Məhkəmə qərarları › İş №2-1(112)-11256/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11256/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11256/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və aylıq əməkhaqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsaslanan xx.xx.2024-cü tarixli, 174- nömrəli əmrin ləğv edilməsi; işə bərpa olunmağı, onunla cavabdeh arasında bağlanmış müqavilənin müddətsiz hesab edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının; əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 yanvar 1997-ci il tarixdən 2014-cü ilə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin (Xidmətinin) nəznində fəaliyyət göstərən Lənkəran rayon Mənzil-İstismar hissəsində mənzil fondu üzrə aparıcı mühəndis vəzifəsində çalışmışdır. Sonradan 14 avqust 2014-cü il tarixdə Müdafiə Naziriyinin Mənzil İstismar İdarəsinin əmri ilə Lənkəran rayon Mənzil- İstismar hissəsi Lənkərandan Beyləqana köçürülmüşdür. İdarə Beyləqana köçürüldükdən sonra adı dəyişdirilərək Beyləqan rayon Mənzil istismar hissəsi olmuşdur. İşini Beyləqan rayon Mənzil istismar hissəsində 14 avqust 2014-cü il tarixdən 18 may 2022-ci il tarixədək mənzil fondu üzrə aparıcı mühəndis vəzifəsində çalışmışdır. 18 may 2022-ci il tarixdə rəhbərliyin göstərişi ilə Beyləqan rayon Mənzil İstismar hissəsində işlədiyi vəzifədən azad olunaraq, Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin mənzil bölməsində aparıcı mühəndis müfəttiş vəzifəsinə təyin olunmuşdur. Rəhbərliyin tapşırığı ilə əmək müqavilələri müddətli bağlanmışdır (2 il müddətinə). Tutduğu vəzifələrdə həmişə vicdanla çalışmış, barəsində hər hansı intizam məsuliyyəti müəyyən olunmamışdır. Əksinə rəhbərlik tərəfindən barəsində dəfələrlə təşəkkür elan edilmişdir. Bundan əlavə Vətən uğrunda gedən döyüşlərdə şəxsi heyətin məişət şəraiti yaxşılaşdırmaq məqsədi ilə Cəbrayıl, Füzuli, Hadrud istiqamətlərində Mənzil istismar Xidmətləri üzrə döyüş zamanı verilən tapşırıqları yerinə yetirilməsi üçün ərazilərdə fəaliyyət göstərmişdir. May ayında məzuniyyətə çıxmışdır. Məzuniyyət müddəti bitdikdən sonra səhəttində yaranmış problem ilə əlaqədar məcburi 1 həftəlik xəstəlik vərəqəsi açdırmışdır. Xəstəlik vərəqi bağlandıqdan sonra işə qayıtmış və iki gün işləmişdir. 2 gündən sonra kadrlar şöbəsi ona bildirmişdir ki, əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə cavabdeh qanunsuz və əsassız olaraq xitam vermişdir. Cavabdehin 28 iyun 2014-cü il tarixli, 174 saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 4096 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü) şəxsi işinin, eyni zamanda xx.xx.2014-cü il tarixli, 174 saylı əmr və qəbul edilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 141 saylı xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı 18 may 2022-ci il tarixdən mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi vəzifəsinə 1 (bir) ay sınaq müddəti ilə işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə əsasən ödənilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 1798 saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin qurtarması haqqında xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. Bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəyi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən işdən azad edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 174 saylı xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqviləsinin müddətinin qurtarması) əsasən 28 iyun 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əvvəlcədən istifadə etmədiyi (xx.xx.2024-xx.xx.2024-ci il iş ili üçün) əsas məzuniyyətə görə 3,25 təqvim günü üçün pul əvəzi və son haqq-hesabı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad olunacaq mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi İddiaçı barədə təyin edilmiş “Fərdi əmək mübahisələrin baxılması” üzrə komissiyası, xidməti rəisinin müavini - baş mühəndis vəzifəsini icra edən polkovnik-leytenant X2, xidmət rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə polkovnikleytenantı X4, şəxsi heyətin uçotu bölməsinin kadrlar üzrə mütəxəssisi X6, maliyyə bölməsinin mühasibi X3, Mənzil-İstismar Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin sədri X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Mənzil-İstismar Xidməti rəisinin 16 aprel 2024-cü il tarixli 59 nömrəli əmrinə əsasən mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi İddiaçı xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin bitəcəyini nəzərə alaraq onunla Mənzil-İstismar xidmətinin rəisi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi barədə işçiyə xx.xx.2024-cü il tarixli 1798 №-li “Xəbərdarlıq” təqdim olunmuşdur. Dəfələrlə “Xəbərdarlıq” vərəqəsi ilə tanış olması barədə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı “Xəbərdarlıq” vərəqəsini imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. İddiaçı və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi arasında bağlanılmış 236 saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarından:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən:

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə müəyyən edir ki, hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək hüquqlarının müdafiəsi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etməklə səlahiyyətli ümumi məhkəməyə müraciətdir. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar