Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11226/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunma vaxtının dəyişdirilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona 55 yaşından pensiya təyin olunması və keçmiş dövr üçün pensiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, ona yəni, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3-17-1(3-3-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildən onun 58 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiya hüququ yarandıqda o, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala müraciət etmiş və həmin tarixdən ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə (istehsalatın, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin həmin qanunvericilik ona şamil olunmamışdır. Cavabdeh inzibati orqan ona 55 yaşından yox 57yaşından pensiya təyin etmişdir. Onun 55 yaşına qədər xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilə qədər 11 il 4 ay 2 gün və xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilə qədər 18 il iş stajı toplanmaqla, cəmi 29 il 4 ay 2 gün və xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilə qədər 12 il zərərli iş stajı yığılmışdır. 55-60 arası güzəştli şərtlərlə pensiya kapitalı 34.650 AZN-dir. Onun xx.xx.2021-ci ilə qədər pensiya kapitalı 38.245 AZN-dir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-177884/2023 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətə Mərkəzi Filialda baxılaraq ərizəçinin müraciəti təmin olunmuş və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən, yəni 58 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla belə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi vasitəsilə pensiya hüququnun yaranma tarixini mübahisələndirmişdir. Belə ki, İddiaçı iddia ərizəsində məhkəmədən “55 yaşından pensiya hüququnun təyin edilməsinin və keçmiş dövr üçün pensiya ödənilməsinin təmin edilməsini” xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, beləliklə də 55 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Cavabdehin imtinası aşağıdakı hallarda hüquqi baxımdan qanuni sayılır. 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu; 2. cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçməsi. Ərizəçi İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsi təşkil etmişdir. Həmin maddənin 2020-ci il tarixdə, yəni ərizəçinin 55 yaşının tamam olduğu tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. İstinad olunan normanın müddəaları baxımından, ərizəçiyə 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. ərizəçinin 55 yaşı tamam olmalıdır; 2. ərizəçi ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır; 3. ərizəçi 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır; 4. ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı iş üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubundan da məlum olur ki, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, ərizəçinin müraciət etdiyi dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 43161,29 manat hesablandığı halda, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38245,65 manat təşkil etmişdir. Deməli, ərizəçiyə münasibətdə 4-cü bənddə qeyd olunan dispozisiya şərti mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin mövcud olubolmadığını yoxladıqdan sonra növbəti addım qismində cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sadalanan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə ərizəçiyə pensiya təyinatından imtina etməkdə haqlıdır. Odur ki, ərizəçinin pensiya kapitalı kifayət etmədiyindən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, cavabdeh ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin imtinası qanunauyğundur. Ərizəçi S.X2 xx.xx.2023-cü il tarixli müraciəti nəticəsində isə ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, həmin pensiya təyinatının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Qeyd edilən normanın müraciət tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normalar əsasında ümumi yaş həddi 5 il azaldılmış və ərizəçi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 58 yaşının tamam olduğu tarixdə yaranmışdır. Bu səbəbdən ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə deyil, yalnız xx.xx.2023-cü il tarixdə yarana bilərdi. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1987-ci il tarixdə İddiaçı adına açılmış ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Astara rayon Xİİ partiya qurultayı tərəvəzçilik sovxozuna fəhlə kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir; xx.xx.1987-ci il tarixdə RTİ-72 “Şehremon” tikinti trestinə müvəqqəti olaraq 2 saylı sahəyə fasad işçi kimi qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.1988-ci ildə yığıcı-tələbə kimi uşaq oyuncaqları sexinə işə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.2003-cü il tarixdə “Azərneftyanacaq” X6 bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən əmtəə benzinləri üzrə 7 №-li sexin neft məhsullarının yüklənməsi estarkadasına 4-cü dərəcəli xadimə qəbul edilmiş; xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli 42 №-li əmrinə əsasən “Azərneftyanacaq” X8 “Heydər Əliyev adına” Bakı X8 adlandırılmış; xx.xx.2006-cı il tarixdə həmin sexin 3 №-li çənlər parkına 4-cü dərəcə ilə istehsalat binaları xadiməsi peşəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdə 7 saylı sexin 3 №-li çənlər parkının istehsalat binaları xadiməsi peşəsinin adı dəyişdirilərək, istehsalat sahələrini və xidməti otaqları yığışdıran adlandırmışdır; xx.xx.2008-ci il tarixdə əmtəə benzinləri üzrə 7 №-li sexin 3 №-li çənlər parkının adı dəyişdirilərək, 2 №-li əmtəə parkı adlandırılmışdır. xx.xx.2009-cu il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 3 №-li əmtəə parkının 4-cü dərəcəli istehsalat sahəsini və xidməti otaqları yığışdıran sayılır; xx.xx.2009-cu il tarixdə həmin istehsalatın 4 №-li əmtəə parkına (mazut dizel və kerosinin nəqli) 3-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir; xx.xx.2010-cu il tarixdə tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə 4-cü dərəcəsi verilmişdir; xx.xx.2015-ci il tarixdə “Heydər Əliyev adına” Bakı X7 xx.xx.2015-ci il tarixli, SOCAR 15-1709/xx-xx-030078 №-li əmrinə əsasən Heydər Əliyev adına Bakı X8, Heydər Əliyev adına X8 adlandırılmışdır; xx.xx.2015-ci il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 1 №-li əmtəə parkının (əmttə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması) 4-cü dərəcəli texnoloji nasosların maşinisti peşəsinə qəbul edilmişdir; xx.xx.2016-cı il tarixdə təzə ştat cədvəlinə əsasən əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 1 №-li əmtəə parkının əmtəə qrupunda 4-cü dərəcəli texnoloji nasosların maşinisti peşəsində sayılır; xx.xx.2019-cu il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istesalatın 4 №-li əmtəə parkına 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir. Heydər Əliyev adına X7 xx.xx.2021-ci il tarixli, SOCAR**********81200601B00056 №-li “Zərərli iş şəraiti haqqında arayış”ında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə kimi 7 №li istehsalat, 4 №li əmtəə parkı (mazut, dizel və kerosinin nəqli) əmtəə operatoru, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 7 №li istehsalat, 1 №li əmtəə parkı (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması), texnoloji nasosların maşinisti və xx.xx.2019-cu il tarixdən hal-hazıradək 7 №li istehsalat, 4 №li əmtəə parkı, əmtəə operatoru vəzifəsində işləmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-167012/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarına əlavə edilmiş; - Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9981/2023 №-li Qərarının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əsas götürüldüyü 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli, xxxxxxx230008 №-li müraciət vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı qız xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın (sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43161,29 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38245,65 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 əsas mövcud olmalıdır: 1) iddiaçının 55 yaşına çatması; 2) iddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; 3) iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir; Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.2020-ci il tarixində, yəni 55 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı münasibətdə qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1981-xx.xx.1987-ci illərdə işlədiyi dövrdə əmək stajı - 06 il, 06 ay, 03 gün; xx.xx.1987-xx.xx.1987-ci illərdə işlədiyi dövrdə əmək stajı – 03 ay; xx.xx.1988-xx.xx.1992-ci illərdə işlədiyi dövrdə əmək stajı – 04 il, 05 ay, 11 gün; xx.xx.2003-xx.xx.2009-cu illərdə işlədiyi dövrdə əmək stajı – 05 il, 06 ay, 19 gün; xx.xx.2009-xx.xx.2020-ci illərdə işlədiyi dövrdə əmək stajı – 10 il, 09 ay, 10 gün; Beləliklə, iddiaçının əmək kitabçasında qeydlər əsasında ümumi iş stajı 27 il, 06 ay, 13 gün təşkil edir ki, bu isə özlüyündə sonuncu tərəfindən 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi stajının ödənildiyini sübut edir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki; “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Belə ki, İddiaçı barəsində Heydər Əliyev adına X7 xx.xx.2021-ci il tarixli, SOCAR**********81200601B00056 №-li “Zərərli iş şəraiti haqqında arayış”ı ilə sonuncunun işlədiyi əmtəə operatoru və əmtəə parkının əmtəə qrupunda texnoloji nasosların maşinsti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci ii tarixli, 12 nömrən Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə aid olduğu qeyd olunmuşdur ki, bu isə məhkəmə üçün güzəştli iş stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab olunur. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının pensiya hüququ yaranan xx.xx.2020-ci il tarixədək güzəştli iş stajı 10 il, 09 ay, 10 gün olmaqla, ümumi iş stajı 20 ildən çox yəni, 27 il, 06 ay, 13 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş, ümumi və güzəştli iş stajları ilə bağlı nəzərdə tutulan şərtlər ödənilsə də, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı ilə bağlı şərt mübahisələndirilmişdir. Belə ki, cavabdeh tərəfindən verilən imtina məktubundan, həmçinin də, məhkəməyə təqdim olunmuş etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38245,65 manat təşkil edir. Məhkəmə iddiaçının pensiya kapitalının 38245,65 manat təşkil etməsi ilə bağlı araşdırma aparmazdan əvvəl, ilkin olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının nə qədər olmasını müəyyən etməlidir. Bu məsələnin həlli “Əmək pensiyaları haqqında” Qanunun və onun əsasında qəbul olunmuş normativ hüquqi aktların müddəaları əsasında həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə görə, 01 iyul 2020 – 30 iyun 2021 dövr üzrə qadınlar üzrə pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 43161,29 manat (cavabdehin xx.xx.2021ci il tarixli, **********1 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktunda istinad olunan) təşkil etməlidir. Bundan başqa, iddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. - 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.; - 10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir - 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Cavabdehin iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sonuncunun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi mövqeyindədir. Lakin məhkəmə hesab edir ki, cavabdehin bu mövqedə imtinası qanunsuz və əsassızdır. Məhkəmə bununla bağlı qeyd edir ki, pensiya təyinatı alt sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçının pensiya 1992-ci ilə qədər 9956,08 manat və 1992-ci ildən 2006-cı ilə kimi isə 2659,58 manat təşkil etməklə ümumillikdə 12615,66 manatdır. İddiaçının 2006-cı il tarixdən sonra pensiya kapitalı bağlı qeyd etməyi zəruri hesab edir ki: 2006-ci il üzrə iddiaçının pensiya kapitalı - 1146,61 (1074,46+71,15) manat, 2007-ci il üzrə iddiaçının pensiya kapitalı – 1388,11 (1335,23+52,88) manat, 2008-ci il üzrə iddiaçının pensiya kapitalı – 1500,38 manat, 2009-cu il üzrə iddiaçının pensiya kapitalı – 1529,02 manat, 2010-cu il üzrə iddiaçının pensiya kapitalı – 2182,78 manat, 2011-ci il üzrə iddiaçının pensiya kapitalı – 2204,72 manat, 2012-ci il üzrə iddiaçının pensiya kapitalı – 2278,73 (2262,57+16,16) manat, 2013-cü il üzrə iddiaçının pensiya kapitalı – 2557,73 (2554,34+3,39) manat 2014-cü il üzrə iddiaçının pensiya kapitalı – 2661,04 manat, 2015-ci il üzrə iddiaçının pensiya kapitalı – 2578,05 manat, 2016-ci il üzrə iddiaçının pensiya kapitalı – 2835,07 manat, 2017-ci il üzrə iddiaçının pensiya kapitalı – 2507,28 manat, 2018-ci il üzrə iddiaçının pensiya kapitalı – 2407,57 manat, 2019-cu il üzrə iddiaçının pensiya kapitalı – 2631,98 (2449,40+182,58) manat, 2020-ci il üzrə iddiaçının pensiya kapitalı – 762,35 (265,51+216,04+280,80) manat təşkil etmişdir. Bu isə ümumillikdə 2006-cı il tarixdən iddiaçının pensiya hüququ yaranan tarixədək pensiya kapitalının 31 171,42 manat olması deməkdir. Ümumilikdə isə iddiaçının əmək fəaliyyətinə başladığı gündən pensiya hüququ yaranan xx.xx.2020-ci il tarixə kimi pensiya kapitalı 43 787.08 manat olması deməkdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 43161,29 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 43787.08 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən hər biri ödənilmişdir. Qeyd olunanlar baxımından, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Bununla yanaşı, yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3- 17-1(3-3-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə, ona 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev