Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1125/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, tərəflərin iştirakı olmadan iddiaçı Səttərov X4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (Daxili Qoşunlar Baş İdarəsi) qarşı “məlumat vərəqinin” verilməsi tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Səttərov X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (Daxili Qoşunlar Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 29 il 02 ay 17 gün xidmət ilini nəzər almaqla güzəştli şərtlərlə pensiya təyini üçün “Məlumat vərəqini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək 11 il 04 ay 26 gün Müdafiə Nazirliyinin Havadan Hərbi Müdafiə Qoşunlarında xidmətdə olmuşdur.Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, Ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 631№li Qərarına əsasən xidmətin bir ayı iki ay sayıldığından mənim xidmətimin xx.xx.1993- cü il tarixindən xx.xx.1997- ci il tarixinədək müddəti yəni 03 il 06 ay 18 günün üzərinə 03 il 06 ay 18 gün hesablandıqda 07 il 01 ay 06 gün təşkil edir. Həmçinin xidmət müddətində müdafiə xarakterli və təlim tədris hava uçuşlarına görə qanunvericilikdə nəzərdə tutulmuş həm xidmət həm də yaş müddəti imtiyazlar nəzərdə tutulduğundan xidmət illərinə 03 il 04 ay 17 gün əlavə olunmalıdır. (Uçuş kitabçası və surəti təqdim olunacaq).Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xx.xx.2008-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək yəni 07 il 02 ay 28 gün xidmətdə olmuşam. Hesab edir ki, xidmət illərim güzəştli şərtlərlə aşağıdakı kimi hesablandığından pensiya hüququnu qazanmışdır.11 il 04 ay 26 gün + 07 il 01 ay 06 gün+ 03 il 04 ay 17 gün = 29 il 02 ay 17 gün. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş iddiaya etirazda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 17077 hərbi qulluqçusu İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası əsassız və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanunun 9.5.1-ci, 20.14.1 -ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx.xx.1992-ci il tarixli Qərarının 1-ci bəndinin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2005ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi X1 11 il 04 ay 26 gün xidmətdə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" 631 №-li Qərarına əsasən xidmətin bir ayı iki ay sayıldığından onun xidmətinin xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək müddəti 03 il 06 ay 18 gün üzərinə 03 il 06 ay 18 gün hesablanıldıqda 07 il 01 ay 06 gün təşkil etdiyini bildirmişdir.Həmçinin, iddiaçı ərizəsində xidmət müddətində müdafiə xarakterli və təlim tədris hava uçuşlarına görə qanunvericilikdə nəzərdə tutulmuş həm xidmət həm də, yaş müddəti imtiyazlar nəzərdə tutulduğundan xidmət illərinə 03 il 04 ay 17 gün xidmət müddətinə əlavə olunmasını bildirmişdir.Eyni zamanda, iddiaçı ərizəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xx.xx.2008-ci il tarixdən 27.01 2016cı il tarixədək 07 il 02 ay 28 gün xidmətdə olduğunu, xidmət illəri 11 il 04 ay 26 gün+07 il 02 ay 28 gün+ 07 il 01 ay 06 gün+03 il 03 ay 17 gün = 29 il 01 ay 17 gün hesablanmaqla pensiya hüququ qazandığını hesab edərək "Məlumat vərəqəsi"ni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.iddiaçının ərizəsini əsassız hesab edirəm və aşağıda göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır.Belə ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 10 №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixə qədər xidmət illəri - təqvimlə 18 il 11 ay 08 gün, güzəştlə 05 il 00 ay 00 gün, ümumi 23 il 11 ay 08 gün təşkil etmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanunun 9.5.1 ci, 20.14.1 -ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx.xx.1992-ci il tarixli Qərarının 1-ci bəndinin tələblərinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyası təyin edilir və güzəştli illər hesablanmaqla uzun müddət xidmətə daxil edilir.Arxiv arayışından məlum olduğu kimi İddiaçı xidmət illəri təqvimlə 18 il 11 ay 08 gün, güzəştlə 05 il 00 ay 00 gün, ümumi 23 il 11 ay 08 gün təşkil etdiyindən qeyd olunan hüquqi normativ aktların tələbləri ona şamil oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdirlər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, ******* nömrəli əmək kitabçasının, ******* nömrəli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin HHQ və HHM X2 Təlim Mərkəzinın diplomun, ******* hərbi biletinin, DİN-nin Daxili Qoşunlarının xx.xx.2022-ci il tarixli və Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2017-ci il tarixli arayışları məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1975-ci ildir, iddiaçı 1994-cü ildən 1997-ci ilə qədər taktiki komandan vertolyotları ixtisası üzrə üzrə tam kursu bitirmişdir, iddiaçının xidmət illəri təqvimlə 18 il 11 ay 08 gün, güzəştli hesablama ilə 05 il 00ay00 gün, imtiyazlı hesablama ilə 23 il 11 08 gün təşkil etmişdir. İddiaçı xidmət illəri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xətti ilə güzəştli pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh ona imtina cavabı vermiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş 20 il xidmət müddəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3 maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 9.5-ci maddəsində (“Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı) göstərilmişdir ki, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İddiaçı məhz həmin normaya istinad edərək, 20 təqvim ili xidmət etdiyini bildirərək ona daxili işlər orqanlarında xidmət illərinə görə əmək pensiyasının təyin edilməsini tələb edir. Lakin məhkəmə iş materiallarından – arayışlardan, əmək kitabçasının, əmrlərin, hərbi biletin, diplomun və digər sənədlərin surətlərindən müəyyən etmişdir ki, iddiaçının daxili işlər orqanlarında 20 təqvim ili xidmət müddəti mövcud deyildir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçının daxili işlər orqanlarında xidmət müddəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdən az olduğundan (18 il 11 ay 08 gün ) pensiya hüququ yaranmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmədə aparılan araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunssuzluğa yol verilməsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halına yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 29 il 02 ay 17 gün xidmət ilini nəzər almaqla güzəştli şərtlərlə pensiya təyini üçün “Məlumat vərəqini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1125/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1125/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver