Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11248/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri İcra Başçısı Aparatının Abadlaşdırma və Park- X2 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və X3 rayonu Ləhiş ərazisindəki 3537 nömrəli bağın istifadəyə verilməsi haqqında 14644 saylı müqavilə ilə iddiaçıya verilmiş 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park- X2 Departamenti Bağlar təsərrüfatı inkişafı və X4 rayonu Ləhiş bağ massivində yerləşən və 29 may 2002-ci il 14644 saylı müqavilə ilə 3537 nömrəli 0,25 ha bağın iddiaçıya istifadəyə verilməsi ilə bağlı müqavilə imzalamışdır. 01 oktyabr 2024-cü il tarixdə iddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park - X2 Departamentinin Bağlar Təsərrüfatı İnkişafı və X3 rayonunun Ləhiş bağ massivində 29 may 2002-ci ildə 14644 saylı müqavilə ilə iddiaçıya ayrılmış 3537 nömrəli 0.25 ha torpaq sahəsinin üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024 cü il tarixli məktubunda müraciətinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi 14644 saylı müqavilə barədə məlumat idarənin arxivində aşkar edilmədiyini səbəb kimi göstərərək qanunsuz olaraq ərizəsinin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehə lazımi sənədləri təqdim etməyinə baxmayaraq, cavabdeh təşkilat süründürməçiliyə yol verərək, onun həllini müsbət həll etməmiş, müvafiq hüquqmüəyyənedici sənədlərə nəzər yetirməmiş və işin faktiki hallarını araşdırmamışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti müvafiq iddia tələbi ilə bağlı deyil, bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi Sabunçu rayonu, Ləhiş ərazisindəki 3537 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarış və plan-ölçünün verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Hazırkı iş materiallarından İddiaçının müvafiq tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3537 saylı bağ sahəsinə dair ilkin texniki pasport, torpaq sənədləri, cizgi, bağ müqavilələri, order və digər sənədlər haqqında məlumat və sənəd surətlərinin verilməsi ilə əlaqədar İdarəyə müraciət etmiş, cavabdeh müraciətə cavab olaraq bildirmişdir ki, xx.xx.2002-ci il tarixli, 14644 saylı müqavilə barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaçının müraciətləri ilə bağlı inzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək Sabunçu rayonu, Ləhiş bağ massivindəki 3537 saylı bağ sahəsinə dair ilkin texniki pasport, torpaq sənədləri, cizgi, bağ müqavilələri, order və digər sənədlər haqqında məlumat və surətlərin təqdime dilməsini xahiş etmişdir. Göründüyü kimi, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı müxtəlif əsaslarla cavabdehə müraciət etsə də, məhkəməyə müraciət etdiyi məzmunda tələblə müraciət etməmiş, inzibati orqan bu tələbə münasibətdə hər hansı bir inzibati icraat aparmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-11248/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11248/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver