Məhkəmə qərarları › İş №2-1(112)-11250/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11250/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11250/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsi 12 iyun 2008-ci il tarixli, 10/41 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi iddiaçı X4 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmişdir. Torpaq sahəsi naturada iddiaçıya təhvil verilmişdir. İddiaçı torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Torpaq sahəsində ağaclar əkmiş və tikililər inşa etmişdir. Vaxtlı-vaxtında torpaq vergisini yerli büdcəyə ödəmişdir. Torpaq sahəsinə qonşu tərəfindən müdaxilələr olduğu üçün iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə vəkillə müqavilə bağlamışdır. Vəkil tərəfindən cavabdehə ünvanlanmış sorğuya cavabdeh tərəfindən verilmiş cavab məktubunda Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsi 12 iyun 2008-ci il tarixli, 10/41 saylı qərarının cavabdehi bələdiyyənin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarı ilə ləğv edildiyi bildirilmişdir. Həmin qərar barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı həmin qərar barədə ilk dəfə vəkil sorğusuna verilən cavab nəticəsində məlumat almışdır. Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2019- cu il tarixli, 13/05 saylı qərarı qanunsuz qəbul edilmişdir. Qanunvericilikdə torpaq sahəsi üzərində mülkiyyətə hüquqlarına (razılaşma olmadıqda) yalnız məhkəmə tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh orqan bu qaydalara əməl etməyərək iddiaçının torpaq sahəsi üzərində yaranmış hüquqlarını özünün xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarı il xitam vermişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək, iddianın mümkün sayılmaqla təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs iddiaya etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə X3 Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən Fikrət İsayevə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin başqa şəxsə satılması barədə müraciətinə baxılmış, müraciətə baxarkən Nərgiz Xələfovaya 600 kv.m torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2008-ci il tarixli, 10/41 saylı qərarı qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinə dair müvafiq rəylər alınmadan, hərrac və ya müsabiqə keçirilmədən 600 kv.m torpaq sahəsi N.Xələfovanın mülkiyyətinə ayrılmışdır. Buna görə də Bələdiyyəyə hazırkı məktubun 5 gündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılması və torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2008-ci il tarixli, 10/41 saylı qərarının ləğv edilməsi təklif olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13/05 saylı qərarından görünür ki, vətəndaş X4 adına 600 kv.m torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2008-ci il tarixli 10/41 saylı qərarı ləğv edilmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirir, hansı ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddia növünə uyğundur. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, İddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtinə, yəni iddia qaldırmaq müddətinə əməl edilməmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. İşdə olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-7410/2021 saylı məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdeh X2 qarşı “mülkiyyət hüququnun təmin edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-7410/2021 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə məhkəmənin 30 sentyabr 2021-ci il tarixli hazırlıq iclasında cavabdeh və nümayəndəsi X6 tərəfindən Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli məktubları və AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin dekabr 2019-cu il tarixli məktubu, Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarı məhkəməyə sübut qismində təqdim edilmiş və məhkəmə tərəfindən həmin sənədlərin surəti iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 təqdim edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7410/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçı artıq 2021-ci ildə ona torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edilməsinə dair Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarından məlumatlı olmuş, lakin həmin qərarın ləğv edilməsi ilə bağlı 2 ilə yaxın müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, xx.xx.2019-cu il tarixli qərarın ləğvi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar