Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11237/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********69 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilmədiyini bildirmişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 21 saylı evin 8 saylı mənzilinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin sahəsi 34,95 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilinin icarədarı iddiaçının qayınatası mərhum X2muşdur. X3 vəfatı ilə bağlı İddiaçı Aferovna ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə müraciət edərək yaşadığı həmin mənzilin sosial kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil- Kommunal Xidmətlər Departamentinin xx.xx.2012-ci il tarixli 31 saylı əmri ilə Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin sahəsi 34,95 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilinin sosial kirayə müqaviləsinin 3 nəfər ailə üzvü ilə (özü, iki qızı- Tilepina Viktoriya, Tilepina Yuliya) vətəndaş İddiaçı Aferovnanın adına dəyişdirilməsi və onunla kirayə müqaviləsi bağlanılması, daha sonra X3 adına olan mövcud sosial kirayə müqaviləsinin ləğv edilməsi və vətəndaş İddiaçı Aferovnanın adına yeni müqavilənin bağlanılması MKXD-nin 21 saylı MİS-ə tapşırılmışdır. Həmin əmrə əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında 01 sentyabr 2021-ci il tarixdə kirayə müqaviləsi bağlanılmışdır. Eyni zamanda, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 150 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2918 saylı, xx.xx.2013-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.1976-ci ildə, qızları Viktoriya xx.xx.1976, Yuliya xx.xx.1981-ci il tarixdə həmin mənzilə qeydiyyata alınmışlar. İddiaçı və onun qızları sözügedən mənzildə bu günə kimi qeydiyyatda olaraq orada yaşayırlar. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD-nin 31 nömrəli, xx.xx.2012-ci il tarixli sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin sahəsi 34,95 kv.metr olan 2 otaqdan ibarət 8 saylı mənzilinin sosial kirayə müqaviləsinin 3 nəfər ailə üzvü ilə (özü, iki qızı-Tilepina Viktoriya, Tilepina Yuliya) İddiaçı Aferovnanın adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması qərara alınmış, X3 adına olan mövcud sosial kirayə müqaviləsinin ləğv edilərək İddiaçı Aferovnanın adına yeni müqavilənin bağlanması MKXD-nin 21 saylı MİS-ə tapşırılmışdır. İddiaçı hazırda bu əmrə istinad edərək 21 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş sərəncam və ya order, yaxud bağlanmış kirayə müqaviləsinin təqdim edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İşdən müəyyən olunur ki, iddiaçı bu sənədlərdən hər hansı birini cavabdehə təqdim etməmişdir. İddiaçını təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD-nin 31 nömrəli, xx.xx.2012-ci il tarixli sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, həmin tarixdə mübahisəli mənzilin yerləşdiyi yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin balansında olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmış, həmin yaşayış binaları arasında həmçinin ünvan 2 ünvanında yerləşən yaşayış binası olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən NK-nın xx.xx.2011-ci il tarixli 435s nömrəli sərəncamına əlavə edilmiş siyahı üzrə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin, həmin sərəncamın Əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi, balansa götürüləcək mənzil fondunun həcmini nəzərə alaraq, habelə göstərilən mənzil fondunun istismarını və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədilə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdində 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yaradılması qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 029 saylı sərəncamının icrası haqqında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 19 saylı, xx.xx.2012-ci il tarixli sərəncamından görünür ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdində 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yaradılması və Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansından qəbul ediləcək yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələrinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 saylı sərəncamından görünür ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafıq olaraq 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binalarının, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, artıq xx.xx.2011-ci il tarixdən etibarən mübahisəli mənzilin yerləşdiyi bina Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçı həmçinin onunla 150 saylı Mənzil Kommunal İstismar Sahəsi arasında bağlanmış kirayə müqaviləsinə istinad etsə də, Qaradağ Rayon İcra Hakimiyyətinin 3/182 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 21, 8 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd olunan mənzil barədə rayon icra hakimiyyəti tərəfindən kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11237/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11237/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver