Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1123/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla məktub-sərəncamın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı məktub-sərəncamın verilməsi tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ixrac etdiyi qeyri-neft məhsullarına (təzə xurma və təzə nar) görə ixrac təşviqinin ödənilməsinə dair müvafiq “məktub sərəncam”ın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edərək, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, ixrac edilmiş qeyri-neft məhsullarına görə ixrac təşviqinin ödənilməsinə razılıq verilməsini xahiş etmiş, lakin hazırki vaxtadək ərizələrinə baxılmamış və müvafiq qərar qəbul edilməmişdir. xx xxxxx 2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edərək, xx.xx.2020-ci il tarixli İN-D/O-6096/2020 saylı ərizəyə əlavə olaraq idxalatçı tərəfindən bank hesabına xarici valyutada köçürülməni təsdiq edən bank məktubunu qoşma olaraq cavabdehə təqdim etmişlər. Müəssisənin fəaliyyəti qeyri neft məhsullarının (təzə xurma və təzə nar) ixracından ibarətdir. Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqi ödənildiyi üçün müəssisə də həmin ixrac təşviqindən yararlanmaq istəmişdir. Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə müvafiq olaraq ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Eyni zamanda həmin Qaydanın 2.2-ci bəndinə əsasən aşağıdakı sənədlər ərizəyə əlavə edilmişdir: ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti; Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti; qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri; xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti; faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin malın idxal olunduğu xarici dövlətdəki idxalatçısı tərəfindən ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına xarici valyutada köçürülməsini təsdiq edən müvəkkil bank və ya kredit təşkilatının məktubu (məktubda vəsaitin köçürülmə və mədaxil tarixi, vəsaiti ödəyən və vəsait ödənilən hüquqi və ya fiziki şəxsin adı, vəsaitin məbləği, vəsaitin aid olduğu müqavilə, gömrük bəyannaməsi və invoys, müvəkkil bank və ya kredit təşkilatının səlahiyyətli şəxsinin adı və soyadı göstərilir və məktub həmin səlahiyyətli şəxsin imzası və müvəkkil bank və ya kredit təşkilatının möhürü ilə təsdiq olunur); üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması ilə bağlı qeydi olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Lakin cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, ərizənin və ona əlavə edilmiş sənədlərin həmin qaydanın tələblərinə uyğunluğu yoxlanılmamış və ərizənin hüquqi nəticələri barədə məlumat verilməmişdir. Həmin Qaydanın 2.4-3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, ərizənin qeydiyyata alındığı tarixdən 10 (on) iş günündən gec olmayaraq 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “Məktub-Sərəncam” tərtib edilir və bir nüsxəsi ixracatçıya, digər nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (o cümlədən, həmin nüsxənin skan edilmiş surəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin elektron poçt ünvanına göndərilməklə) təqdim olunur. Qeyd olunan “Məktub-Sərəncam” tərtib edilməsi və bir nüsxəsinin ixracatçıya təqdim olunması təmin edilməmişdir. İxrac təşviqinin ödənilməsi üçün cavabdehə təqdim olunmuş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 401 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na uyğun olaraq tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim olunmuş və göstərilmişdir ki, İddiaçı MMC ümumi dəyəri 2 985 321.20 ABŞ dolları olan təzə xurma və təzə nar məhsullarına görə ixrac təşviqinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində İqtisadiyyat Nazirliyinə ərizə ilə (daxilolma qeydiyyatı: xx.xx.2020-ci il tarixli, İN-D/O-6096/2020 nömrəli) müraciət etmişdir. İddiaçı MMC-nin müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na uyğun olaraq araşdırılmışdır. İqtisadiyyat Nazirliyi tərəfindən mövcud imkanlar, sahibkarların təklifləri və qanunvericilikdəki dəyişikliklər nəzərə alınaraq, sahibkarlara göstərilən dövlət xidmətlərinin və dəstək tədbirlərinin icrası prosesində mütəmadi olaraq təkmilləşdirmə işləri görülür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 iyun tarixli 276 nömrəli qərarı ilə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na dəyişiklik edilmiş və ixracatçıdan ixrac təşviqinin alınması üçün müraciətə mənşə sertifikatının surətinin əlavə edilməsinin tələb olunması ilə bağlı müddəa adıçəkilən Qaydadan çıxarılmışdır. Lakin, sözügedən sertifikatların İqtisadiyyat Nazirliyi tərəfindən verildiyini nəzərə alaraq, sertifikatlara dair elektron sistemin təkmilləşdirilməsi nəticəsində mənşə sertifikatlarının ixracatçıdan tələb olunmaması və elektron qaydada İqtisadiyyat Nazirliyinin məsul icraçıları tərəfindən yoxlanılması mümkün olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə tənzimlənən “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizmlərində iştirak edəcək ixracatçılar tərəfindən müraciət olunduğu zaman Nazirlər Kabinetinin 2018ci il 31 oktyabr tarixli 470 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nın 3.2.4-cü yarımbəndinə uyğun olaraq, son birillik dövriyyəsi və vergi borcu barədə vergi orqanından alınmış arayış təqdim edilməlidir. Məlum olduğu kimi, “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Vergilər Nazirliyi Dövlət Xidməti statusunda Nazirliyin strukturuna daxil edilmişdir, ixrac təşviqinin alınması üçün sahibkarlardan tələb edilən sənədlər siyahısına vergi orqanı tərəfindən verilən arayışın da əlavə edilməsi ilə bağlı hazırda qanunvericiliyə müvafiq dəyişikliklərin aparılması üzərində işlər görülür. Sözügedən arayışın tələb olunmamasına baxmayaraq, vergi intizamına əməl olunmasının stimullaşdırılması və vergi mədəniyyətinin daha da yüksəldilməsi məqsədilə dəstək tədbirlərində iştirak edən ixracatçılar İqtisadiyyat Nazirliyinin sərəncamında olan elektron bazalar vasitəsi ilə vergi borcunun mövcudluğuna və riskli vergi ödəyicisi olması predmetinə əsasən yoxlanılır. Eyni zamanda, dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərinə, vergi cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə, əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə, müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslərə və fərdi sahibkarlara ixrac təşviqinin şamil olunmaması ilə bağlı “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na müvafiq dəyişikliklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı layihəsi hazırlanaraq aidiyyət orqanlarla razılaşma mərhələsindədir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 2.0.8-ci yarımbəndinə əsasən milli iqtisadiyyatın və ixracın təşviqi və şaxələndirilməsi sahəsində məqsədyönlü fəaliyyəti təşkil etmək, habelə 3.0.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətini həyata keçirmək, strukturuna daxil olan müvafiq qurum vasitəsilə dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin etmək, bu sahədə dövlət nəzarətini həyata keçirmək İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqaməti və vəzifəsi olaraq müəyyən edilmişdir. Habelə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə olan vergilər üzrə 78 370,64 manat (o cümlədən, əsas vergilər üzrə 71 315,93 manat, faizlər üzrə 7 054,71 manat) məbləğində borcu mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin fəaliyyəti araşdırılarkən şirkətin əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına dair əsaslı şübhələr yaranmış və bununla bağlı xx.xx.2020-ci il tarixində İddiaçı MMC-nin fəaliyyətinin ətraflı araşdırılması və dövlət büdcəsi vəsaitinin riskli vergi ödəyicisinə ödənilməməsi məqsədilə ixrac təşviqinin ödənilməsi ilə bağlı icraat dayandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş iddiaçı və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X5 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, 2020-ci ilin yekunlarına dair hesabat əldə etdiklərini, İddiaçı ölkədə Qeyri-neft məhsullarının ixracını edən 7-ci böyük şirkət olduğunu, 2021-ci ilin fevral ayından başlayaraq şirkətin ixrac fəaliyyəti ilə bağlı araşdırma aparmağa başlayacaqlarını, iddiaçının ərizəsi üzrə araşdırmanın nazirlik tərəfindən dayandırıldığını və yenidən araşdırma aparılmağa başlayacaqlarını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********592800 №li çıxarışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 mənzil 1 ünvanında ********** saylı VÖEN-lə xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, hazırki vaxta qanuni təmsilçi X2 qeyd olunmuşdur. İddiaçı MMC xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edərək, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 01 mart tarixli 811 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, ixrac edilmiş qeyri-neft məhsullarına görə ixrac təşviqinin (Bankın adı: “xxxx” ASC-nin “Gənclik-1” şöbəsi, M/H: AZ13NABZ********************; Kod: 510136; VÖEN: **********; S.W.İ.F.T: BxxxxAZ22; H/H:AZ72Bxxxx********************0) ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli məktubla xx.xx.2020-ci il tarixli İN- D/O-6096/2020 saylı ərizəyə əlavə olaraq idxalatçı tərəfindən bank hesabına xarici valyutada köçürülməni təsdiq edən bank məktubu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətin müraciəti cavablandırılmamışdır. İddia mümkündür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 401 №-li xx.xx.2016-cı il tarixli qərarı ilə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin qaydaların: 2.1-ci bəndinə əsasən şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa və ya “bir pəncərə” prinsipi əsasında X1 və Kommunikasiya Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edirlər. 2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti; 2.2.2. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti; 2.2.3. qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri; 2.2.4. xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti; 2.2.5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin malın idxal olunduğu xarici dövlətdəki idxalatçısı tərəfindən ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına xarici valyutada köçürülməsini təsdiq edən müvəkkil bank və ya kredit təşkilatının məktubu (məktubda vəsaitin köçürülmə və mədaxil tarixi, vəsaiti ödəyən və vəsait ödənilən hüquqi və ya fiziki şəxsin adı, vəsaitin məbləği, vəsaitin aid olduğu müqavilə, gömrük bəyannaməsi və invoys, müvəkkil bank və ya kredit təşkilatının səlahiyyətli şəxsinin adı və soyadı göstərilir və məktub həmin səlahiyyətli şəxsin imzası və müvəkkil bank və ya kredit təşkilatının möhürü ilə təsdiq olunur); 2.2.6. üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması ilə bağlı qeydi olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti. 2.3-cü bəndində əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Qaydaların 2.4-cü bəndində əsasən ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman ixrac təşviqinin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət ixrac təşviqinin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Qaydaların 2.4-1-ci bəndinə göstərilmişdir ki, ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 (iki) iş günü ərzində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qaydaların 2.4-2-ci bəndinə göstərilmişdir ki, ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə tənzimlənən “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizmlərində iştirak edəcək ixracatçılar tərəfindən müraciət olunduğu zaman Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nın 3.2.4-cü yarımbəndinə uyğun olaraq, son birillik dövriyyəsi və vergi borcu barədə vergi orqanından alınmış arayış təqdim edilməmişdir. İddiaçı MMC-nin fəaliyyətinin ətraflı araşdırılması və dövlət büdcəsi vəsaitinin riskli vergi ödəyicisinə ödənilməməsi məqsədilə ixrac təşviqinin ödənilməsi ilə bağlı icraat dayandırılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-nin müraciətinə cavab olaraq verilmiş **********122000 №li xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixinə cəmiyyətin vergilər üzrə, muzdla işləyənləri işəgötürən sığortaedənlər (MDSS), muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə dövlət büdcəsinə borcu yoxdur, cari tarixə işçilərin sayı 48 nəfər, cari tarixə orta aylıq əmək haqqı 257,29 manat, işçi sayının fəaliyyət sahəsinə uyğunluğu uyğun gəlir, minimum aylıq əmək haqqı məbləğindən (250 manat) aşağı əmək haqqısı olan işçi sayı yoxdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********311700 №-li xx.xx.2020-ci il tarixli məktubunda İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə vergilər üzrə borcunun olmadığı qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli arayışla məhkəməyə təqdim olunmuş Cəmiyyətə aid xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində “İxrac əməliyyatları haqqında məlumat”dan (İxrac əməliyyatlarının Elektron Hökümət Portalından çıxarış) görünür ki, İddiaçı MMC tərəfindən məlumatda qeyd olunan dövrlərdə xaricə mallar ixrac edilmiş və müvafiq əməliyyatlar aparılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 34.1-ci maddəsinin tələblərinə görə ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda. 34.2-ci madəsinə əsasən ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir. 61-ci maddəsinin tələblərinə görə: 61.1. yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə İddiaçı MMC-nin ixrac etdiyi qeyri-neft məhsullarına (təzə xurma və təzə nar) görə ixrac təşviqinin ödənilməsinə dair müvafiq “məktub sərəncam”ın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə İddiaçı ixrac etdiyi qeyri-neft məhsullarına (təzə xurma və təzə nar) görə ixrac təşviqinin ödənilməsinə dair müvafiq “məktub sərəncam”ın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi barədə müraciəti (daxilolma qeydiyyatı: xx.xx.2020-ci il tarixli, İN-D/O-6096/2020 nömrəli) ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1123/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1123/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver