Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11236/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “alı təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Voljsk X4 Universiteti tərəfindən onun adına verilmiş 105206 ******* nömrəli 05 mart 2018-ci il tarixli bakalavr diplomu üzrə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qərarı bununla əsaslandırmışdır ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Voljsk X4 Universiteti tərəfindən onun adına verilmiş 105206 ******* seriyalı, 05 mart 2018ci il tarixli bakalavr diplomunun tanınması öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Voljsk X4 Universiteti tərəfindən iddiaçının adına verilmiş 105206 ******* seriyalı , 05 mart 2018-ci il tarixli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 4 il yarım, 2013-2018-ci illər ərzində Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Voljsk X4 Universitetinin filalında qiyabi bakalavriat təhsil pilləsi üzrə 38.03.02 Menecment ixtisası üzrə təhsil almış və ona dövlət imtahan komissiyasının qərarı ilə “Menecment” ixtisas dərəcəsi verilmişdir. Müvafiq bakalavr diplomunu əldə edəndən sonra 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Həştərxan vilayəti Elm və Təhsil Nazirliyi tərəfindən apostillə bakalavr diplomu təsdiqlənmişdir. Cavabdeh onun təhsil aldığı “Volijsk X4 Universitetinin tədris normativi üzrə təhsil yükünü mənimsəməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanuna əsasən heç bir araşdırma aparmamışdır. Cavabdeh tərəfindən qeyd olunan imtina əsası heç bir sübut və faktla təsdiqlənmir. Əgər o təhsil yüklüyünü Rusiya Federasiyasında olduğu müddət ərzində əhatə edə bilməzdisə, necə olub ki, o bütün təhsil müddəti ərzində müxtəlif fənlərdən imtahanlarda iştirak edərək müvəffəqiyyət əldə etmişdir. Bundan əlavə, onun təhsil aldığı müddətə uyğun olaraq xarici pasportunda Rusiya Federasiyasına gediş-gəlişlə bağlı sərhəd xidmətinin möhürləri mövcüddur. İddiaçı həmin təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq xarici vətəndaş olması ilə əlaqədar rəhbərliyə müraciət etmiş və qış və yay semestr imtahanlarını 1 dəfə iştirak etməklə vermişdir. Bunu da xarici ölkədə təhsil alarkən yaranan maddi sıxıntı və tək ailə başçısı, himayəsində azyaşlı övladının olması ilə əlaqələndirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2013/2014-cü tədris ili üzrə -11 gün; 2014/2015-ci tədris ili üzrə -12 gün; 2015/2016-cı tədris ili üzrə -16 gün; 2016/2017-ci tədris ili üzrə - 26 gün; 2017/2018-ci tədris ili üzrə - 4 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan Rusiya Federasiyası Voljsk X3 Universiteti tərəfindən verilmiş 105206 ******* nömrəli xx.xx.2018-ci il tarixli bakalvr diplomundan görünür ki, İddiaçı “menecment” ixtisası üzrə bakalavr proqramını mənimsəmiş və ona Dövlət imtahan komissiyasının qərarına əsasən həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir. Diplom Həştərxan vilayəti Elm və Təhsil nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə 223196 nömrəsi ilə apostil edilmişdir. **********566 nomrəli Diploma əlavədən görünür ki, iddiaçı Voljsk X3 Universitetinə qəbul olunmuş, 2018-ci ildə həmin Universiteti bitirmiş, təhsil forması qiyabi olmuşdur. İddiaçı hazırda bu diplom üzrə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamə verilməsini xahiş edir. Cavabdeh isə iddiaçının tələbini təmin etməkdən imtina edir ki, o, tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmamışdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). - Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmipedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; - Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. -4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: -5.5. ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının diplomunun tanınmasından imtinasının əsas və yeganə dəlili ondan ibarətdir ki, iddiaçı tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. İş üzrə materiallarla iddiaçının 2013-2018-ci illərdə təhsil müddətinin qiyabi formaya uyğun olaraq 5 il, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin təhsilin normativ müddətinə dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində 2013/2014-cü tədris ili üzrə -11 gün; 2014/2015-ci tədris ili üzrə -12 gün; 2015/2016-cı tədris ili üzrə -16 gün; 2016/2017-ci tədris ili üzrə - 26 gün; 2017/2018-ci tədris ili üzrə - 4 gün olmuşdur. Onun qeyd olunan müddətlərdə təhsil aldığı Rusiya Federasiyasının ərazisində olması Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş arayışla təsdiq olunur. İddiaçı məhkəmə icraatında verdiyi izahatda təhsil aldığı ölkədə az olmasının səbəbi kimi tək ana olmaqla himayəsində azyaşlı övladının olması, övladının azyaşlı olması və səhhəti ilə əlaqədar övladına baxacaq şəxsin olmaması səbəbindən uzun müddət ondan ayrı qalmasının qeyri-mümkün olması, işləməklə işini itirməmək üçün yalnız işəgötürən tərəfindən verilmiş təhsil məzuniyyətləri dövründə imtahan sessiyasında iştirak etmək üçün həmin ölkəyə gedə bilməsi ilə əlaqələndirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının təhsil aldığı universitet tərəfindən iddiaçının işlədiyi quruma göndərilmiş arayış-çağırışlara əsasən müəyyən edilir ki, universitet tərəfindən müvafiq tədris illəri üçün semestr ərzində tələbə 20, 25 təqvim günü üçün çağırılarkən, işəgötürən tərəfindən iddiaçıya verilmiş təhsil məzuniyyətləri çərçivəsində təhsil aldığı ölkəyə getmiş, arayış çağırışlardakı müddət ərzində iddiaçı həmin ölkədə olmasa da, iddiaçının təhsil aldığı universitet idiaçının tədris müddəti ərzində tələb olunan günlərdən az iştirak etməsini qəbul etmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Universitet tərəfindən verilmiş arxiv arayışında qeyd edilmişdir ki, tələbələrin imtahn sessiyasında təkbaşına hazırlaşmaına imkan verən, müddəti təhsil təşkilatının tədris planı, habelə sınaq və imtahan sessiyasının fərdi cəvəli ilə müəyyən edilən univrsitet tərəfindən hazırlanmış fərdi təlim sistemindən istifadə, distant təhsil vasitəsilə xarici vətəndaşlar üçün tədris prosesini optimallaşdırmağa və ildə bir dəfə sınaq və imtahan sessiyası keçirməyə imkan verir. Qeyd edilənləri nəzərə alan məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir İş materiallarından görünür ki, universitetin hər tədris ili üzrə tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə iddiaçı növbəti kursa keçirilmiş və yekunda xx.xx.2018-ci il tarixli 106 saylı protokola əsasən 5-ci kursu bitirməsi ilə əlaqədar azad edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 05206 ******* nömrəli diploma əlavəyə əsasən, iddiaçı həmin Universitetdə təhsil aldığı zaman proqram fənlərindən əla, yaxşı və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti kurslara kəsiri və ya akademik borcu qalmamışdır. Məhkəmə iddiaçının sosial vəziyyətini, onun himayəsində övladı olmaqla tək ana olduğunu, eləcə də işlədiyi müəssisə tərəfindən ona semestr ərzində universitet tərəfindən çağırış-arayışlara uyğun müddət çərçivəsində məzuniyyət verilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınmasın məqsədinə xidmət etmir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə məhkəməyə sübut və əsaslar (himayəsində yetkinlik yaşına çatamayan övladı olması, övladını tək böyütməsi, iş yerindən ona tələb olunan müddət həddində təhsil məzuniyyəti verilməməsi, iddiaçının tək övlad böyüdən valideyn kimi işini itirməmək qayğısı) təqdim etmiş, akademik borclarını ödəmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan əla və yaxşı qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Buna görə də cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı : İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyası Voljsk X4 Universiteti tərəfindən verilmiş 105206 ******* seriyalı, 05 mart 2018-ci il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11236/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11236/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver