Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11255/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv. m olan 2125 A nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,1040 ha olan 2125 A nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.metr olan, 2125 A saylı bağ sahəsi ona verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-ci il tarixli məktubla bildirilmişdir ki, ünvanında və doğum tarixində fərq var, orderin arxiv nüsxəsi aşkar edilməmiş, 2125 A saylıl bağa dair digər şəxsin adına məlumat mövcuddur, sənəd üzrə 0.12 ha olsada faktiki olaraq 0.1040 ha təşkil edir bu səbəblərdən ərizənin icrasından imtina edilmişdir. Qeyd edir ki, bağ sahəsinə dair bu günə qədər heç bir mübahisə yoxdur, azalmayada etirazı yoxdur, 0.1040 ha kimi qeydiyyata alınmasına etiraz etmir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun bağ sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində 133 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, hüquq sahibinin ünvanı ünvan 2aşayan hüquq sahibi İddiaçı təvəllüdü arxivdə olan 1980-ci il tarixli arayışda 1937-ci il qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən etibarnamədə isə İddiaçı təvəllüdü 1958-ci il kimi qeyd edilmişdir. Bundan başqa, təqdim edilmiş orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda, Ləhiş bağ massivində “2125 a” saylı bağa dair digər şəxsin adına məlumat mövcuddur və həmin şəxsin İdarəyə müraciəti mövcuddur. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi digər 2124 saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin yaxınlığından (3 metr) orta təzyiqli qaz xətti keçir. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin ümumi ölçüsünün 0.1040 ha olduğu məlum olmuşdur və torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-48- 2F/2-Ə-03837/2023 saylı məktubu ilə iddiaçıya təqdim edilmiş Bakı şəhər X1 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahələriin verilməsi (Birliyinin komissiyasının bağ məsələlərinə baxılması haqda yığıncağın protokoli № 12 “22” noyabr 1989-cu ildən) xx.xx.1989-cu il tarixli , 14/519 №-li qərarından çıxarışından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 №-li və Bakı Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarlarına əsasən Bakı şəhər X1 İcraiyyə Komitəsinin qərarı ilə 133 №-li BTK-dən 50 nəfərə bağ-torpaq sahələrinin ayrılması və bu bağ-tikinti kooperativlərinin tərkibinin təsdiq olunması qərara alınmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 14/159 №li qərarına əsasən 10 №li Əlavəsində müəyyən olunmuş Ləhic 133 №li bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq olunmuşdur:
6. İddiaçı Bakı şəh. 8-ci mikr. Binəqəıdi şossesi, 20, mən. 32. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 133 №li Bağ Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş 6 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 133 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2125 a №li bağ sahəsi ayrılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********29 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125 A saylı bağ sahəsinə dair sənəd, eləcə də həmin bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarı ilə 133 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adı göstərilmişdir. Həmin BTK-nın yerləşmə sxemində 2125 a saylı bağ sahəsi öz əksini tapmamışdır. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125 A saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha və faktiki olaraq 0,1040 ha təşkil edir. Bağ sahəsinin sərhədləri şərtidir. Döngə nöqtələrinə 1 ədəd mişar daşı qoyulmuşdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümükn olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 23457/2024 №-li, cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində 133 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, hüquq sahibinin ünvanı ünvan 2aşayan hüquq sahibi İddiaçı təvəllüdü arxivdə olan 1980-ci il tarixli arayışda 1937-ci il qeyd edilmişdir. Təqdim edilən etibarnamədə isə İddiaçı təvəllüdü 1958-ci il kimi qeyd edilmişdir. Bundan başqa, təqdim edilmiş orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda, Ləhiş bağ massivində “2125 a” saylı bağa dair digər şəxsin adına məlumat mövcuddur. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi digər nömrəli bağın və bölünənlərinin ərazisinə düşür. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha, faktiki isə 0,1040 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,1040 ha olan 2125A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:
1. Bağ sahəsinə dair orderin arxivdə aşkar edilməməsi;
2. BTK-nin sxemində bağ nömrəsinin aşkar olunmaması və elektron kadastr baza məlumatlarına əsasən mübahisə predmeti olan bağ torpaq sahəsinin bağların bölgüsünə daxir sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125A saylı bağa dair digər şəxsin adına məlumat mövcud olması;
4. İddiaçı arxiv sənədlərində təvəllüdlünün 1937-ci il kimi qeyd edilməsi; Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibətdə qeyd edir ki, doğrudur ki, hazırki mərhələdə iddiaçının məhkəmə icraatı zamanı təqdim etmiş olduğu Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 133 №-li kooperativi tərəfindən verilmiş order aidiyyəti orqanların arxivində aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Eyni zamanda qeyd edilməlidir ki, həmin hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, hüquqmüəyyənedici sənədlərin arxivdə saxlanılması iddiaçının vəzifə səlahiyyətlərinə aid deyildir. Bundan əlavə, sənədin əsli də cavabdehə təqdim edilmişdir ki, onun mötəbərliyini şühbə altına alan hər hansı hal da aşkar edilməmiş, imtina arxivdə orderin olmaması ilə əlaqədar olmuşdur. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi order aidiyyəti qurumların arxivində aşkar olunmasa da, orderin verilməsinə əsas olan və orderdə istinad olunan Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı mövcuddur. Belə ki, iddiaçının müvafiq müraciəti əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-48-2F/2-Ə-03837/2023 saylı məktubu ilə Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı təqdim edilmişdir. Bununla bağlı isə nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Belə ki, iş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı, eləcə də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş Ləhiş Bağlar sahəsində 133 №li Kooperativinə aid 6 saylı orderdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 2125A nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. İş üzrə materiallardan görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı, eləcə də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş Ləhiş Bağlar sahəsində 133 №li kooperativə aid 6 saylı orderi cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı və eləcə də həmin qərar əsasında verilmiş 06 saylı order qüvvədədir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmiş və eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olaraq yaşayış və istifadə üçün müvafiq infrastruktur yaratmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi - BTK-nin sxemində bağ nömrəsinin aşkar olunmaması və elektron kadastr baza məlumatlarına əsasən mübahisə predmeti olan bağ torpaq sahəsinin bağların bölgüsünə daxir sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi münasibətində isə məhkəmə diqqətə çatdırır ki, ilk növbədə qeyd olunmalıdır ki, 133 nömrəli BTK-nın yerləşmə sxeminin mübahisə predmeti olan 2125A saylı bağ nömrəsinin aşkar olunmaması, aidiyyəti qurumun arxivinə təhvil verilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Lakin, iş materiallarına da əlavə edilmiş məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********29 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarı ilə 133 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adı göstərilmişdir, eyni zamanda həmin BTK-nın yerləşmə sxemində 2125a saylı bağ sahəsi öz əksini tapmamışdır. Belə olan halda məhkəmə sxematik xəritə ilə bağlı uyğunsuzluqla əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə də olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125A saylı bağa dair digər şəxsin adına məlumat mövcud olmasına münasibətdə isə qeyd edir ki, məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********29 saylı cavab məktubuna istinadən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125A saylı bağ sahəsinə dair sənəd, eləcə də həmin bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia olunan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125A saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatından digər şəxslərin müraciətinin olması əsası ilə imtina edilə bilməz. Əlavə olaraq mübahisə predmeti olan bağ-torpaq sahəsi üzərində digər hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və iddiaçı tərəfindən iddia olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinasına istisna etmir. Yekun olaraq məhkəmə İddiaçı arxiv sənədlərində təvəllüdlünün 1937-ci il kimi qeyd edilməsi ilə bağlı münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqanın mövqeyi tamamilə yanlışdır. Belə ki, müvafiq icra hakimiyyətinin qərarının o cümlədən orderin tərtib olunması iddiaçının deyil, bağ sahəsinin ayrılması barədə qərar qəbul edən idarənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq sənədlərdə iddiaçının təvəllüdlününü yanlış qeyd eilməsi, eləcə də vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Son olaraq Məhkəmə qeyd etmək istəyir ki, bağ sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az təşkil etməsi isə iddiaçının hazırki mərhələdə bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 0,12 ha təşkil etsə də, onun istifadəsində olan bağ sahəsinin ölçüsü 0,1040 ha təşkil etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək bağ sahəsinin məhz 0,1040 ha hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Belə olan halda cavabdehin imtina məktubunda göstərdiyi 4 əsas aradan qalxmış olur. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla, bağ sahəsinə dair orderin arxivdə aşkar edilməməsi, BTK-nin sxemində bağ nömrəsinin aşkar olunmaması və elektron kadastr baza məlumatlarına əsasən mübahisə predmeti olan bağ torpaq sahəsinin bağların bölgüsünə daxir sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2125A saylı bağa dair digər şəxsin adına məlumat mövcud olması və İddiaçı arxiv sənədlərində təvəllüdlünün 1937-ci il kimi qeyd edilməsi və sair əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Hazırkı halda, iddiaçının iddiası torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından ibarət olduğundan, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin müddəalarına əsasən mübahisəli torpaq sahəsinə dair onun adına “torpaq sahəsinin planı və ölçüsü”də tərtib edilməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı və Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 133 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 06 №-li order əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,1040 ha-dan ibarət 2125 a saylı bağ torpaq sahəsinə dair xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev