Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11254/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4, X6 və X7 cəlb olunmaqla) «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, qardaşı X8 öz vəsaiti hesabına İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. X4 və X6 iddiaçının övladlarıdır. Onlar ailə qurmuşlar və bundan sonra iddiaçını çətin durumda qoymuşlar. Şəbhəm Cəbrayılova onu kredit götürməyə məcbur etmiş və iddiaçı bankdan 10.000 manat məbləğində kredit götürmüşdür. Hazırda aldığı əmək haqqı həmin borcun ödənişinə sərf olunur. İddiaçının digər övladı İddiaçı ailə qurmuş və Şirvan şəhərinə köçmüşdür. İddiaçı evi satmaq və həmin vəsaitə borclarını ödəmək istəyir. Lakin onun övladları X4, X6 və X5 görə evin satılması mümkün deyil. İddiaçı onların evdən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina edərək, məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Göstərilənlərə və İPM-in 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, X1, X2 və X3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.Rustaveli küçəsi, 12D saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X4, X6 və X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, evə dair bələdiyyə tərəfindən verilmiş sənəd var, həmin sənədi onun qızı özündə saxlayır. O, iddianı müdafiə edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin sorğusuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış 24 iyul 2023-cü il tarixli məktubda qeyd olunur ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.7-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. Hazırkı məhkəmə icraatında İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd, o cümlədən order, müqavilə, reyestrdən çıxarış, habelə evin yerləşdiyi torpaq sahəsinə dair qərar, akt və s. təqdim etməmişdir. Bununla da İddiaçı həmin evə dair hər hansı hüququ müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının yaşayış sahəsində – fərdi yaşayış evində faktiki yaşaması, hətta kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi (həmin sənədlərin mövcudluğu istisna olunmur) qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı və onun qeydiyyatdan çıxarılmasını iddia etdiyi şəxslər müvafiq evə münasibətdə eyni statusla çıxış edirlər. Bütün qeyd olunanların məcmusunda iddiaçı sözügedən ünvandan digər şəxlərin həmin ünvana hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üzrə subyektiv hüquqa malik deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RPİ tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11254/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11254/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver