Məhkəmə qərarları › İş №2-1(112)-11251/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11251/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11251/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçının cavabdehə qarşı (üçüncü şəxs X4 cəlb olunmaqla) “qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı iddia ərizəsi ilə 1 saylı ünvan 1 ünvanında yerləşən kooperativ binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. İddiaçı həmin binanın 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsini 365.000 manat ödəməklə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu xx.xx.2015-ci il tarixli maliyyə arayışı da təsdiq edir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun veriləməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ********** saylı xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət etsə də, cavabdeh təşkilat xx.xx.2018-ci il tarixli **********86 saylı cavab məktubunda daxil olmuş sənədlər surətdir və təqdim edilmiş sənədlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmədiyi, həmçinin sözügedən qeyri yaşayış sahəsi yerləşən yaşayış binanın istismarına icazə sənədi və qeyri-yaşayış sahəsinə dair Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilmədiyini əsas gətirərək çıxarışın və texniki pasportun veriləməsindən imtina etmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus qeyri-yaşayış sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qeyri-yaşayış sahə qanunamüvafiq olaraq ona ayrılmış, həmin sahə naturada təhvil verilmiş, o da öz növbəsində faktiki sahiblik hüquqlarını həyata keçirir. MMC-yə heç bir borcu yoxdur, kommunal xidmətlərini vaxtı-vaxtında ödəyir. Bu səbəbdən hesab edir ki, qanuni istifadəsində olan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına müvafiq çıxarış verilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən kooperativ binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsi yerləşən yaşayış binasının istismarına icazə sənədi və qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamışdır və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli, **********30 saylı cavab məktubu ünvanlanmışdır. Əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 365,0 kv.m, faktiki olaraq 331,1 kv.m təşkil edir. Sözügedən yaşayış binasına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3, 8.0.9.2, 8.0.10.1 və 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 3592/2018 saylı qərarı ilə iddia təmin edilərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almış və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. X4 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3592/2018 saylı qərarının ləğv edilməsi və onun iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-3592/2018 saylı qərardadı ilə ərizəçi X2 ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3592/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, X4 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili iddianın məhkəmənin mülahizəsinə uyğun həll edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 331.1 kv. metr qeyri-yaşayış sahəsi İddiaçı satılmış, eyni tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən 365.000 AZN "xxxx" MMC-yə ödənilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilməsi barədə sənəd aşkar edilməmişdir. İşin hallarından müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3592/2018 saylı qərarı ilə iddia təmin edilərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmış, qərar icra edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına RX ******* №-li, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1103-1936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında müəyyən edilənlərdən görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin X2 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək onun üçüncü şəxs kimi məhkəmə iclasına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçınin ərizəsi təmin edilmiş, 1 saylı Bakı inzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin yuxarıda istinad olunan qərarlarına əsasən eyni ünvan üzrə ayrı-ayrı məhkəmə icraatlarında baxılaraq İddiaçı və X2 iddiaları təmin edilmiş, qərarlar icraya yönəldilmiş, sonradan isə X2 iddiası üzrə 2-1(81)-2035/2018 saylı 02 aprel 2018-ci il tarixli qərarın icrasında dönüş edilərək, iddia tələbinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ləğv edilmiş 2-1(81 )-2035/2018 nömrəli,xx.xx.2018-ci il tarixli qərarı əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ünvan 5 ünvanına dair X2 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, 13C5542 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmış, sözügedən qərar qanuni qüvvəsini almışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. -10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2.qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (...) Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırkı işdə tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul edilməsinə dair müvafiq aktı məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmənin İPM-in 12-ci maddəsinə uyğun olaraq apardığı araşdırma da müsbət nəticə verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar