Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11254/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra-cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 9 il 11 ay 5 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 6 il 4 ay 5 gün sığorta stajına uyğun olaraq 6536,47 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 il 7 ay sığorta stajına uyğun olaraq 9595,56 manat olmaqla ümumilikdə 16132,03 manat (2025-ci il tarixə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək (işdən azadolma qeydi SSRİ dövrünə aid möhürlə təsdiqlənib), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək (möhür ilə təsdiq edilməyib) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövrlər sığorta stajına daxil edildiyi halda iddiaçının ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. İddiaçının aktiv VÖEN (**********) hesabı olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciət əsasında iddiaçının yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək stajına 1977-1980-ci illər və 2006-2010-cu illər olmaqla, cəmi 8 il stajın daxil edilərək yenidən hesablanması və pensiyanın xx.xx.2024-cü il tarixdən başlayaraq bu günə qədər ödənilməli olan məbləğin hesablanaraq iddiaçının hesabına ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və tələbinin “65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu il təvəllüdlüdür və 65 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Fasiləsiz olaraq çalışmış və pensiya yaşına çatmışdır. Lakin, müvafiq qurum ona “staj və yığım kapitalının olmaması”nı səbəb göstərərək mövcud qanunvericilikdə hər bir pensiya yaşına çatan vətəndaşa aid olan hüququnu pozmuşdur. Belə ki, onlar əmək kitabçasında göstərilən stajının təhsil dövrünü (4 il-1977-1978 və 1978-1980) və taksi xidmətində fəaliyyətini (4 il 2006-2010) stajına daxil etməmişlər. 1978-1980-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Əslində bu iki il də stajına daxil edilməlidir. Beləliklə, stajından 10 il itirilmiş olur. Yalnız qəza keçirib İİ qrup əlil hesab edildiyi zaman qismən işsiz olmuşdur. 2021-ci ildən rabitə sahəsində ixtisası üzrə çalışır. Mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi qanuni əmək stajı düzgün hesablandıqda 25 ildən çoxdur. Cavabdeh iddia tələbinə yazılı etirazda imtina məktubunda göstərilənlərə istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində kişilərin pensiya üzrə yaş həddi 1 iyul 2020-ci ildən etibarən 65 yaşdır. Qeyd olunan normalardan görünür ki, xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu ildə anadan olmuş, onun 65 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. Deməli o, ilk tələbi ödəyir. İkinci tələbə gəldikdə, işdən görünür ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 6 il 4 ay 5 gün sığorta stajına uyğun olaraq 6536,47 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 il 7 ay sığorta stajına uyğun olaraq 9595,56 manat olmaqla, ümumilikdə 16132,03 manat (2025-ci il tarixə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə onu da qeyd edir ki, bu hal iddiaçının əmək kitabçasındakı bütün qeydlər nəzərə alındıqda da dəyişmir. Belə olan halda aydındır ki, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajının olması tələb olunur. İşdə olan xx.xx.1978-ci il tarixli 1 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1977xx.xx.1978-ci illərdə 61 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 313 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1980-ci ildə “Bakı Rabitə Elektrotexnikumuna” qəbul olmuş, xx.xx.1983-cü ildə həmin texnikumun “Avtomatik elektrik rabitəsi” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Dövlət İxtisas Komissiyasının qərarı ilə ona DT 771562 nömrəli diplom verilmişdir. İşdə olan ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981xx.xx.1982-ci illərdə N.Nərimanov adına Bakı istehsalat trikotaj birliyində, xx.xx.1983xx.xx.1993-cü illərdə Layihə-tədqiqat kontorunda, xx.xx.1993- xx.xx.1993-cü illərdə “Rayon rabitə” istehsalat birliyində, xx.xx.1993-xx.xx.1994-cü illərdə Xaçmaz rayon rabitə qovşağında, xx.xx.2021-xx.xx.2021-ci illərdə “X3” MMC-də, xx.xx.2021-xx.xx.2022-ci illərdə “X1” MMC-də işləmiş, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-də mühəndis vəzifəsinə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 217 nömrəli. xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən “Rayon Rabitə” İstehsalat Birliyinin xx.xx.1993cü il tarixli KŞ/19 nömrəli əmrinə əsasən İ dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İB-in xx.xx.1993-cü il tarixli KŞ/179 nömrəli əmrinə əsasən X2 köçürmə yolu ilə tutduğu vəzifədən azad edilmişdir. İ.İdrison “Rayon Rabitəsi” İB-in X2 köçürmə yolu ilə xx.xx.1993-cü il tarixli KŞ/180 nömrəli əmri ilə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.1994cü il tarixli KŞ/139 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İstinad olunan normaların tələblərini iş materiallarına tətbiq etdikdə aydın olur ki, iddiaçının təhsil, hərbi xidmət müddəti və əmək kitabçasındakı bütün qeydlər nəzərə alındıqda onun xx.xx.2006-cı il tarixə cəmi 17 il 4 ay 29 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İddiaçı barəsində məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 il 7 ay sığorta stajı olmuşdur. Bu isə o deməkdir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə 21 ildən az sosial sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ikinci tələb ödənilmir. İddia ərizəsindən və İddiaçı məhkəmə iclasındakı izahatından bəlli olur ki, o, 2006-cı ildən etbarən fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. İşdə olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tyarixli, 3-21-2-3/2- İ-41xx-xx/2025 nömrəli arayışından da görünür ki, vergi orqanında uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 573,20 manat vergi məbləği ödənilmişdir. Lakin işdən iddiaçının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu həmin dövrlərdə məcburi dövlət sosial sığorta haqları ödəməsi müəyyən edilmir. Bu halı iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında qəbul etmişdir. Belə olan halda aydındır ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, ƏPQ-nin 22-1-ci maddəsinə görə: -maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Göründüyü kimi, qanunverici 2019-cu il yanvarın 1-dən etibarən şəxsin 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 25 il kimi hesablanmasını müəyyən etmişdir. Lakin işdən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edildiyindən ona Qanunun 22-1.1-ci maddəsinin tətbiqi də mümkünsüzdür. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının 25 il sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-11254/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11254/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver