Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11227/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X5 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi üçüncü şəxs iddiaçının keşmiş əridir. Hazırda əldə olunmuş arayışa əsasən üçüncü şəxs yaşayış sahəsində qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İddiaçı hesab edir ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Xətai rayon Polis İdarəsinin cavabdeh qismində, X2 üçüncü şəxs qismində müəyyən edilməsini və iddia tələbinin X2 qeydiyyatdan çıxarılmasının Xətai rayon Polis İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, cavabdehin Bakı şəhər Xətai rayon Polis İdarəsi müəyyən edilməsi, iddia tələbinin “X2 qeydiyyatdan çıxarılmasının Xətai rayon Polis İdarəsinə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə iş üzrə X2 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, mahiyyəti üzrə baxılması nəzərdə tutulan iddia onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddianın mahiyyəti üzrə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisəyə qiymət verilərkən dəyərləndirmə iki əsas üzrə aparılmalıdır: - İddiaçının mülkiyyətində olan yaşayış sahəsinin məhkəmə mübahisəsi əsasında əldə etməsi; - Üçüncü şəxs qismində çıxış edən şəxsin iddiaçının keçmiş əri olaraq yaşayış sahəsi üzərində istifadə hüququnun olub-olmamasıdır. Birincisi, qeyd olunmalıdır ki, mübahisəli daşınmaz əmlak (Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 66, 17 saylı mənzil) xx.xx.1995-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bundan sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1840/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə sözügedən mənzilin ½ hissəsi xx.xx.2016-cı il tarixdə İddiaçı, ½ hissəsi X4 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X3 məxsus olan ½ hissəsi Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-254 reyestr nömrəli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı X8 aid hissədə, yəni mənzilin digər ½ hissəsinə münasibətdə də mülkiyyət hüquqlarına malik olmuşdur. Belə ki, icra işində (surəti) olan X2 etibarnamə üzrə nümayəndəsi X10, üçüncü şəxs X11 və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən müəyyən olunur ki, X1 16000 ABŞ Dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə aşağıdakı şərtlərlə ödənilir: ünvan 1 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış X8 məxsus 1/2 hissədə pay Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7190/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə borclu X2 16000 ABŞ Dollar məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi əvəzinə əvəz edilir; ünvan 1 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış X8 məxsus 1/2 hissədə pay İddiaçı xeyrinə o şərtlə keçirilir ki, X2 16000 ABŞ Dolları məbləğində pul və 30 manat dövlət rüsumu ödəməkdən azad olmaqla yanaşı saziş imzalanana qədər tərəflərin bir-birlərinə qarşı (bu saziş istisna olmaqla) hər hansı əmlak və ya pul öhdəlikləri qalmır; İddiaçı bəyan edir ki, ünvan 1 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış X8 məxsus 1/2 hissədə payı öz adına keçirdikdən sonra bir daha bu saziş imzalanan tarixədək yaranmış X3 qarşı hər hansı pul və əmlak iddiasında olmur; X11 bəyan edir ki, ünvan 1 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış mənzildə 1/2 hissədə olan payını X5 ilə olan qohumluq münasibətlərinə əsaslanaraq İsmayl Abdullayevə münasibətdə əvəzssiz olaraq, lakin İddiaçı əvəzli olaraq, yəni Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7190/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası məqsədilə həyata keçirir və 1/2 hissədə olan payını İddiaçı adına keçirdikdən sonra ona qarşı hər hansı öhdəliyi qalmamaqla yanaşı bir daha bu barədə hər hansı iddiada olmur; Bu barışıq sazişi təsdiq olunduqdan 1 gün sonra X11 ünvan 2 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış mənzildə 1/2hissədə olan payını İddiaçı adına keçirilməsi üçün ona notarial qaydada təsdiqlənmiş etibarnamə verir və lazımı sənədləşmə işlərinin həyata keçirməyə (pul xərcləri istisna olmaqla) köməklik göstərir; Bu barışıq sazişi təsdiq olunduqdan və qeyd olunan şərtlər icra olunduqdan sonra Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7190/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilir; Bu barışıq sazişi təsdiq olunduqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeyd olunan məslələrə dair əmlakın 1/2 hissədə paya münasibətdə sənədləşmə işlərinin aparılması üçün əsas sayılır. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(103)-7190/2019 nömrəli icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Xətai rayon məhkəməsinə müraciət edilmiş və məhkəmə qərardadı ilə X2 etibarnamə üzrə nümayəndəsi X10, X11 və İddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 7190/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi üçüncü şəxs hazırda iddiaçının mülkiyyətində olan əmlakın ilkin mülkiyyətçisi hesab olunmuş, lakin mövcud olan məhkəmə mübahisələri nəticəsində iddiaçı ilkin olaraq mənzilin ½ hissəsinə münasibətdə mülkiyyət hüquqları əldə etmiş, sonradan isə barışıq sazişinə əsasən mənzilin digər ½ hissəsinə münasibətdə də hüquqlara malik olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının mənzilin digər hissəsinə münasibətdə hüquqlarının yaranmasında barışıq sazişinin icra olunması dayanır ki, bu zaman üçüncü şəxslər iddiaçıya olan borcu əvəzləşdirmək məqsədi ilə mənzilin ½ hissəsindən imtina etmişdirlər (icra işində bunu təsdiq edən ərizələr mövcuddur). Bununla da onlar mənzilin yeganə mülkiyyətçisi kimi iddiaçının olmasında öz iradə ifadələrini nümayiş etdirmişdirlər. Məhkəmə hesab edir ki, hazırda mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqları iddiaçıya məxsus olduğundan, həmçinin bu hüququn yaranmasının əsasında məhkəmə aktları dayandığından, üçüncü şəxs X2 yaşayış sahəsinə istifadə hüququ olmamışdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, üçüncü şəxs iddiaçının keçmiş əri olduğundan onun yaşayış sahəsi üzərində istifadə hüququnun olub-olmamasının qiymətləndirilməsi aşağıdaki qanunvericiliyin müddəaları əsasında aparılmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaların tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülkiyyətçinin ailə üzvlərinin sırasına isə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, həmçinin mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar, himayəsində olan əmək qabiliyyəti olmayanlar daxil edilmişlər. Üçüncü şəxs isə qeydiyyatda olduğu evin mülkiyyətçinin keçmiş ailə üzvü olmaqla, Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 30.1-ci maddəsinə əsasən o, həmin evin mülkiyyətçisinin ailə üzvləri sırasına artıq aid edilmir. Belə ki, yuxarıda adıçəkilən Məcəllənin 30.4-cü maddəsində də qeyd edildiyi kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ itirilir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Eyni zamanda qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərildiyi kimi şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11227/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11227/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver