 (altı) otaqlı fərdi yaşayış evinin 34,2 kv.metr yaşayış, 17,1 kv.metr köməksi sahəsi olan 2 (iki) otağını-qzı- İddiaçı1 bağışlamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X2 (0.0197 ha torpaq sahəsi və 4 otaq (y\s-75.9 kv.m, k\s-32.5 kv.m) payı) və İddiaçı1 (2 otaq (y\s-34.2kv.m, k\s- 17.1kv.m) payı) paylı mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013cü il tarixli Şəhadətnaməyə əsasən 17 iyun 2012 -ci ildə vəfat etmiş X2 vərəsələri arvadı- İddiaçı3, oğlu-İddiaçı4 Mirzağa oğlu, oğlu-İddiaçı2, qızı-İddiaçı1dır. Şəhadətnamə verilən miras əmlak verilmiş xx.xx.2011-ci il tarixli, ******* saylı Çıxarışa əsasən məxsus olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, keçid 6, ev 22-də yerləşən, 6 otaqlı yaşayış sahəsi 110.1 kv.m, ümumi sahəsi 159.7 kv.m, yardımçı sahə 49,6 kv.m olan 0.0197 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarətdir. İş materiallarından görünür ki, **********63-10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 paylı mülkiyyətindədir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Məhkəmə cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilənlərlə bağlı qeyd edir ki, iş materiallarında olan 01/22-438 nömrəli xx.xx.2022-i il tarixli Mütəxəssis rəyindən görünür ki, aparılan araşdırma nəticəsində fərdi yaşayış evinin **********63-10301 reyestr nömrəli çıxarışda göstərilən paylara uyğun olaraq ayrı-ayrılıqda istifadəsinin mümkün olması və həmin payların hər birinə gediş-gəlişin digər yaşayış sahəsinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərin hər birinə məxsus sahələrin digər yaşayış sahəsinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olması işin məhkəmə araşdırılması ilə öz təsiqini tapdığından, həmçinin qanunvericilikdə nəzərdə tutulan imtina üçün əsaslar mövcud olmadığından, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvana dair **********63-10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunan paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvana dair **********63-10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunan paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar