Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11231/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin istənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, doğum haqqında təkrar şəhadətnaməsinin Rusiya Federasiyasından istənilməsini xahiş etmişdir. Cavabdeh 05Q/75-2113/75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin Rusiya Federasiyasından istənilməsi imkan xaricindədir. İddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş RSFSR-in Kuybışev vilayətinin Bolşeçernepov rayon VVAQ şöbəsi tərəfindən 16 mart 1990-cı ildə ona verilmiş V-EP №384229 saylı doğum haqqında şəhadətnaməyə əsasən, 12 mart 1990-cı ildə keçmiş RSFSR-nın Kuybışev vilayətinin Bolşeçernepov rayonunun Koşkin qəsəbəsində doğulmağını və qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti faktını nəzərə alaraq bu barədə ata qrafasında ata adı X6, milliyyəti azərbaycanlı, ana qrafasında ana adı X4, milliyyəti azərbaycanlı yazılmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, şəxsiyyət vəsiqəsi tələb edilmədən onun xx.xx.1990-cı ildə X12 Sosialist Respublikasının Kuybışev vilayətinin Bolşeçerniqovski rayon VVAQ şöbəsi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, mərhum anası X4 ilə Sumqayıt şəhəri, 15-ci məhəllə, 2 saylı yataqxanada məskunlaşıb yaşamışdır. X1 xx.xx.2007-ci ildə xəstəlikdən vəfat etmişdir. Onların birgə nikahlarından 3 övladı olmuşdur: bacısı Abbasova (Həsənova) Mayya Nizamovna 24 iyul 1984-cü ildə RSFSR-in Kuybışev vilayətinin Bolşeçernepov rayonunun Koşkin qəsəbəsində, qardaşı X7 xx.xx.1986-cı ildə Azərbaycan SSR-nin Yevlax rayonunun Aran qəsəbəsində və özü 12 mart 1990-cı ildə RSFSR-in Kuybışev vilayətinin Bolşeçernepov rayonunun Koşkin qəsəbəsində anadan olmuşdur. Lakin 1993-ci ilin yanvar ayında o, 2 yaş 6 aylığında Rusiyanın Kuybışev şəhərindən (indiki Samara şəhəri) Azərbaycana gəldikdən sonra RSFSR-in Kuybışev vilayətinin Bolşeçernepov rayon VVAQ şöbəsi tərəfindən 16 mart 1990-cı ildə verilmiş V-EP № 384229 saylı doğum haqqında şəhadətnamə naməlum şəraitdə itirilmişdir. Həmin dövrdən şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Belə ki, şəxsiyyət vəsiqəsi yoxdur, bunun üçün doğum haqqında şəhadətnamənin əslini istəyirlər, iddiaçıda isə yalnız onun kserosurəti qalmışdır. Bundan başqa, köhnə Sovet doğum haqqında şəhadətnaməsi ilə Azərbaycana gəlib yaşamışdır. İndi isə şəxsiyyət vəsiqəsi ala bilmir. Rusiyada anadan olmağına baxmayaraq özünü Azərbaycan Respublikasımın vətəndaşı kimi hiss edir və Azərbaycan vətəndaşı olmağı ilə fəxr edir. Ona görə də bir vətəndaş kimi öz konstituson hüquqlarından istifadə etmək istəyir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün əmək hüquqlarından istifadə edib işə düzələ bilmir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia doğum haqqında təkrar şəhadətnamənin istənilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan İ-ЖГ seriyalı 455098 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X6 və xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.1979-cu il tarixdə Yevlax rayonu, Salahlı kənd sovetində nikaha daxil olmuşlar, nikahdan sonra qadına Həsənova soyadı verilmişdir. İddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, 384229 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə RSFSR-in Kuybışev vilayətinin Bolşeçerniqovski rayonunun Koşkin qəsəbəsində doğulmuşdur. X1, anası X3r. Akt qeydi Bolşeçerniqovski rayonunun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1990-cı il tarixdə 35 nömrə ilə qeydə alınmışdır. İşdə olan 22 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X2 ailə tərkibinə xx.xx.1990-cı il təvəllüdlü oğlu İddiaçı daxildir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 02/05-300 nömrəli arayışından görünür ki, İddiaçı ailəsi X9, X8, X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, Ruslan Allahverdiyev küçəsi 117B, bina 8, mənzil 15 ünvanında kirayədə yaşayır. İddiaçı doğum haqqında şəhadətnaməsini itirdiyindən ona verilmiş doğum haqqında təkrar şəhadətnamənin aidiyyəti qurumdan istənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçı tərəfindən şəxsiyyət vəsiqəsi təqdim olunmadığından imtina cavabı vermişdir. Belə olan halda aydın olur ki, şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə olmadan isə şəxsiyyət vəsiqəsinin əldə edilməsi imkansızdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Qaydanın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. -74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 4-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Konvensiyanın 6-cı maddəsinə görə razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir, bununla da iddiaçı ona məxsus olan hüquqlarını realizə edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, idia təmin edilməli, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən onun xx.xx.1990-cı ildə RSFSR Bolşeçerniqovski rayonu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən onun xx.xx.1990-cı ildə X12 Sosialist Respublikasının Kuybışev vilayətinin (hazırkı Samara) Bolşeçerniqovski rayonu VVAQ şöbəsi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11231/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11231/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver