Məhkəmə qərarları › İş №2-1(112)-11257/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11257/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11257/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük dəyərinə düzəliş edilməsi barədə sənədin ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, GDD********** nömrəli “Gömrük dəyərinə düzəliş (GDD-1)” barədə sənədin ləğv edilməsi, xx.xx.2024-cü il tarixli, **********4721 sorğu nömrəli bəyannamədə göstərilən gömrük dəyəri əsasında gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC plastik məhsulların istehsalı ilə məşğuldur. Şirkət öz fəaliyyətini həyata keçirmək üçün Çin şirkəti X2 X1 X3, Shaanxi Province ilə plastik qabların istehsalı üçün xammalın göndərilməsi ilə bağlı müqavilə bağlamışdır. Ölkəyə gətirilmiş malların rəsmiləşdirilməsi üçün xx.xx.2024-cü il tarixində **********4721 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Bəyannamədə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar barəsində tələb olunan məlumatları əks etdirilmiş və gömrük orqanına təqdim edilmişdir. Lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən malların gömrük dəyərinə əsassız şəkildə düzəlişlər edilmiş və bu barədə xx.xx.2024-cü il tarixli GDD********** № li “Gömrük dəyərinə düzəliş (GDD-1)” barədə sənəd verilmişdir. Təqdim edilmiş sənəddə növ nömrəsi 20, 32 olan hesablanma üzrə ümumilikdə yaranmış fərq 2786,13 manat təşkil edir. Məhkəmənin diqqətinə çatdıraraq bildirmək istəyir ki, edilmiş düzəlişlər qanunsuzdur və gömrük orqanı tərəfindən müəyyən edilmiş dəyərlər qeyri-real olmaqla şişirdilmiş kəmiyyətləri ifadə edir. Belə ki, bəyannaməçi orqan tərəfindən tərtib edilmiş bəyannamədə gömrük ödənişlərinin hesablanması açıq şəkildə göstərilmiş və malların gömrük dəyərləri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilmişdir. Həmçinin hesablanmış ödənişlərə gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və digər haqlar barədə qanun normasının tələbləri gözlənilməklə riayət edilmişdir. Göstərilən dəyərlərin hər biri işə əlavə edilmiş invoice məlumatları və digər qoşma sənədlərdə əksini tapmaqdadır. Lakin qeyd edilənlərə rəğmən, gömrük orqanı qanunsuzluğa yol verərək gömrük bəyannaməsi əsasında rəsmiləşdirilməni həyata keçirmir. Hal-hazırda plastik qabların istehsalı üçün alınan xammallar Bakı Baş Gömrük İdarəsində saxlanılır. Bu isə şirkətə ciddi ziyan vurmaqla onun fəaliyyətinin dayandırılmasına səbəb olur. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il məktubda bildirilmişdir ki, iddiaçının bəyanına əsasən cavabdehə təqdim edilmiş **********4721 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiqlənmiş, gömrük rəsmiləşdirilməsi aparılmaqla mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, işin mahiyyəti üzrə mübahisə öz həllini tapmışdır.

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatəti, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

6. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar